Qoşulmama Hərəkatının qızıl dövrü
Siyasət

Qoşulmama Hərəkatının qızıl dövrü

2023-cü il 5-6 iyul tarixlərində Bakıda Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilib. Tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlər, Hərəkatda müşahidəçi statusu almış dövlətlər və beynəlxalq təşkilatlar, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri daxil olmaqla ümumilikdə, 93 ölkə, 11 beynəlxalq təşkilat iştirak edib. Nazirlər görüşündə təsisatın gündəliyində duran və əhatə dairəsinə aid bir çox məsələnin əks olunduğu sənədlər qəbul olunub. İclasda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Anım Bəyannaməsi, Yekun sənəd, Bakı Bəyannaməsi, eləcə də 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına dair Xüsusi Bəyannamə qəbul olunub. Nazirlər görüşü çərçivəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və "Kolonializmin tamamilə aradan qaldırılmasına doğru" mövzularında konfrans keçirilib.

Ötən il keçirilən nazirlər görüşünün ən mühüm məqamı Prezident İlham Əliyevin tədbirdə çıxış etməsi və buradan dünyaya önəmli mesajlar verməsidir. Bakı Konqres Mərkəzində "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda keçirilən nazirlər görüşündə Azərbaycan lideri öz nitqində Hərəkatın institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021 və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması, COVID-19 pandemiyası ilə mübarizə, Hərəkat tərəfindən "peyvənd millətçiliyi"nə qarşı etiraz, BMT-də ciddi islahatların aparılmasının zəruriliyi, Fransanın neokolonializm siyasəti, iqlim dəyişmələri, su qıtlığı, ərzaq təhlükəsizliyi, məcburi miqrasiya kimi məsələlərə xüsusi yer verib. Dövlət başçısı, həmçinin dünyada geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatlığını bildirib. Bir sıra Avropa ölkələrində müqəddəs Quranın yandırılması, təhqir olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılmasını məsuliyyətsizlik adlandırıb. Prezident İlham Əliyev nazirlər görüşündə Ermənistanın 30 ildən artıq davam edən işğalçı siyasətindən, Birinci Qarabağ müharibəsinin Azərbaycan üçün törətdiyi ağır fəsadlardan, eləcə də 44 günlük Vətən müharibəsindən və postmüharibə dövründə qarşıda duran çağırışlardan da danışıb, Azərbaycanın Qələbəsini beynəlxalq hüququn və ədalətin zəfəri olduğunu deyib.

Qeyd edək ki, Qoşulmama Hərəkatı istər işğal dövründə, istərsə də işğaldan sonra Azərbaycana öz dəstəyini nümayiş etdirib. Xüsusilə, 2020-2022-ci illərdə Hərəkata üzv olan ölkələr BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə olan birtərəfli və qərəzli bəyanatların qəbul edilməsinin qarşısını alıblar.

Bakının ev sahibliyi etdiyi bu mötəbər tədbir Azərbaycan tarixində olduqca mühüm tarixi hadisə idi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi müasir dünyada hələ də ikili standartların, ədalətsizliyin hakim kəsildiyini, Hərəkatın və Azərbaycanın buna qarşı olduğunu beynəlxalq ictimaiyyətin nəzərinə çatdırdı.

Xatırladaq ki, Qoşulmama Hərəkatı "Soyuq müharibə" dövründə iki siyasi-hərbi qütb arasında gedən qarşıdurmadan kənarda qalmaq üçün yaradılmış təsisatdır. Zaman keçdikcə təsisatın dünya arenasında önəmi artmış və beynəlxalq münasibətlər sisteminin fəal iştirakçısına çevrilmişdir. Hazırda özlərinin heç bir bloka tərəf olmadığını bəyan edən 120 dövlət təsisatın üzvüdür. Bununla yanaşı, 17 ölkə və 10 beynəlxalq təşkilat müşahidəçi statusu qismində Hərəkatda çıxış edir. Üzv ölkələrin sayına görə Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən nəhəng siyasi təsisatdır. Qurumun məram və məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etməkdir. Təşkilatın daimi mənzil qərargahı olmasa da, BMT Mənzil qərargahında yerləşən Əlaqələndirici Büro vasitəsilə təşkilatın Sədri və üzv dövlətlərin nümayəndəlikləri tərəfindən idarə olunur. Hərəkat 1961-ci il sentyabrın 1-6-da Yuqoslaviyanın Belqrad şəhərində 25 dövlət və hökumət başçısının iştirakı ilə keçirilən Zirvə Görüşündə yaradılıb. Bununla bağlı fikir isə 1955-ci ildə İndoneziyada təşkil olunmuş Bandunq konfransında irəli sürülüb. Təşkilata üzv olan hər bir dövlət "Bandunq prinsipləri"nə sadiqliyini nümayiş etdirməlidir. Bu qaydalara BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, insan hüquq və azadlıqlarına, eləcə də dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək kimi ən ali dəyərlər daxildir. Azərbaycan 16 may 2011-ci ildə Hərəkata üzv olan dövlətlərin yekdil qərarı ilə təşkilata tamhüquqlu üzv qəbul edilib, 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürən Azərbaycan Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyi səbəbindən əlavə olaraq daha 1 il müddətinə Hərəkata sədrlik etmişdir. 2024-cü ilin yanvar ayından etibarən isə sədrlik Uqandaya təhvil verilib. Azərbaycan 4 il ərzində gördüyü işlərlə növbəti sədrlərə uğurlu bir miras qoyub.

Musa BAĞIRLI,

"Respublika".