XX əsrin ən yaxşı 10 ixtirası
Elm

XX əsrin ən yaxşı 10 ixtirası

İndi biz həyatı elektriksiz, avtomobilsiz, dərmansız və əlbəttə ki, internetsiz təsəvvür edə bilmirik. Sənayeləşmə dövrü bizə hansı texnoloji irəliləyişləri və elmi kəşfləri gətirdi?

XX əsr insanların həyatını köklü surətdə dəyişdirən dahiyanə kəşfləri və ixtiraları sizə təqdim edirik.

1. Nüvə enerjisi

Bəşəriyyət ətraf mühiti çirkləndirmədən, səmərəli və praktiki olaraq qeyri-məhdud enerji mənbəyini kəşf etdi. Təəssüf ki, eyni enerji mənbəyi tarixin ən dağıdıcı silahını yaratmaq üçün istifadə edilə bilər. Bununla belə, nüvə enerjisinin ümumi müsbət təsirini inkar etmək mümkün deyil. Təhlükəsiz işlədildikdə, atom elektrik stansiyaları həqiqətən əla və sərfəli enerji mənbəyidir və nəhəng əraziləri enerji ilə təmin edə bilir. Yeganə sual budur ki, insan oğlu gələcəkdə bu qüvvənin öhdəsindən gələcək qədər yetkindirmi?

2. Fərdi kompüterlər

Bu gün dünyamızı kompüterlərsiz təsəvvür etmək çətindir: onlar hər yerdədir və biz onlardan o qədər asılı olmuşuq ki, noutbuk sanki əllərin təbii uzantısı kimi görünür. Bəziləri üçün fərdi kompüter tam hüquqlu ofis və iş aləti, bəziləri üçün isə musiqi, film və oyunlarla bütöv bir əyləncə mərkəzidir. Onlarsız əcdadlarımızın necə yaşadıqlarını başa düşmək çətindir, elə deyilmi?

3. Təyyarə

Təyyarələrin yaranması dünyamızı daha da kiçik etdi. İndi insan bir neçə saat ərzində dünyanın istənilən yerinə uça bilir. Aviaşirkət sənayesi yalnız səyahətləri sürətli və təhlükəsiz etməklə kifayətlənməyib, həm də kənd təsərrüfatında tozlanmadan tutmuş meşə yanğınlarının söndürülməsinə, poçtların daşınmasından tutmuş müxtəlif təyinatlı məhsulların çatdırılmasına qədər bir çox digər xidmətləri də təqdim edir.

4. Avtomobil

Avropada hələ XIX əsrdə avtomobil inkişaf mərhələsində olsa da, XX əsrə qədər o, praktik və etibarlı nəqliyyat vasitəsi ola bilməmişdi. XX əsrdə at və araba anaxronizmə çevrildi. Bu, həm də bazarda bir inqilaba səbəb oldu və birdən-birə daşınması mümkün olmayan malların daşınmasını mümkün etdi. Üstəlik, Henri Fordun istehsal tərzi avtomobili orta təbəqə üçün münasib etdi (Fordun modeli 1908-ci ildə təqdim olunmazdan əvvəl, yalnız inanılmaz dərəcədə varlılar avtomobil ala bilirdi). Avtomobil hər kəsə əcdadlarımızın xəyal edə biləcəyi hərəkətlilik və şəxsi azadlıq verdi.

5. Raket texnologiyası

Raket ilk dəfə üç min ildən də çox əvvəl Çində icad edilməsinə və o vaxtdan bəri yunanlar və romalılar tərəfindən vaxtaşırı istifadə olunmasına baxmayaraq, o, yalnız 20-ci əsrdə göz qamaşdıran əyləncədən daha çox şeyə çevrildi. XX əsrdə raketlər daha böyük və daha güclü oldu. Ən əsası, onlar idarə oluna bilən hala gəldi və onları həm müharibə silahları, həm də daha da əsası, kosmosa çıxış vasitəsi kimi faydalı etdi. Raket olmasaydı, əminliklə demək olar ki, biz Aya və digər kosmik obyektlərə getməzdik. Raketlər həmçinin peykləri planetimizin ətrafında orbitə çıxarmasaydı, biz GPS-dən istifadə edə, havanı proqnozlaşdıra, beynəlxalq zənglər edə və mobil telefonlarımızdan istifadə edə bilməyəcəkdik.

6. Sualtı qayıq

Keçmişdə sualtı qayıqlardan istifadə olunsa da və ilk həqiqi sualtı qayıq 1880-ci illərdə icad edilsə də, müasir sualtı qayıq yalnız XX əsrdə öz müasir formasını alıb. Bu gün sualtı qayığa faktiki olaraq qeyri-məhdud üzmə məsafəsi və dözümlülük bəxş edən nüvə enerjisinin meydana çıxması ilə, o, dünyanın bütün güclü donanmalarında əsas döyüş gəmisinə çevrilib və beləliklə, keçmişdəki dəniz müharibəsini faktiki olaraq köhnəldib.

7. Antibiotiklər

Alexandr Fleming 1928-ci ildə penisilini kəşf edənə qədər, demək olar ki, istənilən infeksiya potensial olaraq ölümcül idi. Penisilin və daha sonra bir sıra digər antibiotiklərin meydana çıxması ilə bakterial infeksiyadan ölüm nadir hala gəldi, nəticədə ölüm nisbətləri əhəmiyyətli dərəcədə azaldı və gözlənilən ömür uzunluğu artdı. O, həmçinin keçmişin bir çox xəstəliklərini, məsələn, çiçək və tif qızdırmasını köhnəlmiş və ya ən azı asanlıqla müalicə edilə bilən bir şey etdi.

8. Televiziya

1926-cı ildə Con Logie Berd tərəfindən icad edilən televiziya, bütün dünyada insanların həyatına təsir edən ilk ixtiralardan biri olub və bu günə qədər informasiya əldə etmək üçün ən populyar üsul olaraq qalır. Həm xəbərlər, həm də əyləncələr yayımlayan televiziya mədəniyyətimizi tanınmaz dərəcədə dəyişdirən tamamilə yeni sənayelər yaratdı.

9. İnternet

İnternet, 1950-ci illərin sonlarında ilk internet bağlantıları qurulandan bəri bütün dünyada həyat tərzinə inanılmaz dərəcədə təsir göstərmişdir. Təhsil, ticarət, elm, incəsənət, musiqi, rabitə, müasir media və səyahət - bütün bunları hazırda internetsiz təsəvvür etmək mümkün deyil.

10. Radio

Bu gün, radio avtomobili idarə edən sürücünü oyaq saxlamaq üçün bir vasitə kimi faydalı görünür. Halbuki bir vaxtlar radionun mövcudluğu bugünkü kompüter və mobil telefon kimi həyati əhəmiyyət kəsb edirdi. Radionun yaranması XX əsrdə hadisələrə və insanların həyatına ifadə edilə bilməyəcək qədər güclü təsir etmişdir.

N.Mustafayev,

"Respublika"