Xarici siyasətdə uğurlu hədəflər formalaşdırılır
Siyasət

Xarici siyasətdə uğurlu hədəflər formalaşdırılır

Dünyanın yeni təlatümlər dövrünə qədəm qoyduğu bir vaxtda narahatlıq doğuran qlobal məsələlərin ənənəvi yanaşmalarla həlli istiqamətində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) alternativ platforma hesab olunur. Doqquz üzvü olan təşkilat müşahidəçilər və dialoq üzrə tərəfdaşlarla birlikdə 26 ölkəni bir araya gətirir, etimad və mehriban qonşuluq münasibətlərinin gücləndirilməsi tendensiyasını irəli sürür.

ŞƏT Avrasiyanın geosiyasətində regional təhlükəsizliyi, iqtisadi əməkdaşlığı və üzv dövlətlər arasında mədəni mübadiləni formalaşdıran əsas çoxtərəfli təşkilat kimi çıxış edir. 2001-ci ildə yaradılmış ŞƏT əhəmiyyətli dərəcədə inkişaf edərək beynəlxalq məsələlərdə, xüsusilə Asiya-Sakit okean regionu kontekstində vacib aktora çevrilmişdir.

ŞƏT-in təsis edilməsi, 1996-cı ildə "Şanxay beşliyi" qrupunun regional təhlükəsizlik, xüsusən də sərhədlər və ərazi bütövlüyü ilə bağlı problemləri həll etmək üçün yaradıldığı vaxta təsadüf edir. Bu ilkin çərçivəyə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxil idi. 2001-ci ildə Özbəkistan da qoşuldu. Bu gün təşkilat bir neçə prinsip əsasında fəaliyyət göstərir. Bu prinsiplərə təhlükəsizlik, iqtisadi, mədəni və sosial əməkdaşlıq daxildir. Təşkilat konsensus əsaslı qərarların qəbulu üzərində işləyir, hər bir üzv dövlət siyasətin formalaşdırılması və həyata keçirilməsində bərabər söz sahibidir. Bu yanaşma ŞƏT-in üzvlərinin müxtəlif maraqlarına və prioritetlərinə baxmayaraq, konstruktiv dialoq və əməkdaşlıq platforması olaraq qalmasını təmin edir. Onun formalaşması üçün əsas aparıcı üzv dövlətlər arasında ilkin olaraq sərhəd təhlükəsizliyi, terrorla mübarizə və iqtisadi əməkdaşlığı inkişaf etdirmək idi. Zaman keçdikcə təşkilat üzvlərinin müxtəlif maraqlarını əks etdirən siyasi, iqtisadi və mədəni səviyyəsi baxımından əhatə dairəsini genişləndirdi.

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının inkişafında mühüm edən rol oynayır. Ölkəmiz ŞƏT-in fəaliyyətində fəal iştirak edir, təşkilat daxilində müzakirələrə və təşəbbüslərə öz töhfəsini verir. Müşahidəçi statusu Azərbaycana ŞƏT-in iclaslarında müzakirələrdə iştirak etmək və təşəbbüslərə qoşulmaq imkanı verir.

Azərbaycanın Avropa və Asiyanın kəsişməsində yerləşməsi, enerji resursları (xüsusilə neft və təbii qaz) və regional sabitlikdəki rolu onu Avrasiya geosiyasətində əsas oyunçuya çevirir. ŞƏT ilə əməkdaşlıq Azərbaycanın regional dinamikaya təsir imkanlarını artırır və diplomatik əlaqələrini gücləndirir.

Azərbaycan ŞƏT-ə üzv dövlətlərlə iqtisadi əlaqələrin genişləndirilməsində, xüsusilə ticarət, enerji əməkdaşlığı və infrastrukturun inkişafında maraqlıdır. ŞƏT-in "Bir kəmər, bir yol" təşəbbüsü və ŞƏT Banklararası Konsorsiumu kimi təşəbbüsləri Azərbaycanın regional iqtisadi əməkdaşlığa inteqrasiya üçün imkanlar təqdim edir.

Ötən gün Qazaxıstanın paytaxtı Astanada Zirvə toplantısında regional təhlükəsizlik, iqtisadi və siyasi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün üzv ölkələrin liderlərinin bir araya gəlməsi elə bundan xəbər verir. Çünki bu gün ən ciddi problemlərdən biri iqlim və ətraf mühit məsələsidir. Həmçinin bu tədbir iqtisadi tərəfdaşlıq, nəqliyyat əlaqələri, terrorizm, ekstremizm və separatizmlə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı, sivilizasiyalararası dialoqun təşviqi kimi sahələri əhatə edir. Azərbaycanın tranzit və logistika baxımından unikal imkanları var, çox gözəl infrastruktur formalaşıb. Son 20 ildə ölkəmizdə 19000 kilometrdən çox avtomobil yolları, 1400 kilometrdən çox dəmiryol xətti çəkilib. Eyni zamanda ölkəmiz "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin reallaşdırılmasında söz sahiblərindən biridir. Əsas tranzit xəttinə çevrilməkdə olan Trans-Xəzər Nəqliyyat Dəhlizinin işə düşməsində Azərbaycanın töhfəsi danılmazıdr. Digər tərəfdən isə Çin-Avropa-Çin nəqliyyat dəhlizinin reallaşmasında ölkəmiz körpü rolunu oynayır.

Astana sammitində COP29-a ev sahibliyi edəcək Azərbaycanın xüsusi diqqət mərkəzində olması təqdirəlayiq haldır. Prezident İlham Əliyevin 2022-ci ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirilən sammitdən sonra Astanada keçirilən zirvə toplantısına dəvət edilməsi Azərbaycanın artan nüfuzundan xəbər verir. Azərbaycan Prezidenti artıq ikinci dəfədir ki, ŞƏT-in üzv ölkələrinin Zirvə toplantısına dəvət edilir. Azərbaycan və Şərq əməkdaşlığı hər iki tərəfin qarşılıqlı maraqlarına xidmət edir.

2015-ci ildə ŞƏT-ə üzv dövlətlərin Başçıları Şurasının iclasında Azərbaycana tərəfdaş statusunun verilməsi ilə bağlı qərar qəbul edilib. 2016-cı ildə isə Pekində Azərbaycana təşkilata dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında memorandum imzalanıb. 2022-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən zirvə görüşündə Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak edib. Qazaxıstandan sonra ŞƏT-ə sədrlik Çinə keçir. Yəni təşkilatın növbəti sammiti gələn il Çində keçiriləcək. Bu barədə Qazaxıstanın paytaxtında imzalanan Astana Bəyannaməsində qeyd edilib.

Azərbaycan-Çin münasibətləri yeni inkişaf yoluna qədəm qoyur. Ölkəmizin Avropa, Amerika ilə yanaşı, Çin, Rusiya, Mərkəzi Asiya ölkələri ilə də çoxşaxəli əlaqələr qurması region üçün əhəmiyyətli rol oynayır. Bu baxımdan Çinlə münasibətləri xüsusilə önə çəkməliyik. Belə ki, iyulun 3-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının növbəti Zirvə toplantısı keçirildi. Bu sammit Çin və Azərbaycan arasında ikitərəfli münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Üstəlik, Azərbaycan və Çin liderləri arasında qarşılıqlı inam və etimada söykənən dostluq münasibətlərinin olması yeni perspektivlərə yol açır. Astana Sammitində birgə qəbul edilmiş bəyannamənin iki ölkə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldəcəyi də xüsusi vurğulanmalıdır.

Azərbaycanla Çin bir-birinin ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə etməklə, yenidən formalaşan dünya nizamında yeni birlik mexanizmlərini ərsəyə gətirir. Azərbaycan-Ermənistan sülh gündəliyinə mane olan digər güclərin qarşısında rəsmi Bakı Çinin prioritetlərini qoymaqla onları neytrallaşdırmağa nail olur. Bu, həm də ona görə vacibdir ki, Çin Cənubi Qafqazda öz səhmlərinin aktivlərini, iqtisadi prioritetlərini genişləndirməklə Azərbaycanla əməkdaşlığın möhkəmləndirilməsini qarşıya məqsəd qoyub. Çin alternativ güc mərkəzidir. Ənənəvi olaraq, Rusiya-Qərb güc qarşıdurması fonunda öz məqsədlərini inkişaf etdirərək fərqli nizam yaratmağa meyillidir. Dünyanın xəritəsinin Rusiya-Ukrayna müharibəsi fonunda yenidən bölüşdürülməsi halları müşahidə edilməkdədir. Çinin bu problemli məsələlərdə əməkdaşlığı inkişaf etdirmək üçün Azərbaycanla münasibətlərə xüsusi önəm verməsi rəsmi Bakının xeyrinədir. Çünki Cənubi Qafqazda Çin digər güclü oyunçuların qarşısına çıxmaqla onları neytrallaşdırıb Azərbaycanın maraq və məqsədlərini irəliyə aparmasına dəstək ola bilər. Bu baxımdan münasibətlərin qarşılıqlı etimadla davam etdirilməsi region üçün yeni üfüqlər açır.

Tacir SADIQOV,

"Respublika".