ŞƏT Asiyanın yeni yüksələn dəyəridir
Siyasət

ŞƏT Asiyanın yeni yüksələn dəyəridir

Azərbaycan hazırda Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) dialoq tərəfdaşı statusuna sahibdir. Amma yəqin ki, Azərbaycan yaxın gələcəkdə ŞƏT-də müşahidəçi üzv qismində yer alacaq. Burada diqqətçəkən vacib məqam ondan ibarətdir ki, təşkilata üzv olan ölkələrin hər biri, həm də digər başqa nüfuzlu təşkilatlarda təmsil olunurlar. Buna misal olaraq Türk Dövlətləri Təşkilatının adını qeyd etmək olar. Eyni zamanda ŞƏT-ə BRİKS təşkilatına üzv olan ölkələr də daxildir. Hazırda dünya iqtisadiyyatında nəhəng imkanlara malik olan Çinin sözügedən ittifaqda çox önəmli gücü var.

Prezident İlham Əliyev təşkilatın tədbirinə artıq növbəti dəfə dəvət alıb. Həm də bu, çox yaxşı bir tendensiyanın göstəricisidir. Bu hal təkcə ŞƏT çərçivəsində baş vermir. Artıq dəfələrlə Azərbaycan bir sıra nüfuzlu təşkilatların toplantılarında qonaq qismində iştirak edir. Məsələn, dövlət başçısı bundan öncə Ərəb Dövlətləri Liqasının iclaslarına dəvət olunub. Halbuki Azərbaycan bu alyansın da üzvü deyil. Digər bir nümunəni Avrasiya İqtisadi İttifaqından da gətirmək olar. Qeyd etdiyim kimi, Şanxay Əməkdaşlıq Təşkilatında artıq Azərbaycan ikinci dəfədir yüksək səviyyədə təmsil olunur. Qərbin artıq çökməyə başlayan neoimperialist təfəkkürlü təşkilatları qarşısında ŞƏT Asiyanın yeni yüksələn dəyəri hesab edilir. Burada edilən müzakirələr, ölkə rəhbərlərinin apardıqları fikir mübadilələri əsasən iqtisadi yöndədir.

Təşkilatın rəsmi ofisi Pekindədir, amma terrorizmə qarşı mübarizə ilə bağlı Daşkənddə də bir ofisi var və Azərbaycan gələcəkdə müşahidəçi kimi tanınsa onda ŞƏT-in respublikamızda bir nümayəndəliyi açıla bilər.

Təşkilata üzv olan ölkələr arasında fərqli siyasi baxışlar olsa da, bu onların iqtisadi əməkdaşlığına əngəl yaratmır. Məsələn, Pakistanın və Hindistanla Kəşmir problemi ucbatından aralarında qarşıdurmalar yaşanır. Həmçinin Rusiya və İran nə qədər yaxın görünsələr də, rəsmi Moskva və Tehranda müəyyən fikir ayrılıqları var. Düşünürəm ki, harada iqtisadi maraq varsa, orada siyasi və təhlükəsizlik məsələlərində razılaşma əldə oluna bilər. Fikrimcə, Avrasiya coğrafiyasının, özəlliklə Asiyanın inkişafı üçün ŞƏT-in olduqca böyük əhəmiyyəti var.

Tural İSMAYILOV,

politoloq.