Birlik və gələcəyə baxış
Siyasət

Birlik və gələcəyə baxış

2011-ci il 5-6 iyul tarixlərində Bakı şəhərində Dünya Azərbaycanlılarının III Qurultayı keçirilib

Azərbaycanın daim öz xalqının, millətinin mənafeyindən çıxış etməsi bir çox ölkələrə nümunədir. Dövlətimiz tərəfindən qürbətdə yaşayan soydaşlarımızın diqqət mərkəzində saxlanılması onlara verilən dəyərin əyani sübutudur. Təsadüfi deyil ki, xaricdə yaşayan soydaşlarımızın Azərbaycan ilə əlaqələrinin möhkəmləndirilməsi, həmyerlilərimiz arasında birliyin və həmrəyliyin təmin olunması məqsədilə Dünya Azərbaycanlılarının Qurultayı kimi yüksək səviyyəli tədbir keçirilir.

Belə mötəbər tədbirin keçirilməsi təşəbbüsü ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülüb. Tədbir ilk dəfə 2001-ci il 9-10 noyabr tarixində ulu öndərin 23 may 2001-ci il tarixli "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Sərəncamına əsasən keçirildi. Qurultay çərçivəsində bir sıra mühüm məsələlərin müzakirəsi ilə yanaşı, Əlaqələndirmə Şurasının üzvləri də müəyyənləşdirildi. Ulu öndər Heydər Əliyev Şuranın sədri seçildi. Tədbir xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşməsində əhəmiyyətli rola malikdir. Dünya Azərbaycanlılarının Qurultayı, eyni zamanda diaspor hərəkatının yeni mərhələsi hesab olunan - quruculuq və təşkilatlanmanın sütunu hesab edilir. İlk tədbirdə qeydə alınan vacib məqamlarından biri də məhz Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması idi. Adıçəkilən qurum diasporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət edirdi. Bu istiqamətdə prioritetləri və hüquqi prinsipləri müəyyənləşdirmək məqsədilə 2002-ci ilin dekabrında "Xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanun qəbul olundu.

Dünya Azərbaycanlılarının II Qurultayı isə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2006-cı il tarixli Sərəncamına əsasən həmin il mart ayının 16-da Bakıda keçirildi. Dövlət başçısı qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçildi. Həmçinin tədbir zamanı - Dünya Azərbaycanlılarının II Qurultayının qətnaməsi, qurultayın Azərbaycan Respublikası Prezidentinə və dünya azərbaycanlılarına müraciətləri, o zaman mövcud olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatına (UNESCO), Azərbaycan və türk diaspor təşkilatlarına müraciətlər kimi bir sıra vacib sənədlər də qəbul olundu.

Dünya Azərbaycanlılarının III Qurultayı isə 2011-ci il 5-6 iyul tarixlərində "Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi haqqında" 21 yanvar 2011-ci il tarixli Sərəncam ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı Tədbirlər Planı"na əsasən Bakıda baş tutdu. Sözügedən tədbir çərçivəsində bir sıra mühüm qərarlar qəbul olundu. Ölkəmizin fərqli bölgələrindən olan nümayəndələrlə yanaşı, dövlət və hökumət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər qurumların da iştirak etməsi tədbirin qlobal miqyaslı əhəmiyyətinin göstəricisidir. Prezident İlham Əliyev tədbirdə xalqlar arasında dostluğun möhkəmləndirilməsi, eyni zamanda Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə bir qrup ictimai xadimə "Dostluq" ordeni və "Tərəqqi" medalını təqdim etdi. Qurultay zamanı "Gücümüz birliyimizdədir!" sənədli film nümayiş olundu. Ən yaddaqalan məqam qurultay nümayəndələri adından Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlara, xarici ölkə parlamentlərinə, dövlət və hökumət başçılarına müraciətin yekdilliklə qəbul edilməsi idi. Tədbir zamanı Əlaqələndirmə Şurasının tərkibinin 107 nəfərdən 115 nəfərə çatdırılması qərara alındı. Qurultaya ümumilikdə 13 ölkənin parlamentindən 37 deputatın qatılması tədbirin nəinki regionda, hətta beynəlxalq aləmdəki nüfuzundan xəbər verir. Dünya Azərbaycanlılarının III Qurultayında vurğulamalı olduğumuz vacib məqamlardan biri də Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının fəaliyyətinin yenidən təşkili ilə bağlı məsələ idi ki, Prezident İlham Əliyev yenidən Şuranın sədri seçildi. Dövlət başçısı qurultayda çıxış edərək demişdir: "Azərbaycanın inkişaf istiqamətləri 1993-cü ildə və dövlətçiliyimizin formalaşmasının ilk illərində müəyyən edilmişdir. O dövr üçün bu təşəbbüslər həlledici məna daşıyırdı. Çünki bu gün Azərbaycanın reallıqları məhz o dövrdə müəyyən edilmiş və seçilmiş istiqamətlər üzərində qurulmuşdur. Düzgün istiqamət seçilmişdir: Azərbaycan dünya birliyinə inteqrasiya etməli, açıq qapılar siyasəti aparmalı, xarici investisiyaları cəlb etməli idi. Biz bütün bunlara nail ola bilmişik. Azərbaycanda demokratik, dünyəvi dövlətin qurulması da məhz Heydər Əliyevin siyasətinin nəticəsidir. Bu gün Azərbaycan sürətlə və uğurla inkişaf edən ölkədir. Ölkəmizdə siyasi proseslər çox müsbət istiqamətdə gedir. Siyasi sistem təkmilləşir. Ölkəmiz demokratik əsaslarla idarə olunur. Söz, vicdan, mətbuat azadlığı, insan hüquqlarının qorunması məsələləri bizim üçün prioritetdir. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir. Biz bütün beynəlxalq qurumlarla, beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq aparırıq".

2016-cı il 3-4 iyun tarixində baş tutan Dünya Azərbaycanlılarının IV Qurultayı da müstəsna əhəmiyyətə malikdir. Həmin tədbirdə xarici ölkələrin nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də daxil olmaqla ümumilikdə 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak etmişdi. Qurultaya, həmçinin respublikamızın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumlar da qatılmışdı. Bundan başqa, gənclər, informasiya müharibəsi kimi mövzular ətrafında da müzakirələr aparılmışdır.

2022-ci il 22-23 aprel tarixlərində baş tutan Dünya Azərbaycanlılarının V Qurultayı tarixi anlamda mühüm əhəmiyyət kəsb edir. Çünki Qurultay Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirildi. Bu tədbir çərçivəsində dünyanın dörd bir yanından olan soydaşlarımız Qarabağda bir araya gəldilər. Zəfər qurultayı kimi tarixə düşən bu qurultay yaddaşlarda əbədi həkk olundu. Şuşa şəhərində 65 ölkədən 400 nümayəndənin iştirakı ilə keçirilən bu tədbir mühüm bir dövrə təsadüf etdi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2022-ci il "Şuşa ili" elan olunmuşdu. Xüsusi vurğulamaq lazımdır ki, Zəfər Qurultayı tarixi qələbədən sonra ilk dəfə keçirilən böyük tədbirdir. Bu görüş bütün dünyaya azərbaycanlıların birliyini və həmrəyliyini nümayiş etdirməklə, xalqımızın daha güclü və qüdrətli olduğunu sübuta yetirdi. Həmçinin Prezident İlham Əliyevin tədbir çərçivəsində söylədikləri diaspor fəaliyyətinin gələcək istiqamətləri üçün əsaslı fikir formalaşdırdı.

Nəzrin ELDARQIZI,

"Respublika".