Yeni növraqlı, toy-büsatlı Həkəri
Digər xəbərlər

Yeni növraqlı, toy-büsatlı Həkəri

2010-cu il aprelin 7-də Parisdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) ətraf mühit, kənd təsərrüfatı və regional məsələlər komitəsinin yaz sessiyasında Avropanın bu günü və gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən bir sıra məsələlər, o cümlədən ermənilərin ekoloji cinayətləri də müzakirə edilmişdi. Müzakirələrdə AŞPA-dakı Azərbaycan nümayəndə heyəti tərəfindən Ermənistanın ərazilərimizin 20 faizini işğal etməsi nəticəsində meşələrə, çaylarımıza ciddi ziyan dəydiyi, ekoloji terror törədildiyi diqqətə çatdırılmışdı.

AŞPA 2016-cı ildə də Azərbaycanın sərhədyanı bölgələrindəki sakinlərinin qəsdən sudan məhrum edilməsi haqqında da qətnamə qəbul etmişdi. Qətnamədə Ermənistan hakimiyyətindən su resurslarından siyasi təzyiq vasitəsi kimi istifadə edilməsinin dayandırılması, eləcə də müstəqil hidroloq-mühəndislərin regiona çıxış imkanı əldə etməsi və orada tədqiqat aparmaq imkanlarının təmin olunması tələb edilirdi.

Ermənilər isə heç nə olmamış kimi, ekoloji tarazlığı pozmaqda, ətraf mühitə ziyan vurmaqda davam edir, bütün konvensiyaları kobud şəkildə pozurdular. Bütün dünyanın gözü qarşısında ekosid törədilirdi. Azərbaycan xalqına qarşı törətdiyi soyqırımları, yəni genosidlə ürəyi soyumayan haylar daşdan, dağdan, yaşıllıqdan, torpaqdan, sudan da heyif çıxırdı. 2021-ci ildə Kəlbəcərə gedən Azərbaycan əsilli dünyaşöhrətli fotoqraf Reza Deqati burada ermənilər tərəfindən kəsilən ağacların fotogörüntülərini yaymış və bunu "Qarabağ ekosidi" adlandırmışdı. Bu mənada, çaylarımızın da vəziyyəti acınacaqlı idi...

Həkəri çayı, Arazın sol qolu. Laçın, Qubadlı və Zəngilan rayonları ərazisindən axan çayın uzunluğu 113 kilometr, hövzəsinin sahəsi 2570 kvadratkilometrdir. Kiçik Qafqazın ölkəmizin ərazisində Tərtərçaydan sonra (Bazarçayla birlikdə) ikinci böyük çayıdır. Başlanğıcını Mıxtökən silsiləsinin cənub yamacından, Şiştəpə zirvəsindən 3,5 kilometr şərqdə 2580 metr yüksəklikdən alan Şəlvəçay və Hocazsuçayın qovuşmasından əmələ gəlir və Bərgüşad çayı ilə birləşib Araza tökülür. Suyu hidrokarbonatlı - kalsiumla zəngindir. Yaz-yay aylarında qar suları çayda daşqın əmələ gətirir. Həkərinin suyundan suvarma işlərində və energetikada geniş istifadə olunur. Çayın bol suyunda iri qızıl balıqlar da olur... Çayın sahilindəki məkanlarımızdan biri də Laçındır...

2020-ci il dekabrın 1-də Azərbaycana təhvil veriləndən sonra rayonda tikinti-quruculuq işləri başlanıldı. Laçın istiqamətində dövlət sərhədlərinin möhkəmləndirilməsi ilə bağlı tədbirlər görüldü, fərqli təyinatlı yollar çəkildi, enerji infrastrukturu yenidən quruldu, beynəlxalq hava limanının tikintisinə başlanıldı.

2022-ci ilin iyun ayında Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı dövlət başçısı təməlqoyma və açılış mərasimlərində iştirak etdi. Kəlbəcər-Laçın avtomobil yolunun inşası ilə maraqlandı, rayonda 110 kV-luq "Qorçu" elektrik yarımstansiyasında, hava limanında aparılan işlərlə tanış oldu. Dövlətimizin başçısına Laçın rayonunda "Həkəriçay" Su Anbarı layihəsi də təqdim edildi. Həmin səfərin videoreportajını xatırlayıram: "İndi biz Laçın rayonuna gedirik". Prezidentin bu sözləri o zaman bizi xəyalən o yerlərə qaytarmışdı. Güləbird, Cicimli, Səfiyan, Malıbəyli kəndləri, o yerlərin "başdan papaq salan" zirvələri, dərin dərələri, buz bulaqları göz önündə canlanmışdı. Dövlət başçısının: "Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq", - deməsi ilə bütün bunların xəyal deyil, gerçək olduğunu anladıq. Bəli, bu yerləri döyüşərək, qan tökərək almışdıq düşmənin əlindən. Tarix təkrarlanmışdı... 1918-ci ildə Zabux yolunda Sultan bəyin dəstəsi Qarabağa hücuma keçən quldur Andranikin ordusunu mühasirəyə salaraq məhv etmişdi. Zəngəzurun özünümüdafiə dəstələri "Qaragöl döyüşü"ndə böyük hünər göstərmiş, azərbaycanlılar yaşayan kəndlərə hücum edib, qətllər törədən, camaatı talayan ermənilərə 1919-cu ilin payızında məhz bu gölün ətrafında sarsıdıcı zərbələr endirilmişdi. Laçının Qaraqışlaq, Hacılar, Sadınlar, Mirik, Qarakilsənin Bayandur, Xoznavar, Xənəzək və ətraf 15 kəndi ermənilərdən təmizlənmişdi.

Rəşadətli ordumuz 44 günlük zəfər yürüşü ilə Qarabağı və Şərqi Zəngəzuru geri almış, həmin Qaragöl ətrafında beynəlxalq hüquqla tanınan sərhədlərdə mövqelərini möhkəmləndirmişdi. Ermənilər isə hay-küy salıb deyirdilər ki, guya biz onların torpağını zəbt etmişik. Dövlət başçısı isə elə həmin səfərdə bu fikirləri söyləmişdi: "Ermənistan tərəfindən səslənən fikirlər tamamilə əsassızdır. Biz öz torpağımızdayıq, Qaragöl də bizimdir, başqa yerlər də bizimdir... Ona görə indi Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının xətti ilə bütün sərhəd boyunca - Murovdağdan ta Araz çayına qədər bütün sərhəd infrastrukturu, hərbi hissələr yaradılır, biz bu sərhədlərdə möhkəmlənirik".

Bəli, o yerlər bizimdir, onun üçün də qurub-yaradırıq.

2023-cü il aprelin 23-də Ermənistanla sərhəddə - Laçın rayonunda, Həkəri çayı üzərində qurulan sərhəd-nəzarət-buraxılış məntəqəsində üçrəngli bayrağımızın dalğalanması hər birimizə qürur yaşatdı. Bu münasibətlə DSX-nin polkovniki, Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov Prezident, Ali Baş Komandan İlham Əliyevə məruzə edərək demişdi: "Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan! Məruzə edirəm ki, tapşırığınıza uyğun olaraq, Azərbaycan-Ermənistan dövlət sərhədində - Həkəri çayının üzərindəki körpünün üstündə fəxarət rəmzimiz olan üçrəngli dövlət bayrağımız dalğalanmaqdadır! Bununla da Vətən sərhədlərinin bütövlüyü təmin olunmuşdur".

Həkəri çayı. Acılı, şirinli günlərimizin şahidi. Üzərində yaradılan "Həkəri Balıq Təsərrüfatı" yeddi hektar ərazini əhatə edir. Burada üç növ, cökə, nərə və farel balıqları yetişdirilir. Azərbaycan Dəmir Yolları QSC Həkəri çayı üzərində tikilən dəmiryol körpüsündə işləri yekunlaşdırır. Bütün bunlar göstərir ki, dövlət başçısının dediyi kimi: "Biz bundan sonrakı əsas hədəfləri düzgün müəyyən edərək, bu hədəflərə çatmağa da nail olacağıq".

Zümrüd QURBANQIZI,

"Respublika".