Komitə sədrinin müavini: Azərbaycan və qırğız xalqları tarix, dil, mədəni dəyərlər baxımından bir-birinə sıx bağlıdır
Diaspora

Komitə sədrinin müavini: Azərbaycan və qırğız xalqları tarix, dil, mədəni dəyərlər baxımından bir-birinə sıx bağlıdır

Bişkek şəhərində Qırğızıstan Xalq Assambleyasının 30 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Respublika”ya bildiriblər ki, tədbirdə 100-dən çox milli və etnik azlıq nümayəndəsi, həmçinin Azərbaycan, Qazaxıstan, Rusiya və Özbəkistandan yüksək səviyyəli qonaqlar iştirak ediblər.

Qırğızıstanın Dövlət katibi Suyunbek Kasmambetov Prezident Sadır Japarovun iştirakçılara müraciətini oxuyub. O, dövlət dilinin və çoxdilliliyin inkişafının ölkə hakimiyyəti üçün prioritet məsələlərdən biri olduğunu bildirib. O, gələcəkdə Assambleyanın dövlət-ictimai təşkilat kimi hüquqi statusunun müəyyənləşdirilməsinin nəzərdə tutulduğunu söyləyib. Qırğızıstan Xalq Assambleyasının 1994-cü il yanvarın 22-də Qırğızıstan xalqının ilk qurultayında təşkil olunduğunu və o vaxtdan xalqın birliyinin möhkəmlənməsinə, millətlərarası münasibətlərin inkişafına, vətəndaş bərabərliyinin formalaşmasına töhfəsini verdiyini vurğulayıb.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Vaqif Seyidbəyov Azərbaycan və qırğız xalqlarının tarixi, dili, dini və mədəni dəyərləri baxımından bir-birinə sıx bağlı olduğunu, Xalq Assambleyasının ölkə ərazisində yaşayan xalqlar, o cümlədən azərbaycanlılar üçün siyasi, sosial-iqtisadi, konstitusion, mədəni, digər hüquq və azadlıqların qorunmasının təminatçısı qismində çıxış etdiyini bildirib. Müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkələrimiz arasında münasibətlərin yaradılmasını və möhkəmləndirilməsini, Prezident İlham Əliyevin həmin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməsini məmnuniyyətlə vurğulayıb. Son aylar Qırğızıstandakı Azərbaycan diasporunun fəaliyyətində müşahidə olunan canlanmanın dövlətlərimiz arasında münasibətlərin inkişafına töhfəsini verəcəyi əminliklə qeyd edilib.

Tədbirdə Qırğızıstan Xalq Assambleyasının X Qurultayı keçirilib. Qurumun hazırkı sədri Almambet Matubraimov növbəti beş il üçün yenidən Assambleyanın sədri seçilib. Qırğızıstanda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı olan “Birlik” İctimai Birliyinin sədri Xansıvar Baxşəliyev Assambleya şurasına üzv seçilib. Qurultayda Qırğızıstan Xalq Assambleyasının Nizamnaməsi təsdiqlənib, fəal diaspor nümayəndələrinə müxtəlif hədiyyələr verilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin “Diaspor fəaliyyətində xidmətə görə” medalı Qırğızıstan Xalq Assambleyasının sədri Almambet Matubraimova təqdim olunub.

Bununla yanaşı, Qırğızıstan Prezidenti yanında Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiyanın yeni təyin olunmuş sədri Melis Muratəliyevlə görüş keçirilib.

Görüşdə ölkələrimiz və xalqlarımız arasında tərəfdaşlıq və dostluq əlaqələri, beynəlxalq platformalarda qarşılıqlı dəstək aksiyaları, həmçinin dahi yazıçı Nizami Gəncəvinin əsərlərinin qırğız dilinə tərcüməsinin mümkünlüyü barədə fikir mübadiləsi aparılıb.