Hacı Zeynalabdin Şirvani Coğrafiyaşünas alimin, səyyahın elmi-nəzəri fəaliyyəti
Elm

Hacı Zeynalabdin Şirvani Coğrafiyaşünas alimin, səyyahın elmi-nəzəri fəaliyyəti

Məşhur səyyah Hacı Zeynalabdin  Şirvaninin  sağlığında onun tarixi-coğrafi elmi fəaliyyəti haqqında kifayət qədər məlumat verilib. XIX əsrdə yaşamış görkəmli Azərbaycan alimi A.A.Bakıxanov hətta onun hansı dildə yazdığını və harada anadan olduğunu, neçə yaşında Kərbəlaya aparıldığını, kimlərlə  təmasda olduğunu və nəhayət, nə vaxt ailə qurduğu haqqında faktları qeyd edib. Əlbəttə, bu məlumatlar görkəmli səyyahın milli-ictimai mahiyyəti, xüsusilə milli-təkamül dinamikasının tarixiləşməsi   üçün olduqca vacib göstəricilərdir. 

A.A.Bakıxanov  H.Z.Şirvaninin səyahətləri haqqında məlumat verərkən qeyd edir ki, "o bir müddət İraq-Əcəm, Gilan, Şirvan, Muğan və Azərbaycanda olmuşdur. Bu regionların bir çox tanınmış, məşhur alimləri və möhtərəm şəxsləri ilə  söhbətləri, həmçinin dünya coğrafiyası haqqında elmi ideyaları haqqında məlumatlar toplayıb".

A.A.Bakıxanovun  H.Z.Şirvaninin həyatı və səyahətləri haqqındakı fikirləri səyyahın öz əsərlərindən götürüldüyü üçün qiymətlidir. Eyni zamanda ona görə qiymətlidir ki, Abbasqulu Ağa Bakıxanovun ilk dəfə olaraq bu məlumatları həm fars, həm də rus dillərindəki qeydləri böyük alimin həyatı, səyahətlərinin elmi dəyərləri haqqında dünya elm ictimaiyyətində geniş təsəvvür yaratmışdır.

H.Z.Şirvaninin bir coğrafiyaşünas alim-səyyah kimi tanınmasında və onun haqqında fikirlərin formalaşmasında Azərbaycanın XX əsr görkəmli coğrafiyaşünası professor N.Kərəmovun fikirləri, ilk növbədə  onun dünya səyahətlərinin real xəritə-sxemini hazırlaması diqqətəlayiqdir.

Şirvani tanınmış səyyah və alim kimi Azərbaycan tədqiqatçıları ilə yanaşı, qabaqcıl rus alimlərinin, o cümlədən rus şərqşünaslarının diqqətini cəlb etmişdir. Xüsusilə, H.Z.Şirvani ilə çox maraqlananlardan birincisi, onun müasiri, məşhur şərqşünas alim N.V.Xanıkov olmuşdur. Hətta  A.A.Bakıxanovun həyat yoldaşı Səkinə xanımın Asiya muzeyinə bağışladığı "Riyazus-səyahə" əsəri ilə tanış olduqdan sonra onun müəllifinin dünyada daha yaxşı tanınması üçün çalışacağına söz vermişdir.

Rus alim H.Z.Şirvaninin səyahətlərinin əhəmiyyətindən yazarkən  qeyd edir ki, onun gördükləri və bildikləri Avropa səyyahlarına müyəssər olmayıb.  Həmçinin qeyd edir ki, H.Z.Şirvani dünya miqyasında müxtəlif islam təriqətlərinin sirlərini və milli-coğrafi xüsusiyyətlərini açmağa və coğrafi-tarixi təhlilini verməyə çalışmışdır. Məşhur keçmiş sovet alimi akademik İ.Y.Kraçkovsovski yazır: "Zeynalabdin Şirvani böyük bir həvəsin təsiri altında köçəri bir dərvişə çevrilir və müxtəlif ölkələri gəzir". O biliyə böyük maraq göstərir. Həqiqətən müəllif bir çoxlarından fərqli olaraq, fanatizmdən uzaq olub. Hətta o Avropa səyyahları ilə mütəmadi olaraq görüşər və onlarla dünya coğrafiyasının formalaşması haqqında fikir mübadiləsi aparardı.

Dünya coğrafiyasının formalaşması və təkamül problemlərinə dair əsaslı fikirləri olan N.N.Mikluxo-Maklay H.Z.Şirvanini Yaxın və Orta Şərq dünyasının klassik coğrafiyaşünası kimi qiymətləndirib.

Coğrafiyaşünas Şirvani öz zəmanəsində xarici ölkələrdə də yaxşı tanınmış və hörmət qazanmışdır. Onun müasiri, görkəmli İran alimi Rzaqulu xan Hidayət öz əsərlərində ondan  ayrıca bəhs etmiş,  şəxsiyyəti, əsərləri və gəzdiyi yerlər haqqında müxtəlif məlumatlar verib, onun yoxsul insanların tərəfdarı olduğunu, müxtəlif tayfa və xalqlarla görüşdüyünü, hətta yaxşı şair olduğunu bildirmişdi. Bu xüsusiyyətlərinə görə R.Hidayət  H.Z.Şirvani haqqında söz açarkən mübaliğəsiz olaraq  onu "ariflərin iftixarı" adlandırmışdır. Dünya səviyyəli tanınmış klassiklərin yazdıqlarına görə həqiqətən Şərqin yetişdirdiyi bu böyük alimlə həmişə fəxr etmişlər. H.Z.Şirvaninin adı uzun illərdən bəri dövrünün qabaqcıl siyasi, elm və mədəniyyət xadimləri sırasında çəkilib və indi də  unudulmur. Eyni zamanda  araşdırmaçılar onun əsərlərindən öz tədqiqat işləri üçün bir mənbə kimi istifadə etmişlər. Səyyahın tarixi salnaməsi kimi qoyub getdiyi irsin əhatə dairəsi olduqca çoxsahəlidir. Hazırda həmin mənbələr, o cümlədən Azərbaycan xalqının, həmçinin Qədim Asiya və Afrika ölkələri xanlıqlarının tarixini,  mədəni irsini öyrənmək üçün olduqca qiymətli arxivdir. Hətta dünya miqyasında ictimai təkamül dinamikasına başlayan Asiya və Afrika ölkələri ilə dostluq əlaqələri yaratmaq üçün  H.Z.Şirvaninin ideyalarının tarixi əhəmiyyəti dəyərli rol oynamışdır. Yəni sadə klassik dünyaşöhrətli coğrafiyaçı-filosof Şirvaninin qoyub getdiyi irsi-mahiyyət dərinliyi ilə milli çərçivəni aşıb keçmişdir. Bu baxımdan, onun adı doğma vətəni Azərbaycandan - Şirvan mahalından çox-çox uzaqlarda şöhrət tapmışdır.

Azərbaycanın tanınmış ədəbiyyatşünası Firudinbəy Köçərlinin əsərlərində də çox qiymətli, milli-tarixi dəyərlərə malik məlumatlar H.Z.Şirvani coğrafiyaşünaslığının zənginləşməsinə səbəb olmuşdur. Qeyd olunur ki,  Şirvani bir çox ölkələrin tarixi-coğrafi aspektlərini və təkamül yollarının ilkin milli-tarixi istiqamətlərini müəyyənləşdirib.

Qeyd etmək lazımdır ki, klassiklər səyyahın elmi ideyalarını hərtərəfli və tarixi aspektdə yüksək qiymətləndirmiş, onun qoyub getdiyi irsə çox böyük qiymət vermişlər. Məsələn, klassiklərin bəzilərinin yazdığı kimi, "Azərbaycanlı  Zeynalabdin Şirvani Qafqaza, İrana, Türkiyəyə və Hindistana səyahət etmiş və səyahət zamanı bu ölkələr haqqında öz müşahidələrini ətraflı təsvir etmişdi.

Azərbaycan elm tarixində tanınmış məşhur professor F.Qasımzadə öz əsərlərində H.Z.Şirvaninin adını çəkir, onun məşhur coğrafiyaşünas-alim və şair olduğunu göstərir,  onun "Vəhdəti Vücud" haqqındakı qeydlərindən bəhs edir. O yazır ki, H.Z.Şirvani hər bir məsələni "Vəhdət Vücudiyyən əqidəsi nöqteyi-nəzərindən həll etməyə çalışmışdır". F.Qasımzadənin, həmçinin Azərbaycanın tarixi klassikləri A.A.Bakıxanovun və M.F.Axundovun yaradıcılığına həsr etmiş tarixi-poetik əsərlərində H.Z.Şirvaninin ömür salnaməsinin milli dəyərləri yenidən canlandırılıb.

Azərbaycanda Xəzər dənizinin tarixi coğrafiyası haqqında biliklərin  formalaşması məsələsində tanınmış professor Q.K.Gülün məqalələrində H.Z.Şirvaninin Xəzər dənizi və onun dünya xəritəsində həm də göl kimi fikirləri olduqca maraqlıdır. Alim qeydlərində real olaraq göstərir ki,  H.Z.Şirvani bir   neçə dəfə Azərbaycanda olmuşdur. Eyni zamanda Xəzər dənizinin coğrafi mövqeyi, hidroloji ölçüləri haqqında ilkin məlumatları qeyd edibdir. H.Z.Şirvaninin adını görkəmli mütəfəkkirlər cərgəsində çəkməsi Gülün yaradıcılığına şərəf gətirmişdir. Qeyd etmək lazımdır ki, Şirvaninin Azərbaycanda bir mütəfəkkir coğrafiyaçı kimi öyrənilməsində və onun dünya coğrafiyasının müasir geotektonik arxitektor formalaşmasında fikirlərinə dair tədqiqatlar aparılmışdır. 

Qeyd etmək lazımdır ki, H.Z.Şirvaninin ibrətamiz və mənalı həyatı gənclərimizə gözəl nümunədir. Onlarda fədakarlıq, cəsarət, vətənpərvərlik, vətənə məhəbbət, elmə, biliyə böyük maraq hissi oyadır. Görkəmli səyyah-alim H.Z.Şirvaninin yalnız Yaxın, Orta və Uzaq Şərq aləmində məşhur olduğunu söyləmək doğru olmaz,  bu böyük mütəfəkkirin adı Avropa ölkələrində də hörmətlə çəkilmişdir. Bunun üçün Böyük Britaniya muzeyindəki ərəb, fars əlyazmaları kataloqunu tərtib etmiş ingilis alimi Ş.Rionun fikirlərini nəzərdən keçirmək kifayətdir. Ş.Rio H.Z.Şirvanini böyük təcrübəyə malik görkəmli səyyah adlandıraraq yazır ki, o Mərakeşdən Benqala, Rumletdən Yəmənə qədər gəzmişdir. H.Z.Şirvani dünya hökmdarları, görkəmli din xadimləri tanınmış şəxsiyyətlərlə şəxsən görüşmüş və həmsöhbət olmuşdur.  H.Z.Şirvaninin öz əsərlərində dünya coğrafiyası ilə bərabər, müxtəlif dinlər, təriqətlər haqqında verdiyi məlumatlar da qədim müsəlman dünyası üçün olduqca maraqlıdır. Eyni zamanda onun dünyagörüşünü öyrənmək və tarixiləşdirmək üçün ilkin dəyərli məlumat rolunu oynamışdır. Onun hansı coğrafi məkanda olmasından asılı olmayaraq gəzdiyi yerlərin kənd təsərrüfatı və nəbatət elmi ilə maraqlanması, tarixi, meyvəsi, suyu, torpağı və s. haqqında verdiyi məlumatlar buna canlı misaldır.

Beləliklə, dünya coğrafiya  elminin klassiklərindən biri  hesab olunan Hacı Zeynalabdin Şirvani Azərbaycanın elm və mədəniyyət tarixində dəyərli yerlərdən birini tutur. O dünya şöhrəti qazanmış səyyah və ensiklopedik alim olub. Səyyah-alimin zəngin tarixi, fəlsəfi, coğrafi, ədəbi irsi və şəxsiyyəti haqqında dünya elm aləmində tam təsəvvür yaratmaq üçün hələ çox yazılmalıdır. Doğrudan da onun qiymətli tarixi, coğrafi, ədəbi irsi, fəlsəfəyə, etnoqrafiyaya aid qiymətli ideya və fikirlərinin  bundan sonra öyrənilməsi müasir Azərbaycan elmi qarşısında duran əsas vəzifədir. Çünki  H.Z.Şirvaninin klassikliyi ondan ibarətdir ki, o yalnız səyahət etməklə kifayətlənməmiş, eyni zamanda həmin coğrafi məkanlarda ciddi tədqiqat və yaradıcılıq işləri ilə məşğul olmuşdur. Onun əsas məqsədi dünya elminə fayda verə bilən əsərlər yazmaq, özündən sonrakı nəsillərə qiymətli elmi-ictimai tarixi yadigar qoymaq olmuşdur. 

Onun əsərlərinin yazılmasından iki əsr keçməsinə baxmayaraq, hələ də doğma dilinə tərcümə edilməyib. Güman edilir ki, öz vətənini sevən və elmə dəyər verən alimlərimiz bu vəzifənin öhdəsindən gələcəklər.

Z.EMİNOV,

coğrafiya elmləri doktoru,  professor,

A.T.HAQVERDİYEV,

coğrafiya üzrə fəlsəfə doktoru, dosent.