Regionda geosiyasi mənzərəni Azərbaycan formalaşdırır
Siyasət

Regionda geosiyasi mənzərəni Azərbaycan formalaşdırır

Cənubi Qafqaz regionu uzun müddətdir ki, geosiyasi rəqabətin mərkəzinə çevrilib. Son hadisələr regionun qlobal səhnədəki strateji əhəmiyyətini bir daha ortaya qoyur. Siyasilərin görüşləri və diplomatik manevrləri bölgədə maraqların toqquşduğunu göstərir.

Prezident İlham Əliyevin Qazaxıstana səfəri, Rusiya Prezidenti Vladimir Putinlə görüşü, Ararat Mirzoyanın Gürcüstan səfəri, Qərbin regionda söz sahibi olma istəyi fonunda bu, bir daha təsdiqini tapır. ABŞ regionda Rusiyanın təsirini azaltmaq, Ermənistan və Azərbaycanı ondan uzaqlaşdırmaq niyyətini açıq formada ortaya qoyur.

Qərb Bakı və İrəvanı NATO sammitinə dəvət etməklə Moskvanın qonşularını onunla əməkdaşlıqdan uzaqlaşdırmaq istəyir. Ermənistan bu məqamda açıq qapı siyasəti həyata keçirir. Lakin Azərbaycan burada status-kvonu müəyyən edən tərəfdir. İlk olaraq, ölkəmizin Ermənistandan fərqli olaraq, NATO-ya qəbul olmaq kimi istəyi yoxdur. Ölkəmiz onsuz da NATO üzvü olan qardaş Türkiyə ilə əməkdaşlıq edir. Azərbaycan öz silahlı qüvvələrini Türkiyə modelinə uyğunlaşdırır. Həmçinin Azərbaycanın Qoşulmama Hərəkatının ən aktiv üzvlərindən biri kimi beynəlxalq aləmdə yeri olduqca möhkəmdir.

Rusiya isə NATO-nun təşəbbüslərinə skeptisizmlə yanaşır, regional dinamikada onun təsirini sarsıda biləcək dəyişikliklər etməkdən ehtiyatlanır. Moskva, xüsusən də Ukrayna ilə müharibə şəraitində olduğu üçün sabitliyin qorunmasının vacibliyini dərk edir, gərginliyi daha da artıra biləcək birtərəfli addımların atılmasının qarşısını almağa çalışır. Ermənistan son zamanlar Azərbaycan və Türkiyə ilə normallaşma danışıqlarına və sülhə hazır olduğunu tez-tez bəyan edir. Rəsmi İrəvanın bu taktikası beynəlxalq təzyiqlərə cavab xarakterli diplomatik manevrlərdir. Ermənistan məğlub tərəf olduğunu bildiyi üçün müxtəlif bəhanələrlə məsuliyyəti Azərbaycanın üzərinə atmağa çalışır. Ermənistan parlamentinin spikeri Ararat Mirzoyanın Gürcüstana səfəri zamanı Türkiyə ilə münasibətləri normallaşdırma ilə bağlı açıqlaması da növbəti aldadıcı taktikadır. A.Mirzoyanın Ermənistanın mühüm regional tərəfdaşı olan Gürcüstanla əlaqələri gücləndirmək niyyəti işğalçı ölkənin beynəlxalq münasibətlərini ənənəvi alyanslardan kənara çıxarmaq strategiyasının bir parçasıdır. Bununla belə, Prezident İlham Əliyevin iyulun 3-də Qazaxıstana səfəri, Rusiya Prezidenti Vladimir Putinlə görüşü Azərbaycanın regional məsələlərdə aparıcı mövqeyini ortaya qoyur. Azərbaycan balanslaşdırılmış xarici siyasətini davam etdirir, təzyiqlər şəraitində öz suverenliyini qoruyub saxlayır.

Ermənistanın geosiyasi mənzərəsi əhəmiyyətli dəyişikliyə məruz qalır. Rəsmi İrəvanın ABŞ-la sıx əlaqələri onun tarixi müttəfiqi Rusiya ilə münasibətlərini qırılma nöqtəsinə çatdırıb. Tarixən Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaqla Rusiya ilə həmrəy olan Ermənistanın ABŞ-a doğru meyillənməsi bir neçə faktora əsaslanır. Bunlardan ən başlıcası Ermənistanın beynəlxalq tərəfdaşlıqlarını diversifikasiya etmək, vahid regional gücdən asılılığı azaltmaq, Qərbə daha sıx inteqrasiya etmək istəyidir. Birləşmiş Ştatlara doğru meyillilik yüksək səviyyəli görüş və diplomatik təkliflərlə özünü büruzə verir. Erməni siyasətçiləri ortaq demokratik dəyərləri, iqtisadi imkanları və təhlükəsizlik tərəfdaşlığını əsas gətirərək ABŞ ilə əməkdaşlığı dərinləşdirmək niyyətində olduqlarını açıqlayırlar. Buraya genişləndirilmiş hərbi əməkdaşlıq, qabaqcıl müdafiə texnologiyalarına və təlim proqramlarına çıxış daxildir.

Regional münaqişələr, o cümlədən Qarabağla bağlı Rusiyanın mövqeyi rəsmi İrəvanla Moskva arasında əlaqələri gərginləşdirib. Ermənistanın ABŞ-a meyil etməsinin əsas məqsədi də bəllidir. İqtisadi baxımdan, Ermənistan öz inkişafını təmin etmək üçün Amerika investisiyalarından və ticarət imkanlarından yararlanmağa çalışır. Bununla belə, Ermənistan regional dinamika və təhlükəsizlik arxitekturasına Rusiyanın təsirlərindən qaça bilməyib. Ermənistanın baş naziri Nikol Paşinyan Putinin həbsini nəzərdə tutan sənədi imzalayıb, ölkə rəsmiləri KTMT iclaslarına qatılmaqdan imtina ediblər. Lakin dəyişən güc balansı fonunda rəsmi İrəvan yenidən Rusiyaya yaxınlaşa bilər.

Qlobal güclər gərgin mübarizə aparırlar. Davamlı sülh və sabitliyə aparan yol bütün maraqlı tərəflər arasında dialoq tələb edir. Azərbaycan bu cəhətdən Cənubi Qafqazın geosiyasi mənzərəsinin formalaşmasında mühüm rol oynayır. Ölkəmizin strateji mövqeyi, iqtisadi əhəmiyyəti və iddialı xarici siyasəti onu bölgədə əsas oyunçuya çevirib. Azərbaycanın qərarları regional sabitliyə və beynəlxalq münasibətlərə mühüm təsir göstərir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".