Riyakar rəhbərlik xaç atalarından imtina edir
Siyasət

Riyakar rəhbərlik xaç atalarından imtina edir

Avropa Parlamentində səkkiz əsas fraksiya var: Avropa Xalq Partiyası, Sosialistlər və Demokratların Mütərəqqi Alyansı Qrupu, Avropanı Yenilə Qrupu, Kimlik və Demokratiya fraksiyası, Yaşıllar, Avropa Mühafizəkarlar və Reformistlər Qrupu, Avropa Parlamentindəki Sol Qrup və bitərəflər.

Seçkilərdə ifrat sağçılar yüksək faizlə səslərin çox hissəsini topladı, Makronun “İntibah” partiyasının dəstəklədiyi namizədlər isə bunu edə bilmədilər. Almaniya kansleri Olaf Şoltsun partiyasının dəstəklədiyi namizədlərin də aqibəti eyni oldu. Xristian Sosial İttifaqının lideri Markus Söder Şoltsa növbədənkənar seçkinin keçirilməsi ilə bağlı çağırış etdi.

Bundan başqa, nəticələr bəlli olandan sonra Makron parlamenti buraxdı və növbədənkənar seçki keçirilməsinə qərar verdi. Amma Fransada keçirilən parlament seçkilərinin birinci turunda sağçı "Milli birlik" partiyası və onunla müttəfiq qüvvələr 33,4 faiz səs toplayaraq qalib gəldilər. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, ikinci pillədə 27,98 faizlə solçu "Yeni Xalq Cəbhəsi" koalisiyası, üçüncü yerdə 20,76 faiz səslə Prezident Emmanuel Makronun koalisiyası, dördüncü sırada isə 6,56 faiz səslə respublikaçılar qərarlaşdı. Yəni fransız xalqı Prezident Emmanuel Makronun düşərgəsinə səs vermədi. Avropadakı bu xaosa paralel olaraq Amerika Birləşmiş Ştatlarında da vəziyyət gərginləşdi. ABŞ-da seçki qabağı 81 yaşlı hazırkı Prezident Co Baydenlə 78 yaşlı sabiq dövlət başçısı Donald Tramp arasında ilk debat keçirildi. Baydenin öz fikirlərini ifadə etməkdə çətinlik çəkdiyi debatda Tramp qalib elan olundu. Bütün bunlar onu göstərir ki, kollektiv Qərb daxili problemlərini həll etməkdə çətinlik çəkir. Avropanın liderləri sayılan şəxslər seçkilərdə uduzur, amerikalı siyasətçilərin nüfuzu sürətlə aşağı düşür. Yaranan bu vəziyyət Almaniya, Fransa və Birləşmiş Ştatlar hökumətini, eləcə də bu ölkələrdə yaşayan xalqı ciddi şəkildə narahat edir. Amma hazırkı gedişatdan məmnun olmayanlar sırasında sürpriz bir ad da var - Ermənistan.

Məlum məsələdir ki, rəsmi İrəvanın son 3 ildə atdığı addımlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təlim və toplantılarından açıq-aşkar imtina etməyə, Müstəqil Dövlətlər Birliyinin işini dalana dirəməyə xidmət edir. Buna paralel olaraq Ermənistanın siyasi rəhbərliyi Avropaya ardıcıl səfərlər təşkil edir, Avropa İttifaqına üzv olmaqla bağlı arzularını dilə gətirir, bu istiqamətdə görüşlərin keçirildiyini bəyan edirlər. Amma hazırda "qoca qitə"də gedən proseslər Paşinyan iqtidarının siyasi kursunda dəyişikliyə səbəb olub. Artıq erməni mətbuatı İrəvanın müdafiəçilərinin bir-bir çökdüyünə dair mütəmadi olaraq yazılar tirajlayırlar. Müxtəlif siyasi şərhçilərin dili ilə Ermənistanın artıq vəziyyəti dəyərləndirdiyi fikirləri səsləndirilir. Məsələn, erməni politoloq Suren Surenyants deyib ki, Baydenin neoliberal dairələr tərəfindən amansız istismarı, ABŞ-da seçki kampaniyasının məzmunu və Fransada parlament seçkisinin birinci turunun nəticələri Qərbin dəyər sistemindəki deqradasiyadan xəbər verir. Bu isə o deməkdir ki, Paşinyanın xaricdəki xaç ataları pis vəziyyətdədirlər, baş nazirin kreslosunu itirməsi riski yüksəkdir. Onsuz da Ermənistanda Nikol Paşinyanın yürütdüyü siyasət uğurlu hesab edilmir və o, mütəmadi olaraq tənqid hədəfinə çevrilir. Kilsə və keçmiş Qarabağ klanı onun istefasını hədəf alan aksiyalar keçirirlər.

Belə olan halda isə İrəvan hökumətinin rəhbərinin yeganə çıxış yolu qalır - münasibətlərini pozmağa çalışdığı keçmiş müttəfiqi ilə əlaqələrini nizama salmaq. Bir neçə gündür Ermənistanın müxalif mediası baş nazir Nikol Paşinyanın öz siyasətində Rusiyaya doğru dönüş etməyə çalışdığı haqda məlumat yayır. Son olaraq "Hraparak" nəşri geosiyasi hadisələrin bir vaxtlar rusofob olan Paşinyanı növbəti dəfə Putinlə yaxınlaşmağa məcbur etdiyini yazıb. Məqalədə, həmçinin bildirilib ki, Rusiyanın Ukrayna cəbhəsindəki qələbəsindən sonra regiona qayıdacağı haqda düşüncə də Nikolu yenidən Kremlə üz tutmağa vadar edib. Artıq bunun müəyyən nümunələrini də görürük. Belə ki, uzunmüddətli boykotdan sonra Ermənistan hakimiyyətinin nümayəndələri yenidən Rusiya Federasiyasına səfərlərini intensivləşdiriblər. Məsələn, iyulun 4-6-da Ermənistan parlamenti sədrinin müavini Akop Arşayanın başçılıq etdiyi nümayəndə heyəti Rusiyanın Çerepovets şəhərində olacaq. Bu, Moskvanın hərbi-siyasi rəhbərliyi ilə aradakı buzları əritməyin yeni yolu hesab olunur.

Buna paralel olaraq, erməni mediası Rusiyanın xoşuna gələ biləcək məlumatların tirajlanması ilə məşğul olur. Mətbuata açıqlamasında iqtisadçı ekspert Suren Parsyan deyib ki, iki ölkənin müxtəlif rəsmiləri tərəfindən qarşılıqlı ittihamların səsləndirilməsindən asılı olmayaraq, Ermənistanla Rusiya arasında iqtisadi əlaqələr dərinləşir. O bildirib ki, bu ilin ilk 4 ayında İrəvanın xarici ticarətinin 60 faizi Moskva ilə olub. 2023-cü ildə isə bu rəqəm cəmi 35-40 faiz təşkil edib. Bu məlumatları gündəmə gətirməklə Ermənistan mesaj verməyə çalışır ki, Qərbin sanksiyaları fonunda Rusiyaya müxtəlif avadanlıq və mexanizmlərin alınması və çatdırılması probleminin həllində kömək edib. İndiki məqamda bu gedişat Moskvanın da maraqlarına uyğundur. İyulun 3-də jurnalistlərə açıqlamasında Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistan Rusiyanın müttəfiqidir. Bu ölkə ilə ticarət dövriyyəsi 7,3 milyard ABŞ dolları təşkil edir. Üstəlik, ötən illə müqayisədə, yanvar-aprel aylarında bu göstərici iki dəfə artıb. Overçukun sözlərinə görə, hazırkı sürət çox yaxşıdır, iqtisadiyyat inkişaf edir. Sözsüz ki, Kreml Nikol Paşinyan iqtidarının siyasi kursunu 180 dərəcə dəyişməsinin səbəbini yaxşı dərk edir. Amma Şərqi Avropada Ukrayna ilə davam edən müharibə fonunda Rusiya Cənubi Qafqazla bağlı problemlərin meydana gəlməsini istəmir. Buna görə də hələlik erməni siyasətçilərin ikili oyunlarına göz yumur. Amma aydın məsələdir ki, "bir əldə iki qarpız tutmaq" cəhdi qəbul olunan davranış deyil. Nə şəxsi münasibətlərdə, nə də diplomatiya müstəvisində. Eyni zamanda yalnız riyakarlar hər kəslə dostluq edə bilər. Riyakarlıq isə zəiflərin ən güclü silahıdır. Ermənistan hazırda bu silahdan istifadə edərək varlığını qorumağa çalışır. Amma görünür, Rusiya və Qərbin məngənəsində sıxışıb qalan rəsmi İrəvan üçün vəziyyət heç də yaxşı olmayacaq.

Jalə QASIMZADƏ,

"Respublika".