Polietilen sağlam həyatı təhdid edir...
Maraqlı

Polietilen sağlam həyatı təhdid edir...

Polietilen 1898-ci ildə alman kimyaçısı H. von Peçman tərəfindən təsadüfən kəşf olunub. İkinci Dünya müharibəsində istifadə olunan strateji əhəmiyyətli polimer material olan polietilenin sənaye miqyasında istehsalına 1939-cu ildə İngiltərədə başlanılıb. Bu gün il ərzində 1 trillyona yaxın sellofan torbalar istehsal edilir ki, bu da planeti məhv edən amillərdəndir. Hər 1 dəqiqədə 2 milyon polietilen torba zibil qutusuna atılır.

Polietilenin çürüməsi üçün isə təxminən 5-6 yüz il lazım gəlir. Həm təbiətə, həm də sağlamlığımıza ziyan vuran plastiklər böyük problemlərin mənbəyidir. Bir çox inkişaf etmiş ölkələrdə plastik torbaların istifadəsi qadağan edilib. Məsələn, ABŞ, İngiltərə, Yeni Zelandiyada ərzaqlar üçün yalnız kağız paketlərdən istifadə olunur. Tayvan, Keniya, Uqanda, Fransa, Latviya, Gürcüstan və digər ölkələrdə sellofan paketdən istifadə qadağandır. Niderland və Hindistanda isə polietilen paketlərin qiymətləri qaldırılıb ki, insanlar onlardan çox istifadə etməsinlər.

Tərkibində polietilen və polipropilen materiallar olan plastiklərin ekologiyaya mənfi təsiri hər kəsə məlumdur. Polietilen, etilen qazının polimerləşməsi nəticəsində əldə edilən plastik növüdür və yüzlərlə, minlərlə etilen molekullarının bir-birinə bağlanması sayəsində əmələ gəlir. Plastik və polietilen məhsullar yandırılarkən dioksin xaric olunur ki, bu da insan orqanizmində müxtəlif xəstəliklərə yol açır. Tibb elmləri doktoru, professor Adil Qeybulla bu barədə deyir: "Bu gün dünyanın ən böyük problemlərindən biri insan sayının, onların ərzağa olan tələbatının artması qablaşdırılmanın artması zamanı müxtəlif materiallardan istifadə olunmasıdır. Bu prosesdə plastik materiallardan istifadə olunur və təcrübələr göstərir ki, plastik materialların əksəriyyəti zərərli təsirlərə malikdir. Artıq polietilen paketlər məişətimizin ayrılmaz hissəsinə çevrilib. Məişətdə istifadə olunan yeddi əsas müxtəlif plastik növü var. Bunlardan orqanizm üçün ən təhlükəli hesab olunanı polivinil xloriddir. Təəssüflər olsun ki, biz bundan məişətdə çox istifadə edirik və bu plastiklər yüksək temperaturda diasen adlı zərərli maddə xaric edir ki, bu da orqanizm üçün çox təhlükəlidir. Xüsusilə, qaraciyərə, beyinə, ürəyə və sair daxili orqanlara mənfi təsirləri çoxdur. Ona görə də plastik materiallarda olan qidaları günəş altında, yaxud isti yerdə saxlamaq qəti qadağandır. Plastiklərin tərkibindəki toksiki maddələr müxtəlif təsirlərdən, günəş şüasından, istidən onun tərkibində saxlanılan qidalara, ərzaqlara hopur və insan orqanizminə toksiki təsir göstərir. Çünki plastik qablar günəş şüası altında uzun müddət qaldıqda bioksin adlanan toksiki maddələr, yəni zəhər buraxır və bu həyat üçün çox təhlükəlidir. Plastik materiallardan əsasən uşaqların istifadə etdiyi müxtəlif alətlərin, oyuncaqların, geyim və ayaqqabıların hazırlanmasında istifadə olunur. Uşaqlar gələcəyimizdir və biz onların təhlükəsizliyini təmin etməliyik. Yaxşı olar ki, ev şəraitində hansısa qidanı saxlamaq və daşımaq üçün şüşə materiallardan istifadə olunsun. Həmçinin məişətdə müxtəlif plastik torbaların uzun müddət saxlanılıb istifadə edilməsi də doğru deyil. Dünya bu gün plastik materiallarla mübarizə aparır. Plastiklər yananda çox ciddi toksik maddələr ayrılır və insanların o havanı udması, onlardan istifadə etməsi onkoloji xəstəliklər yaradır. Polietilen tereftalat da bu qəbildəndir. Hesab edirəm ki, plastik materiallar ümumiyyətlə, istehsaldan çıxarılmalıdır".

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirir ki, hər gün milyonlarla polietilen paket ekologiyanı çirkləndir: "Torbalar birdəfəlik istifadə edildiyi üçün tullantı miqdarı həddindən artıq çox olur. Plastik polietilen məhsulların ekologiyaya mənfi təsirləri çoxdur. Bildiyimiz kimi, onlar neft məhsullarından, karbohidrogen tərkibli maddələrdən hazırlanır və qısa müddətdə çürüyüb torpağa qarışmır. Bunun üçün hətta yüz illərlə vaxt lazım gəlir. Polietilenlərin çürüməsi və yanması prosesi zamanı ayrılan maddələr onkoloji xəstəliklərə səbəb olur. Son 30 ildə plastik və polietilen məhsulların tullantılarının ətraf mühitə atılması halları çoxalıb. Bunun qarşısını almaq üçün dünya miqyasında müxtəlif tədbirlər görülür. Ölkəmizdə də bu yöndə əsaslı addımlar atılır. Bununla bağlı müvafiq qanun qəbul edilib, plastik qabların satışına qadağa qoyulub və polietilen torbaların pulsuz satışı dayandırılıb. Statistikaya nəzər saldıqda görürük ki, tədbirlər nəticə verir. Polietilen torbalardan istifadə təqribən 35 faizə qədər azalıb. Bu qərarın qəbulu ekologiyanın qorunması üçün tətbiq olunan ən yaxşı təcrübədir".

Qeyd edək ki, ölkəmizdə 2021-ci il yanvarın 1-dən qalınlığı 15 mikrona qədər olan plastik torbaların satışı, idxalı və istehsalı qadağan edilib. 2023-cü il 15 fevral tarixindən etibarən isə polietilen torbaların müştərilərə ödənişli qaydada təqdim edilməsi qərarı təsdiqlənib. Hər il ölkəmizdə iyulun 3-də Beynəlxalq Polietilen Paketsiz Gününə həsr olunan müxtəlif aksiyalar keçirilir və insanlara ekoçantalar verilir.

Jalə QƏHRƏMANOVA,

"Respublika".