Şuşada yeni reallıqları ehtiva edən Bəyannamə imzalana bilər
Siyasət

Şuşada yeni reallıqları ehtiva edən Bəyannamə imzalana bilər

İyulun 6-da Türk Dövlətləri Təşkilatının Şuşada qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Təşkilata üzv dövlətlərin rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə çox mühüm məsələlərin müzakirə edilməsi nəzərdə tutulur. Azərbaycanın Qarabağ Zəfəri Türk Dövlətləri Təşkilatı üçün yeni bir dövrün başlanğıcı oldu. Bu Zəfər türk dövlətləri üçün bir ilhama, motivasiyaya çevrildi. Eyni zamanda son dövrlərdə hansısa bir münaqişənin sonlandırılması və xüsusilə də türk dövlətlərinin Zəfər çalması özü bir rəmzi məna daşıyırdı. Bu baxımdan da TDT-yə üzv dövlətlərin daha da birləşməsi və bir-birinə sıx bağlanması üçün əla fürsət yarandı.

Xüsusilə, regionda, həmçinin qlobal məkanda baş verən kataklizmlər və bir çox münaqişələr nəticə etibarilə türk dövlətlərinin milli təhlükəsizliyinin təmin olunmasını, həmçinin ərzaq qıtlığının aradan qaldırılmasını və iqtisadi inkişafın həllini zəruri etdi. Hazırda Orta Asiyanı Avropaya bağlayan körpünün Azərbaycan və Türkiyə üzərindən keçməsi nəticə etibarilə türk dövlətlərini digər güc mərkəzləri üçün cəlbedici edir.

Bu baxımdan, Şuşa şəhərində təşkil olunacaq Türk dövlətlərinin Zirvə toplantısı hər kəs tərəfindən çox maraqla izlənəcək. Həmçinin biz bundan öncəki Türk Dövlətləri Təşkilatının toplantılarında "Türk dünyasının perspektivləri - 2040"a dair sənədin imzalandığına şahidlik etmişik və düşünürəm ki, bu hədəflərə və ondan sonrakı dövrdə strateji məqsədlərə çatmaq üçün bir çox həlli vacib məsələlər müzakirə olunacaq. Yaxın gələcəkdə mümkün təhlükələrin aradan qaldırılması üçün birgə səylərin artırılması məsələsində yer ayrılacaq. Eyni zamanda Şuşada bu toplantının keçirilməsinin də rəmzi mənası var. Bilirsiniz ki, Azərbaycanın Qarabağ zəfərindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana və Şuşaya rəsmi səfər etdi və burada Şuşa Bəyannaməsi imzalandı. Bu Bəyannamə faktiki olaraq Türkiyə-Azərbaycan münasibətlərinin bir növ konstitusiyasıdır. Burada bütün sahələr üzrə əməkdaşlıq nəzərdə tutulub və biz bu gün sözügedən sürətli inkişafın şahidi oluruq. Şuşa şəhərində keçiriləcək toplantı zamanı bütün türk dövlətləri arasında Şuşa Bəyannaməsinə bərabər bir sənədin imzalanması da nəzərdən keçirilə bilər. Onsuz da bu dövlətlər arasında ikitərəfli və çoxtərəfli münasibətlər var. Lakin bu münasibətləri daha da inkişaf etdirmək, qanuni bazanı təkmilləşdirmək və bütün mümkün maneələri aradan qaldırmaq üçün bu cür sənədlərə ehtiyac duyulur.

Bütün bunlarla yanaşı, ilk dəfədir ki, Türk Dövlətləri Təşkilatının rəhbərlərinin birlikdə Şuşaya, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzura səfəri gerçəkləşəcək. Bu da bir rəmzi məna daşıyır. Qarabağ zəfərindən sonra türk dövlətləri Qarabağın dirçəldilməsi, inkişaf etdirilməsi və yenidən qurulmasına öz töhfələrini verməyə başladılar. Bu, təbii ki, bizlər tərəfindən alqışlanır. Eyni zamanda bu o deməkdir ki, biz sözdə yox, həm də əməldə Azərbaycanın Zəfərinə sevinirik və biz Qarabağın dirçəlməsi üçün öz töhfələrimizi veririk. Türk dövlətləri liderlərinin birlikdə bu torpağa səfər etmələri, Şuşada açıqlamalar vermələri, çox böyük önəm kəsb edir. Bu, Azərbaycanın yaratdığı yeni reallıqların bir növ dünyaya nümayişidir. Mən inanıram ki, bu Zirvə toplantısı çox uğurlu keçəcək və türk dövlətlərinin daha da güclənməsi, birləşməsi, inkişaf etməsi üçün Şuşa görüşü yeni bir mərhələnin başlanğıcı olacaq. Biz daha güclü, daha da inkişaf etmiş bir Türk Dövlətləri Təşkilatını görəcəyik və yaxın gələcəkdə təşkilat həm regional, həm də qlobal məkanda baş verən bütün proseslərə təsir edə biləcək gücü tam əldə etmiş olacaq. Həmçinin region dövlətləri, qlobal güclər TDT ilə yaxından əməkdaşlıq etməyə məcbur olacaq və bunda maraqlı tərəf kimi çıxış edəcəklər.

Naqif HƏMZƏYEV.