Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"TASS": Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi münasibətlərin inkişafı yüksək qiymətləndirilir

Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevlə görüşdə Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlığın inkişaf etdiyini deyib. Bu barədə "TASS" informasiya agentliyi məlumat yayıb: "Diqqətinizi ona cəlb etmək istəyirəm ki, əsas məsələ - məhz qarşılıqlı iqtisadi-ticari fəaliyyət üzrə əlaqələrimiz müsbət istiqamətdə inkişaf edir. Dövriyyə dörd milyarddan çoxdur, məncə, 4,3-4,5 milyarddır və bu, Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa sərmayəsidir. Tendensiya yaxşıdır, məncə, ilin birinci yarısında artıq 13 faizlik artım var. Ümumiyyətlə, hər şey müsbət inkişaf edir", - deyə Rusiya lideri bildirib.

Rusiya dövlətinin başçısı Moskva və Bakının birgə infrastruktur layihələrinə də toxunub, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin prioritet olduğunu bildirib. O xatırladıb ki, ölkələr 2022-ci ilin sonunda imzalanmış Saziş əsasında birlikdə işləyirlər. Prezident əlavə edib ki, "Bu, bütün sahələrdə əlaqələrin inkişafı üçün yaxşı zəmindir". V.Putin əməkdaşlığın humanitar komponentinə də diqqət çəkərək, bu yaxınlarda Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin başa çatdığını vurğulayıb: "Mən həmişə sizin rus dilinin dəstəklənməsinə xüsusi diqqətinizi qeyd edirəm: Azərbaycanda 300-dən çox məktəb rus dili ilə işləyir, bu dili gənclərə və uşaqlara öyrədir. Bu, münasibətlərimizin gələcəkdə qorunması və inkişafı üçün yaxşı zəmin və perspektivlər yaradır".

"Xinhua": Si Cinpin: "Çin və Azərbaycan ikitərəfli münasibətləri strateji tərəfdaşlığa yüksəldir"

Ölkələrimiz yaxşı dostlar, bərabərlik və qarşılıqlı əməkdaşlığa əsaslanan yaxşı tərəfdaşlardır.

Çinin "Xinhua" Agentliyi xəbər verir ki, bu sözləri Çin Xalq Respublikasının Sədri Si Cinpin Astanada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə söyləyib.

Çin-Azərbaycan münasibətlərinin həmişə sağlam və sabit şəkildə inkişaf etdiyini vurğulayan Si Cinpin bildirib ki, iki ölkə arasında əməkdaşlıq səmərəli nəticələr verib və daha zəngin strateji məzmun kəsb edir. Biz xalqlarımızın rifahı naminə qarşılıqlı dəstəyi artırmağa davam edəcəyik.

"Sputnik Qırğızıstan": Prezident Sadır Japarov Azərbaycana səfər edir

Qırğızıstan Prezidenti Sadır Japarov iyulun 5-6-da Azərbaycana işgüzar səfər edəcək.

"Sputnik Qırğızıstan" xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib. Onun Şuşada keçiriləcək TDT dövlət başçılarının qeyri-rəsmi sammitində iştirakı gözlənilir.

"MENAFN": ING Azərbaycanda 2024-2025-ci illər üçün iqtisadi artım proqnozunu yeniləyir

Hollandiyanın ING Group şirkəti Azərbaycanın 2024-cü il üçün iqtisadi artımının 2,8, həmçinin 2025-ci ildə 2,5, 2026-cı ildə isə 2,8 faiz olacağını proqnozlaşdırıb.

"MENAFN" yazır ki, əvvəlki proqnozla müqayisədə 2024-cü il üçün gözləntilər 0,3 faiz artıb, növbəti il üçün isə 0,2 faiz azalıb.

Hesabatda, həmçinin 2024-cü ilin ikinci rübündə ÜDM artımının 3,5, üçüncü rübdə 2, dördüncü rübdə isə 1,5 faiz olacağı proqnozlaşdırılır. Bundan əlavə, 2025-ci ilin birinci rübündə iqtisadi artımın 1,7, ikinci rübdə 2,5, üçüncü rübdə 2,7, dördüncü rübdə isə 3 faiz olacağı güman edilir.

"TurkicWorld": Azərbaycan və Özbəkistan mərkəzi bankları arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan və Özbəkistanın Mərkəzi bankları arasında anlaşma memorandumu imzalanıb.

"TurkicWorld" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünün "X" səhifəsində yazıb.

Memorandum AMB sədrinin Tacikistana işgüzar səfəri zamanı imzalanıb.

"Özbəkistan Respublikası Mərkəzi Bankının sədri Mamarizo Nurmuratov ilə görüşdə biz rəhbərlik etdiyimiz qurumlar arasında tərəfdaşlığın genişləndirilməsi, təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsinə xidmət edəcək əməkdaşlıq haqqında anlaşma memorandumu imzaladıq. İnanırıq ki, memorandum iki mərkəzi bank arasında əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək", - deyə sədr qeyd edib.

"Respublika".