DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

ƏRDOĞAN VƏ LUKAŞENKO RUSİYA-UKRAYNA BÖHRANINI MÜZAKİRƏ EDİBLƏR

Türkiyə və Belarus dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və Aleksandr Lukaşenko Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya-Ukrayna böhranının nizamlanmasını müzakirə ediblər. “Report” agentliyi bu barədə Türkiyə prezidentinin mətbuat xidmətinə istinadən xəbər verib.

Məlumata əsasən, iki ölkə liderləri Ankara və Minsk arasında ikitərəfli gündəliyi, Ukraynadakı müharibənin nəticələrini, eləcə də aktual regional və qlobal problemləri müzakirə ediblər.

Verilən xəbərə görə, Türkiyə prezidenti Rusiya ilə Ukrayna arasında münaqişəyə son qoymağa yönəlmiş addımların vacibliyini vurğulayıb.

Eyni zamanda, Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə sülh üçün səylərini və hər iki tərəflə səmimi əlaqələri davam etdirəcək.

Bununla yanaşı, qeyd edilir ki, bundan öncə Belarus prezidentinin mətbuat xidməti Türkiyə dövlət başçısı ilə danışıqlar barədə məlumat yayıb, lakin iki lider arasında söhbətin təfərrüatlarını açıqlamayıb.

VENESUELA HÖKUMƏTİ ABŞ-LA MÜNASİBƏTLƏRİ YAXŞILAŞDIRIR

Venesuela və ABŞ hökumətləri iki ölkə arasındakı münasibətləri yaxşılaşdırmaq, hörmətli və konstruktiv şəkildə danışıqlar aparmaq üçün birlikdə çalışmağa hazırdırlar. Bu barədə Venesuela hökumətinin maraqlarını ABŞ ilə danışıqlarda təmsil edən Milli Assambleyanın sədri Xorxe Rodriqes “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.

Parlament sədrinin sözlərinə görə, virtual rejimdə keçirilən ilk görüşdən sonra ABŞ nümayəndə heyəti ilə iki razılaşma əldə olunub: “Birincisi, hər iki hökumətin etimad yaratmaq və münasibətləri yaxşılaşdırmaq üçün birlikdə işləmək istəyi, ikincisi, hörmətli və konstruktiv şəkildə əlaqə saxlamaq”.

Eyni zamanda, Xorxe Rodriqes Venesuela tərəfinin dialoqun Qətərdə razılaşdırılanlarla məhdudlaşmalı olduğunu, qarşılıqlı etimadın və hökumətlər arasındakı münasibətlərin daha da bərpası üçün öz müqəddəratını təyinetmə, suverenlik prinsiplərinə hörmət olunmasında israr etdiyini bildirib.

TÜRKİYƏNİN BİR NEÇƏ BÖLGƏSİNDƏ MEŞƏ YANĞINLARI BAŞ VERİB

Türkiyənin bir neçə vilayətində meşə yanğınları baş verib. Bu barədə “CNN Türk” telekanalı məlumat yayıb.

Verilən xəbərə görə, İzmirin Bornova rayonunda Beşyol məhəlləsindəki yanğın ətraf ərazilərə də yayılıb. Yanğın səbəbindən Beşyol və Sarnış yaşayış məhəllələrindən insanlar təxliyə edilib. Hər iki kənddə ümumilikdə yeddi evə ziyan dəyib.

Bununla yanaşı, yanğının söndürülməsi üçün hadisə yerinə Türkiyə Silahlı Qüvvələrinin helikopterləri də cəlb olunub. Havadan və qurudan müdaxilə nəticəsində yanğın lokallaşdırılıb.

Eyni zamanda, Balıkesir vilayətində başlayan yanğın meşəlik əraziyə keçib. Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.

Verilən xəbərə görə, Kahramanmaraşın Türkoğlu və Pazarcık rayonlarında da meşə yanğınlarına havadan və qurudan müdaxilə edilir. Güclü külək yanğının söndürülməsinə əngəl yaradır.

EKVADORDA FÖVQƏLADƏ VƏZİYYƏT REJİMİ TƏTBİQ EDİLİB

Cənubi Amerika ölkəsi olan Ekvadorda zorakılıqların yenidən artması səbəbindən iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Ekvador Prezident Aparatının mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, mütəşəkkil cinayət təşkilatlarının törətdiyi zorakılıq aktlarının qarşısının alınması üçün prezident Daniel Noboanın imzaladığı sərəncamla fövqəladə vəziyyət rejiminin tətbiq edilməsinə qərar verilib.

Eyni zamanda, sərəncama əsasən, fövqəladə vəziyyət rejimi Quayas, Los-Rios, Manabi, Orellana, Santa-Yelena və El-Oro şəhərlərində iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Xatırladaq ki, ölkənin Konstitusiya Məhkəməsi Daniel Noboa tərəfindən 7 yanvar və 20 aprel tarixlərində iki dəfə elan edilən fövqəladə vəziyyət rejimini ləğv etmişdi.

Məlumat üçün qeyd edək ki, Ekvador uzun müddətdir ki, təhlükəsizlik böhranı ilə mübarizə aparır. İlin əvvəlindən bəri çox sayda insan, o cümlədən bələdiyyə sədrləri və təhlükəsizlik xidməti əməkdaşları cinayətkar dəstələrin hücumları nəticəsində həlak olub.

VLADİMİR PUTİN: SAZİŞ HAZIR ŞƏKİLDƏ MASA ÜZƏRİNDƏ GÖZLƏYİR

Rəsmi Moskva və Kiyev arasında İstanbulda paraflanan sazişlər masada qalır və sülh yolu ilə nizamlanmanın əsasını təşkil edə bilər. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatı sammmiti çərçivəsində bəyan edib.

Xəbər verilir ki, Rusiya dövlət başçısı 2022-ci ilin martında nümayəndə heyətlərinin görüşünün təşkilinə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha təşəkkür edib.

“Bu razılaşmalar masa üzərində qalır və bu danışıqların davam etdirilməsi üçün əsas kimi istifadə oluna bilər”, - deyə Vladimir Putin vurğulayıb.

Bununla yanaşı, Rusiya prezidenti hesab edir ki, Ukrayna heyətinin rəhbəri tərəfindən paraflanan saziş Kiyev üçün kifayət qədər uyğun idi. Vladimir Putin həmçinin Ukraynanın qəbul etdiyi anlaşmadan geri çəkilməsinə görə ABŞ və Böyük Britaniyanı ittiham edib.

CNN: İSRAİL VƏ HƏMAS ATƏŞKƏSƏ YAXINDIR

İsrail və HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs əldə etməyə daha yaxındır. Bu barədə “CNN” telekanalı israilli mənbəsinə istinadən məlumat yayıb. Telekanalın verdiyi xəbərə görə, tərəflər yaxın vaxtlarda ətraflı danışıqlara başlaya bilərlər.

Bununla yanaşı, mənbənin qeyd etdiyinə görə İsrail hökuməti hesab edir ki, HƏMAS-ın son cavabı tərəflərə razılığa gəlmək üçün ətraflı danışıqlara başlamağa imkan verəcək. Bununla yanaşı “CNN” razılığın taleyinin hələ həll olunmadığını vurğulayır.

Xatırladaq ki, bu ərəfədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi və İsrail kəşfiyyatı “Mossad” birgə bəyanat yayaraq, İsrail tərəfinin vasitəçilərin köməyilə HƏMAS nümayəndələrindən girovlarla bağlı müqavilə üzrə cavab aldıqlarını açıqlamışdılar.

ABŞ UKRAYNAYA YENİ HƏRBİ YARDIM PAKETİNİ AÇIQLAYIB

Artilleriya mərmiləri, “HIMARS” reaktiv yaylım atəşi sistemləri və hava hücumundan müdafiə kompleksləri üçün döyüş sursatları ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinə daxil ediləcək. “Report” agentliyinin Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinq zamanı bildirib.

Mətbuat katibinin sözlərinə görə, bu, Cozef Baydenin aprel ayında Milli Təhlükəsizlik Qanununa düzəlişi imzaladığı gündən indiyədək Ukraynaya kömək üçün icazə verdiyi yeddinci təhlükəsizlik yardım paketidir.

Paketə həmçinin ABŞ Müdafiə Nazirliyinin Ukraynaya qoşunlarını və şəhərlərini Rusiyanın hava hücumlarından müdafiəsinə kömək etmək məqsədilə “Patriot” və “NASAM” hava hücumundan müdafiə sistemləri üçün ələkeçirmə qurğuları almaqla bağlı yeni maliyyə də daxildir.

Məlumata görə, paket ABŞ prezidentinin Ukraynanın qısamüddətli ehtiyaclarını ödəmək üçün Birləşmiş Ştatların hərbi anbarlarından silah, sursat və texnikanın çıxarılması səlahiyyəti çərçivəsində təqdim edilib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.