Azərbaycan-Macarıstan: etibarlı dost, tərəfdaş, ortaq baxışlar
Siyasət

Azərbaycan-Macarıstan: etibarlı dost, tərəfdaş, ortaq baxışlar

"Azərbaycan ilə Macarıstan strateji tərəfdaşdır, müvafiq sənədlər də imzalanıb. Eyni zamanda, biz bir çox sahələrdə fəal işləyirik". Bu fikri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə deyib. Dövlət başçısı qeyd edib ki, Macarıstan Avropa İttifaqındakı bir nömrəli tərəfdaşımızdır və bəzi hallarda Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüləndə birinci bizim müdafiəmizə Macarıstan qalxır: "Bilirəm ki, buna görə Macarıstan da bəzi Avropa ölkələri tərəfindən təzyiqlərlə üzləşir. Ancaq Macarıstanın prinsipial mövqeyi, haqqın, ədalətin yanında olması, beynəlxalq hüquqa hörmətlə yanaşması onun beynəlxalq nüfuzunu böyük dərəcədə artırır".

Prezident İlham Əliyevin balanslaşdırılmış siyasəti və Azərbaycanda mövcud olan möhkəm sabitlik ölkəmizin beynəlxalq mövqeyini gücləndirir. Azərbaycanın Avropa ölkələri ilə bir çox sahələri əhatə edən əlaqələri son illər intensivləşən qarşılıqlı səfərlər, keçirilən görüşlər, imzalanan sənədlərlə daha da genişlənir. Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlıq əlaqələri inkişaf edir. Ötən dövrdə iki ölkə arasında 50 əməkdaşlıq sənədi imzalanıb, ölkələrimiz ikitərəfli müstəvidə və beynəlxalq təşkilatların tədbirlərində bir-birini dəstəkləyir.

Azərbaycan-Macarıstan əlaqələri hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan Macarıstanın Cənubi Qafqazda, Xəzər hövzəsi regionunda və Türk dünyasında, Macarıstan isə Avropada ölkəmiz üçün ən önəmli strateji tərəfdaşlardan biridir. Macar xalqının əhəmiyyətli hissəsinin özünü türk mədəni arealının ayrılmaz bir parçası hesab etməsi, qarşılıqlı əlaqələrin müxtəlif istiqamətlərdə inkişafına öz töhfəsini verir. Macarıstanın ölkəmizin dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olması da iki xalq arasındakı dərin tarixi bağlara söykənir. Azərbaycan torpaqlarının işğal altında olduğu zaman Macarıstanın bütün beynəlxalq platformalarda ölkəmizin ərazi bütövlüyünə dəstək verməsi, rəsmi Budapeştin Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında önəmli rol oynaması iki dövlət arasındakı qarşılıqlı etimad münasibətlərinin göstəricisi kimi dəyərləndirilir.

Macarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv kimi təmsil olunması və təşkilata həqiqi üzv olmaq niyyətini bəyan etməsi həm də Azərbaycanla əməkdaşlığın daha geniş platformalarda davam etdirilməsinin zəruriliyindən qaynaqlanır. İkitərəfli əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri üzrə həyata keçirdiyi xarici siyasətin prioritet istiqamətləridir. Çoxtərəfli platformalarda, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu və Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında əməkdaşlıq əlaqələri Bakının və Budapeştin bir-birinə uyğun gələn geosiyasi yanaşmalarını əks etdirir.

İki ölkə arasında siyasi, iqtisadi, energetika, nəqliyyat, kənd təsərrüfatı, təhsil sahələrində fəal əməkdaşlıq mövcuddur. İşğaldan azad olunmuş ərazilərimizin bərpasında fəal iştirak edən macar şirkətləri tərəfindən Cəbrayıl rayonunun Soltanlı kəndinin yenidən qurulması həyata keçirilir. Enerji təhlükəsizliyi, o cümlədən alternativ enerji sahəsində əməkdaşlıq da inkişaf etdirilir. Avropa bazarında Azərbaycan qazının alıcıları arasında Macarıstan da var. Ölkəmiz Macarıstanla "Həmrəylik Halqası" çərçivəsində də əməkdaşlıq edir.

Ötən il aprelin 25-də Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın qaz nəqli operatorları ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Saziş Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyada "Həmrəylik Halqası" adlanan təkmilləşdirilmiş qazötürücü sistemlər şəbəkəsi vasitəsilə Avropaya əlavə qaz tədarükü üçün əməkdaşlıq sahələrini müəyyən edir. Layihənin ideyası hər bir operator üçün daha səmərəli və daha ucuz olacaq sistemin gücünü artırmaqdır. Bu layihə təkcə Bolqarıstan üçün deyil, bütün Avropa İttifaqı üçün də faydalıdır. Təsadüfi deyil ki, bu təşəbbüsdə Rumıniya, Macarıstan və Slovakiya da iştirak edir. Hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin güclənməsindəki rolu artır. Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,5 milyard kubmetrədək artırılması isə Macarıstan, Slovakiya, Rumıniya və Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yaradır. Beləliklə, ölkəmizin Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin güclənməsindəki rolu daha da artır. Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir. Azərbaycan bu il Avropaya mavi qaz ixracatını 12 milyard kubmetrə çatdıracaq. Macarıstanla əməkdaşlıq isə təbii qazın ixracı ilə kifayətlənmir. Həm də Azərbaycanda istehsal olunacaq "yaşıl enerji"nin Macarıstana ixracı ilə bağlı razılıq əldə olunub. Belə ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iştirakilə Qara dənizin dibi ilə yüksəkgərginlikli elektrik kabel xətləri çəkilərək "yaşıl enerji"miz Avropaya idxal olunacaq.

Prezident İlham Əliyevin ötən il Macarıstana səfəri, iki dövlət arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında yeni bir mərhələnin başlanğıcıdır. Prezident İlham Əliyevin səfər zamanı Macarıstan Prezidenti xanım Katalin Novak, ölkənin Baş naziri Viktor Orbanla görüşlərinin, Azərbaycan ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin, digər bir sıra əməkdaşlıq sənədlərinin imzalanmasının iki ölkənin əlaqələrinin ən yüksək səviyyəyə qalxmasını təmin edib. Dövlətimizin başçısı İlham Əliyev qeyd edib ki, hazırda bizi birləşdirən bir çox bağlar var. Amma hesab edirəm ki, onların arasında təməl amillər bizim dünyaya olan ortaq baxışlarımızdır. Bu, bizi bir-birimizə daha da sıx bağlayır və dostluğumuzu gücləndirir. Baş nazir Viktor Orbanla artıq on ildən çoxdur dostluq etdiklərini bildirən Prezident əlavə edib ki, hər fürsətdən yararlanaraq ölkələrimiz üçün vacib olan məsələləri müzakirə və həll etmək istəyirik.

Prezident İlham Əliyevin Macarıstana səfəri çərçivəsində Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair imzalanan Birgə Bəyannamə ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqun davam etdirilməsi üçün yeni perspektivlər açıb. Bu baxımdan, dövlət və hökumət rəhbərləri, habelə diplomatik qurumlar səviyyəsində qarşılıqlı səfərlər və mütəmadi ünsiyyət münasibətlərin dostluq və ümumi maraqlara əsaslanan əməkdaşlıq ruhunda inkişafına sübutdur. Azərbaycanla Macarıstan qarşılıqlı investisiyalar yatırmaq qida sənayesi və əczaçılıq sahəsini inkişaf etdirməklə əməkdaşlığı genişləndirirlər. Macarıstanın aviadaşıyıcıları Azərbaycana birbaşa təyyarə reyslərini təşkil etməklə turizm sektorunun inkişafına töhfə verirlər. O cümlədən, Macarıstanla təhsil sahəsində də əməkdaşlığımız şaxələnir. Azərbaycanlı 200 tələbə Macarıstan dövləti hesabına təhsil alır. Təbii ki, xalqların milli maraqlarına xidmət edən əlaqələrdən hər iki ölkə yetərincə bəhrələnəcək, Azərbaycan və Macarıstan əlaqələri bütün sahələrdə dostluq, qardaşlıq və qarşılıqlı anlaşma şəraitində daha da inkişaf edəcək.

Mustafa KAMAL,

"Respublika".