Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı üçün vacib ölkədir
Siyasət

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı üçün vacib ölkədir

Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz böyük nailiyyətlər qazanıb, misilsiz uğurlara imza atıb. Azərbaycanın dəqiq hesablanmış və düzgün qurulmuş xarici siyasi strategiyası milli maraqlara əsaslanaraq ölkələrlə qarşılıqlı anlaşma, hörmət, demokratik prinsiplər üzərində inkişaf edir. Məhz bu effektli siyasət, o cümlədən ədalətli mövqe, qətiyyətli addımlar dövlətimizi dünyada məsuliyyətli və etibarlı tərəfdaş kimi tanıdıb, regional liderliyini daha da möhkəmləndirib və qlobal aləmdə əsas aparıcı aktora çevirib.

Eləcə də beynəlxalq münasibətləri həm nəzəri, həm də praktik səviyyədə dərindən bilən, geniş və məntiqli analitik təfəkkürə, məqsədyönlü, düşünülmüş siyasi baxışlara sahib olan Prezident İlham Əliyev istər regional, istərsə də beynəlxalq platformalarda dövlətimizin maraqlarını yüksək səviyyədə təmin edir. Ən əsası isə odur ki, Azərbaycan heç kimdən asılı olmayan, tamamilə müstəqil və sərbəst siyasət həyata keçirir. İmza atdığı beynəlxalq layihələr, irəli sürdüyü təşəbbüslər, həmçinin qlobal sülh və təhlükəsizliyə verdiyi töhfələr yüksək qiymətləndirilir. Heç də təsadüfi deyil ki, ölkəmiz bilavasitə 155 ölkənin dəstəyilə 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Tərəddüdsüz ifadə edə bilərik ki, bu, Azərbaycanın uğurlu xarici siyasətinin mühüm əlamətidir. Digər vacib göstərici isə dünyanın ikinci ən böyük beynəlxalq qurumu olan Qoşulmama Hərəkatına sədrliyin 2019-2023-cü illərdə Azərbaycana etibar edilməsidir. Həmin dövrdə yüksək təşkilatçılıq, nümunəvi və ədalətli idarəçilik, institusional yeniliklər sayəsində bu beynəlxalq təsisat dünyada böyük imic qazandı, qlobal çəkisi xeyli artdı.

Bu gün Azərbaycanın xarici siyasətində xüsusi önəm daşıyan istiqamətlərdən biri də Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətlərdir. Dünyanın kifayət qədər nüfuzlu təşkilatı olan, ərazi və əhali baxımdan ən böyük bir neçə ölkəni özündə birləşdirən ŞƏT-lə ölkəmizin əlaqələri davamlı olaraq inkişaf edir. Təşkilatla Azərbaycan arasında əməkdaşlıq sahələrini nəzərdə tutan memorandum imzalanıb və ölkəmiz ŞƏT-də dialoq tərəfdaşı statusuna malikdir. Yeri gəlmişkən, burada təmsil olunan və bir araya gələn demək olar ki, bütün dövlətlərlə ölkəmizin normal əlaqələri var. Təbii ki, bu da təşkilatla münasibətlərimizin genişlənməsinə münbit şərait yaradır. Eyni zamanda ŞƏT-in qarşılıqlı etimad, qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasi, ticarət, iqtisadiyyat və digər sahələrdə səmərəli əməkdaşlıq, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması kimi məqsədləri Azərbaycan üçün də xüsusi önəm kəsb edir və ölkəmizin maraqlarına tam cavab verir.

Azərbaycanın bütün sahələri əhatə edən davamlı inkişafı, regional güc mərkəzinə çevrilməsi, əlverişli təbii-coğrafi mövqeyi və təşəbbüskarı olduğu nəhəng layihələrin əhəmiyyəti ölkəmizin bu təşkilatla əlaqələrinə ciddi təsir edir. Eləcə də tranzit və nəqliyyat-logistika imkanları, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətinə göstərdiyi dəstək Azərbaycanı ŞƏT üçün cəlbedici edir. Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin təşkilat və ona üzv dövlətlər üçün üstünlükləri böyükdür. Odur ki, Azərbaycanla əməkdaşlıqda ŞƏT daha çox maraqlıdır.

ŞƏT-in Qazaxıstanın paytaxtı Astanada keçirilən Zirvə görüşü də ölkəmiz üçün yaddaqalandır. Dövlətimizin başçısı artıq ikinci dəfədir belə mötəbər tədbirə dəvət olunur. Bu, Azərbaycan Prezidentinin şəxsi nüfuzu, dəyərli fikirlərinin və irəli sürdüyü təşəbbüslərin regional əməkdaşlıq üçün önəmini göstərir. Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyev Rusiya, Qazaxıstan, Türkiyə prezidentləri, Çin sədri və Pakistanın Baş naziri ilə görüşlər keçirdi, səmərəli danışıqlar aparıldı. Baş tutan bütün görüşlərdə qarşı tərəflər bir daha Azərbaycanla əməkdaşlıqdan məmnunluq ifadə etdilər, həmçinin əlaqələrin mövcud və yeni sahələr üzrə inkişafının vacibliyini bildirdilər. "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"nin qəbul olunmasını xüsusi olaraq vurğulamaq istərdim. Bu, hər iki ölkə arasında münasibətləri yeni müstəviyə daşıyacaq, siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirəcək. Bundan başqa, Bəyannamə beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional, qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə irəlilətməyə imkanlar yaradacaq.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri.