Kioto protokolundan Paris sazişinə...
Siyasət

Kioto protokolundan Paris sazişinə...

Dünyanın COP29 - Bakı konfransından gözləntilə ri böyükdür

2023-cü il dekabrın 15-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq... "Yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək".

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP-un 29-cu toplantısı Bakıda keçiriləcək. Konfransa dünyanın hər yerindən hökumət və digər təşkilatların nümayəndələri Azərbaycana gələcək, iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə çalışmaq üçün çağırışlar edəcəklər.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ildə qəbul olunub. 1997-ci il dekabrın 11-də Yaponiyanın Kioto şəhərində Kioto protokolu qəbul edilib və 2005-ci il fevralın 16-da qüvvəyə minib. Kioto protokolu qlobal istiləşməyə səbəb olan istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılmasını nəzərdə tutur. Kioto protokolu üzrə istilik effekti yaradan qazların azaldılmasına dair öhdəliklərin yerinə yetirilməsinin birinci mərhələsi (2008-2012-ci illər) başa çatdıqdan sonra 2012-ci ildə Dohada 18-ci Tərəflər Konfransında Kioto protokolunun ikinci mərhələsi üzrə Doha əlavəsi qəbul olunub. Atmosferdə istixana qazlarının konsentrasiyalarını "iqlim sisteminə təhlükəli antropogen müdaxilənin qarşısını alacaq səviyyəyə" endirməklə qlobal istiləşməni azaltmaq məqsədini ehtiva edən Kioto protokolu ümumi, lakin fərqli öhdəliklər prinsipinə əsaslanırdı. Belə ki, ayrı-ayrı ölkələrin iqtisadi inkişafda iqlim dəyişmələri ilə mübarizədə müxtəlif imkanlara malik olması nəzərə alınmaqla onların atmosferdəki istixana qazlarının mövcud səviyyəsinə cavabdehliyi əsas götürülür, lakin cari emissiyaları azaltmaq öhdəliyi inkişaf etmiş ölkələrin üzərinə qoyulurdu. Birinci öhdəlik müddətində tam şəkildə iştirak edən 36 ölkənin hamısı protokola demək olar ki, əməl etmiş, bununla belə, doqquz ölkə digər ölkələrdə, emissiyaların azaldılmasını maliyyələşdirməklə daha çevik mexanizmlər tətbiq etmək məcburiyyətində qalmışdı. 2007-2008-ci illərin maliyyə böhranı emissiyalara da təsirsiz ötüşmədi, 36 inkişaf etmiş ölkə emissiyalarını azaltsa da, bəzi dövlətlərdə emissiyalar 32 faiz artdı.

Kioto protokoluna Doha dəyişikliyi kimi tanınan sazişin müddətinin uzadılması barədə 147 ölkə tərəfindən qərar qəbul olundu. Ancaq sazişi yalnız 144 ölkə ratifikasiya etdi və 2020-ci il dekabrın 31-də qüvvəyə mindi. Məcburi öhdəliyi olan 37 ölkədən yalnız 34-ü bu qərarı dəstəklədi.

Onu da qeyd edək ki, üzv dövlətlərin heç də hamısının Kioto protokolu ilə bağlı fikirləri birmənalı olmamışdır. Məsələn, onun 2020-ci ilədək uzadılması barədə qərar Avstraliya, Avropa Birliyi (ovaxtkı 28 üzv dövlət), Belarus, İslandiya, Qazaxıstan, Lixtenşteyn, Norveç, İsveçrə və Ukrayna ilə razılaşdırılsa da, Belarus, Qazaxıstan və Ukrayna protokoldan çıxa biləcəklərini bəyan etdilər. Yaponiya, Yeni Zelandiya və Rusiya protokolun birinci mərhələsində iştirak etsə də, ikinci öhdəlik dövründə hədəflər götürmədi. İkinci mərhələ üçün hədəfləri olmayan, inkişaf etmiş ölkələr Kanada və ABŞ da protokolu ratifikasiya etməmişdi. Beləliklə də Kioto protokolu 2016-cı ildə qüvvəyə minən Paris sazişi ilə əvəzləndi. Onun 2022-ci ilə qədər BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası - UN FCCC-də 198 tərəfdarı olub. Ali qərar qəbuledici orqan olan Tərəflər Konfransı (COP) iqlim dəyişmələri ilə mübarizədə irəliləyişi qiymətləndirmək üçün hər il toplansa da, onu imzalayan dövlətlər fərdi öhdəliklərinə əməl etmədiklərinə görə karbon qazı emissiyasının azaldılması yönündəki fəaliyyəti uğursuz hesab edilir. Bu səbəbdən də tənqidə məruz qalırlar. Əksər ekspertlər Paris sazişinin qlobal temperatur artımını 1,5 dərəcədən aşağı saxlamaq kimi daha iddialı məqsəd üçün yetərli olmadığını bildirirlər. Odur ki, mümkün icra mexanizmləri, istixana qazları emissiyaları üçün tarixi məsuliyyət (iqlim ədaləti) və inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi (məsələn, Yaşıl İqlim Fondu vasitəsilə) məsələləri ətrafında müzakirələr aparılır.

Hələlik sonuncu sayılan COP28 2023-cü ilin 30 noyabr - 12 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilib. Konfransda dünyanın 195 ölkəsindən təxminən 97 mindən çox nümayəndə iştirak edib. Növbəti COP29-a 2024-cü ilin noyabr ayında Bakı ev sahibliyi edəcək. Tədbirdə 190-dan çox ölkədən 80-100 min nəfərə yaxın nümayəndənin iştirakı gözlənilir. Ekspertlərin fikrincə, bu il Bakıda keçiriləcək COP29-da gərgin müzakirələr aparılacaq. Bunun üçün əsas var. Məsələn, 2009-cu ildə dünya ölkələri inkişaf etmiş ölkələrdən inkişafda olan ölkələrə iqlim fəaliyyətinə dəstək üçün hər il 100 milyard dollar ayrılacağı barədə razılığa gəliblər. 2015-ci ildə Paris sazişi çərçivəsində bu məbləğin 2020-2025-ci illər üçün etibarlı olacağı təsdiqlənib. 2025-ci ildən sonra isə "Yeni Kollektiv Kəmiyyət Hədəfi" (NCQG) müəyyən edilməlidir ki, bu da COP29-da müzakirə mövzusu olacaq.

Maraqlısı budur ki, inkişaf etməkdə olan ölkələr 1,1 trilyonla 1,3 trilyon ABŞ dolları arasında maliyyə tələb olunduğunu desələr də, inkişaf etmiş ölkələr bu məbləğin 100 milyard dollar səviyyəsində saxlanmasının, yaxud bir qədər artırılmasının tərəfdarıdırlar. COP29-un prezidenti Muxtar Babayev "The Guardian" nəşrinə müsahibəsində məsələ ilə bağlı suala cavab verərkən deyib: "Əgər yoxsul ölkələr emissiyaları azaltmaq, iqlim böhranının təsirlərinə uyğunlaşmaq və aldıqları hər hansı iqlim maliyyəsini hesablamaq üçün cəhd etdiklərini isbat edə bilsələr, inkişaf etmiş ölkələrin iqlim maliyyəsini onlardan əsirgəmək üçün daha az bəhanələri olacaq". Nəşr, həmçinin qeyd edib ki, Bakıda keçiriləcək COP29-da yoxsul ölkələrə iqlimlə bağlı vəsait vermək, onlara istixana qazı emissiyalarını azaltmaq və ekstremal havanın təsirlərinə uyğunlaşmaqda kömək etmək üçün inkişaf etmiş ölkələrin yeni qlobal hədəflərə doğru irəliləməsini təmin ediləcəyi gözlənilir.

Bəli, dünyanın COP29-dan gözləntisi böyükdür. Zənnimizcə, Kioto protokolundan başlayıb Paris sazişinədək davam edən xilaskarlıq missiyası Bakıda yekun mərhələsinə çatacaq.

Zümrüd QURBANQIZI,

"Respublika".