Xatirələr dünyası – ömür hekayəsi
CƏMİYYƏT

Xatirələr dünyası – ömür hekayəsi

Zaman-zaman dünya mədəniyyət xəzinəsinə töhfələr verən, Aşıq Alı, Dədə Ələsgər, Növrəs İman, Aşıq Aydın kimi ustadlar yetirən Ulu Göyçə təkcə saz-söz sənətinin beşiyi olmayıb, həm də böyük ictimai və siyasi xadimlərin vətəni kimi məşhurdur. Vətənini, elini, obasını canından artıq sevən belə tarixi şəxsiyyətlər arasında Qərbi Azərbaycan torpağının yetirməsi Yunis Rzayevin xüsusi yeri var. Mübaliğəsiz demək olar ki, onun həyat və fəaliyyəti cild-cild kitabların, monoqrafiyaların, tədqiqat əsərlərinin mövzusudur.

Deyirlər, müdriklər, ulular əbədiliyi sağlığında qazanırlar. Yunis Rzayev də belə insanlardan olub. O, hansı rayonda, hansı işdə işləyibsə elə bir iz qoyub ki, tarixin sərt dönəmləri, qasırğaları, tufanları o izləri silə bilməyib. Əksinə, vaxt-vədə ötdükcə, illər illərə qovuşduqca, zaman su kimi axıb uzaqlaşdıqca bu izlər əfsanələşib. Onun həyat yolu xeyirxahlıq, kamillik, mənəvi yetkinlik zirvəsindən keçib.

Yunis Rzayev 60 illik ömrünün 40 ilini xalq təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə üzümçülük və şərabçılığın inkişaf etdirilməsinə sərf etmiş, əməyi ilə şan-şöhrət qazanmışdır. Polad intizamı sevən, özünə və başqalarına eyni dərəcədə tələbkar olan bu şəxsiyyətin sinəsində insanları xoşbəxt, firavan, asudə görmək eşqi ilə dolu bir ürək döyünürdü.

Yunis Qəhrəman oğlu Rzayev 2 may 1924-cü ildə Göyçə mahalında - Basarkeçərin Şişqaya kəndində dünyaya göz açmış, uşaqlıq illəri Göyçə gölünün nəğməli sahillərində, "Sarı nər"in atlas geyimli yamaclarında keçmiş, ana təbiətin, sazın-sözün vurğunu olmuşdur. Doğulub boya-başa çatdığı Şişqaya kəndində təhsil almış, 1943-1946-cı illərdə ordu sıralarında xidmət etmiş, Zaqafqaziya Hərbi Dairəsi nəzdindəki məktəbdə oxumuşdur. Daha sonra kəndə qayıtmış, Ermənistan KP Basarkeçər Rayon Komitəsində təlimatçı kimi işə qəbul edilmiş, 1950-1953-cü illərdə Bakı Dövlət Universitetində təhsilini davam etdirmişdir. Həmçinin 1960-1962-ci illərdə Azərbaycan KP MK nəzdində Ali Partiya məktəbini bitirmişdir.

Qəlbi qurub-yaratmaq eşqi ilə döyünən, vətənini dərin məhəbbətlə sevən bu insan 1950-ci ildən Basarkeçər Rayon Partiya Komitəsində şöbə müdiri vəzifəsinə təyin edilmiş, 1953-cü ildə rayon icraiyyə komitəsinin sədri olmuş, 1957-ci ildə Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdir.

Xalqın etimadını qazanan, ölkə iqtisadiyyatının yüksəldilməsinə böyük səy göstərən Yunis Rzayev 1962-1963-cü illərdə Martuni rayon kolxoz-sovxoz istehsalat idarəsində, 1963-cü ildən 1965-ci ilə qədər Basarkeçər rayon kolxoz-sovxoz istehsalat idarəsi partiya komitəsinin katibi vəzifəsində çalışmışdır. 1965-1966-cı illərdə Basarkeçər Rayon Partiya Komitəsinin birinci katibi, sonrakı illərdə Ermənistan Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədr müavini olmuşdur.

Yunis Rzayev 1954-1959-cu illərdə Ermənistan KP MK üzvlüyünə namizəd, 1959-cu ildə MK üzvü olmuş, Sov. İKP XXIII-XXIV qurultaylarının nümayəndəsi, VII çağırış SSRİ Ali Sovetinin, IV, V, VI çağırış Ermənistan SSR Ali Sovetinin deputatı və respublika Ali Soveti Rəyasət Heyəti sədrinin müavini seçilmişdir.

Y.Rzayev Qərbi Azərbaycanda rəhbər vəzifələrdə işlədiyi vaxtlarda erməni vandallarına qol-qanad açmağa imkan vermirdi. Daşnakların azərbaycanlılara qarşı məkrli niyyətlərini həyata keçirmələrinə hər bir vəchlə mane olurdu. Rayon partiya komitəsinin büro iclaslarında haylara yaxşı "dərs" verir, necə deyərlər, onlar qınından çıxa bilmirdilər. Həmişə müxtəlif sahələrdə azərbaycanlı kadrlara üstünlük verməsi erməniləri narahat edirdi.

Basarkeçərin Babacan kəndinin torpaqları məhsuldar olmadığından əhalisi çox kasıb yaşayırdı. Başqa bir kəndin - Qaraimanın torpağı isə məhsuldar olsa da, əhalisi demək olar ki, zorla köçürülmüşdü. Bunun qarşısını almaq üçün Babacanın əhalisi Qaraiman kəndinə köçürüldü və təsərrüfata rəhbərlik etmək mükəmməl təcrübəyə malik Yunis Rzayevə tapşırıldı. Yunis Rzayev, Qara Məmmədov, Tapdıq Əmiraslanov və digər vətənpərvər azərbaycanlıların birgə səyi nəticəsində Göyçədəki köç prosesinin qarşısı alındı. Ermənilər köç planlarını sona çatdıra bilmədilər. Stalinin ölümündən sonra proses dərhal dayandırıldı.

Bütün varlığı ilə yaşadığı torpağa bağlı olan, qəlbi yaşayıb-yaratmaq eşqi ilə döyünən Yunis Rzayevin yüksək rəhbərlik bacarığı, kadrlarla işləmək qabiliyyəti, zəngin həyat təcrübəsi, zəhmətsevərliyi və ən başlıcası isə təvazökarlığı öz bəhrəsini verib. El arasında o, böyük nüfuza malik olub.

Yunis Rzayev erməni xəyanəti sayəsində Qərbi Azərbaycandan Bakıya köçür. 1970-1973-cü illərdə Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi, 1985-ci ilin 24 yanvarınadək Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sədri vəzifəsində işləyir. Böyük ictimai xadim VIII, IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olur. Onun Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sədri vəzifəsində işlədiyi müddətdə bar verən üzüm sahələri 88,1 min hektardan 210 min hektara, məhsul istehsalı 439,9 min tondan 2126,1 min tona, hər hektarın məhsuldarlığı isə 48,5 sentnerdən 99,2 sentnerə çatdırılır. Üzüm istehsalı 1980-ci illə müqayisədə 1,4 dəfə, 1985-ci ildə 1974-cü illə müqayisədə 3,4 dəfə artır. Şübhəsiz ki, belə bir nailiyyət ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin gərgin əməyi, titanik səyi və tələbkarlığı sayəsində əldə edilmişdir.

Mixail Qorbaçov SSRİ-yə rəhbərlik etdiyi dövrdə həmişə Azərbaycana qarşı düşmənçilik mövqeyində dayanırdı. Azərbaycanın tərəqqisi, xüsusilə üzümçülük sahəsində rekord göstəricilərə nail olunması onu narahat edirdi. Nəhayət, Qorbaçov tərəfindən "Sərxoşluğa və alkoqolizmə qarşı mübarizə tədbirləri" haqqında qərar verildi. Qərara əsasən Yunis Rzayevin böyük zəhmət, min bir əzab-əziyyətlə başa gətirdiyi on minlərlə hektar üzüm plantasiyaları məhv edildi və bununla da respublika büdcəsinin üçdəbirini təşkil edən şərabçılıqdan gələn gəlirin qarşısı tamamilə kəsildi. Bu, ermənipərəst Qorbaçov tərəfindən Azərbaycana böyük xəyanət idi.

15 il əvvəl Ukraynanın Truskavets kurort şəhərində yaşı səksəni ötmüş, mülayim təbiətli, mehriban, milliyyətcə rus olan bir nəfərlə tanış olduq. O, keçmiş günlərdən, həyatının coşub-çağlayan anlarından maraqlı xatirələr danışdı. Necə oldusa, Nikolay Alekseyeviç söhbətini kəsib bir müddət xəyala daldı, sonra dedi:

"Sizinlə tanışlıqdan sonra yadıma bir əhvalat düşdü. 1980-ci illərdə Moskvada keçirilən böyük bir tədbirdə Azərbaycan Respublikasının Üzümçülük və Şərabçılıq Komitəsinin sədri Yunis Qəhrəmanoviçlə tanış oldum. O tanışlıqdan sonra sizin millətə qəlbimdə böyük məhəbbət yarandı. Artıq neçə illərdir ki, telefon əlaqəmiz kəsilib...".

Biz Yunis Rzayevin dünyasını dəyişmək xəbərini ona çatdıranda əvvəl inanmadı, sonra isə dedi: "Ey fani dünya, sən kimləri aparmamısan, axı onun yaşı heç də çox deyildi...".

Yunis Rzayev Azərbaycan Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sədri işləyərkən Kanadada olmuş, orada geniş cərgəli, yüksək ştamblı üzümlüklərin becərmə sistemi ilə maraqlanmış və sonradan bu texnologiyanı Azərbaycanda tətbiq etməklə hər hektarın məhsuldarlığı 1,5 dəfə yüksəlmişdir.

Yunis Rzayevin yaxın qohumu Əli Bayramovun dediklərindən:

- Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsində əvəzsiz xidmətləri olan, bu sahədə bir məktəb yaradan Yunis Rzayev xalqımızın böyük şəxsiyyətlərindən biridir. Onun yüksək rəhbərlik bacarığı, kadrlarla işləmək qabiliyyəti, zəngin həyat təcrübəsi, zəhmətsevərliyi və ən başlıcası isə işdə tələbkarlığı harada olubsa öz bəhrəsini verib. Yunis Rzayev böyük nüfuza malik, bütün varlığı ilə torpağa bağlı olan, qurub-yaratmaq eşqi ilə yaşayan genişqəlbli bir insan idi.

Anadan olmasının 100 ili tamam olan Göyçə mahalının yetirməsi Yunis Rzayevin ömür yoluna nəzər salanda parlaq bir simanın nurundan boylanan, ömür şəfəqləri ilə taleləri işıqlandıran, cavan ikən müdrikləşmiş bir şəxsiyyətin portreti ilə qarşılaşırsan...

Qədir ASLAN,

"Respublika".