Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız daha da fəallaşır
Siyasət

Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız daha da fəallaşır

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 2002-ci il iyulun 5-də "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzalamışdır

1993-cü ildə ikinci dəfə respublika rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının bir amal uğrunda birləşməsi, onların təşkilatlanması istiqamətində böyük işlər gördü. Azərbaycançılıq ideologiyasının banisi olan ümummilli lider xarici ölkələrdə yaşayan soydaşlarımızı olduqları ölkələrdə müstəqil dövlətimizin maraqlarından çıxış etməyə, milli dəyərlərimizin, adət-ənənələrimizin müdafiəçisi, eyni zamanda təbliğatçısı kimi fəaliyyət göstərməyə cəlb etdi. Müstəqilliyimizin bərpasının ilk illərində ölkə həyatının bütün sahələrində olduğu kimi, diaspor quruculuğunda da əsaslı dönüş yarandı. Ulu öndər Azərbaycanın dövlət başçısı kimi xarici ölkələrə etdiyi hər səfərində orada yaşayan həmvətənlərimizlə görüşür, onların problemləri ilə maraqlanır və onlara hər cür kömək göstərirdi. Diaspor quruculuğunu uzaqgörən siyasətinin prioriteti müəyyənləşdirən dahi lider vətəndən uzaqda yaşayan soydaşlarımıza doğma Azərbaycanla sıx bağlı olmağı, milli mentalitetimizi qoruyub saxlamağı, diasporlararası əlaqələri genişləndirməyi tövsiyə edirdi.

2001-ci il may ayının 23-də ümummilli lider Heydər Əliyev dünyanın ayrı-ayrı ölkələrində yaşayan həmvətənlərimiz arasında həmrəyliyin təmin olunması, Azərbaycan icmalarının, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi məqsədilə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Sərəncam imzaladı. Sərəncama müvafiq olaraq həmin il noyabr ayının 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı dövlətçilik tariximizə böyük bir prosesin başlanğıcı kimi daxil oldu və azərbaycançılıq ideologiyasının həyata keçirilməsi üçün milli həmrəyliyin əsası qoyuldu.

Respublikamızın hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ideya ətrafında birləşməsini təmin etmək, diaspor üzvləri arasında əlaqələri daha da möhkəmləndirmək, sıx təmaslar yaratmaq məqsədilə keçirilən I qurultayda 36 ölkənin 200-dən çox müxtəlif təşkilatından 406 nümayəndə və 63 qonaq iştirak etmişdir. Ölkəmiz isə bu tarixi əhəmiyyət kəsb edən tədbirdə 130-dan çox dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan olan 702 nümayəndə və 844 qonaqla təmsil olunmuşdu. Qurultayda geniş məruzə ilə çıxış edən ulu öndər demişdir: "... Bizim vəzifəmiz, Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir ki, bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərsin, onların həyatı ilə maraqlansın və dövlətimizlə ayrı-ayrı ölkələrdə olan Azərbaycan icması arasında əlaqələri daha da inkişaf etdirsin. Azərbaycanın xaricində yaşayan azərbaycanlılar isə gərək, indi müstəqil Azərbaycan ilə daha da sıx əlaqələr qursunlar. Bunlar hamısı dünyada olan bütün azərbaycanlıların birliyinin, həmrəyliyinin təmin olunması üçün əsas şərtlərdir".

Dünya Azərbaycanlılarının I Qurultayından sonra 2002-ci il iyulun 5-də Prezident Heydər Əliyev Azərbaycan diaspor fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd - "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzalamışdır.

Ulu öndərin məqsədyönlü, uzaqgörən siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyev xalqımızın milli mənsubiyyətinin, mənəvi dəyərlərinin qorunub saxlanması və ümumbəşəri dəyərlərə inteqrasiyasını, azərbaycançılığın dövlət ideologiyası olaraq həyata keçirilməsini, ölkəmizin beynəlxalq arenadakı nüfuzunun daha da artırılmasını, respublikamız haqqında tam obyektiv, dolğun informasiyaların dünya ictimaiyyətinə çatdırılmasını diaspor təşkilatları qarşısında əsas məqsəd, mühüm vəzifə olaraq qoyub. Dövlət başçısının diaspor quruculuğu sahəsinə xüsusi diqqət və qayğısı sayəsində bu gün dünyanın ayrı-ayrı ölkələrində yaşayan həmvətənlərimiz mütəşəkkil şəkildə birləşir, onların fəaliyyət dairəsi günbəgün daha da genişlənir. Dünya azərbaycanlılarını dövlətimiz, xalqımız üçün böyük qüvvə hesab edən Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2006-cı il mart ayının 16-da paytaxt Bakıda 49 xarici ölkədən 593 nümayəndə və 388 nəfər qonağın iştirakı ilə Dünya Azərbaycanlılarının II Qurultayı keçirilmişdir. Tədbirdə Qurultayın qətnaməsi qəbul olunmuş, Azərbaycan Respublikası Prezidenti və dünya azərbaycanlılarına müraciətlər edilmişdir. Qurultay nümayəndələri, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatına, Azərbaycan və türk diaspor təşkilatlarına da müraciət etmişlər.

Respublikaya rəhbərliyinin ilk vaxtlarından etibarən dünyanın dörd bir tərəfində yaşayan həmvətənlərimizin ulu öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyası ətrafında birləşməsi istiqamətində mühüm addımlar atan Prezident İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Xaricdə yaşayan azərbaycanlılar, onların təsis etdiyi diaspor təşkilatları, dost ölkələrin xalqlarının diasporları ilə əlaqələrin genişləndirilməsini, dövlət və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi diasporla iş sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında və inkişafında yaxından iştirak edir. Dünyanın ayrı-ayrı ölkələrində yaşayan həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsinə, onların doğma ana dilimizi öyrənmələrinə, milli adət-ənələrimizi qoruyub saxlamalarına, başqa xalqların diaspor təşkilatları ilə əlaqə qurmalarına hər cür köməklik göstərir. Bu gün dünyanın 15 ölkəsində 29 Azərbaycan Evinin olması bunun ən bariz nümunəsidir.

2022-ci il aprel ayının 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayının - Zəfər Qurultayının işə başlaması bütün dünyaya səs saldı. Qurultay xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın öz Vətənləri ilə sıx əlaqə saxladıqlarını və bu əlaqələrin günbəgün təkmilləşdiyini ehtiva etdi. Bu birlik İkinci Qarabağ müharibəsində özünü daha aydın şəkildə göstərmişdi. O zaman Vətəndən uzaqda olmasına baxmayaraq, hər bir azərbaycanlının ürəyi doğma Vətənində - Şuşada, Qarabağda döyünürdü. Bu birlik, bu həmrəylik isə tarixi Zəfərimizi şərtləndirdi. Zəfər Qurultayında geniş nitq söyləyən dövlət başçımız demişdir: "Əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Burada onlar, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər. Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir".

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi öz fəaliyyətində müəyyən etdiyi əsas istiqamətlərdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təsis etdikləri diaspor təşkilatlarını dövlətimizin müstəqilliyinin və suverenliyinin daha da möhkəmləndirilməsinə, respublikamızın iqtisadi, sosial və mədəni inkişafına, dövlətlər, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı münasibətlərin qurulması və inkişaf etdirilməsi işinə cəlb etməkdir. Komitə, həmçinin ölkəmizin hüdudlarından kənarda yaşayan həmvətənlərimiz haqqında xüsusi məlumat bankının yaradılmasını təmin edir, onların beynəlxalq hüquq normaları çərçivəsində milli-mədəni muxtariyyətlər və ictimai birliklər yaratmalarına yardım göstərir. 2019-cu ildə fəaliyyətə başlayan "Azərbaycan Diaspor Könüllüləri" yerli və beynəlxalq layihələrə, gənclərin müxtəlif ölkələrdə keçirdiyi tədbirlərə və maarifləndirici aksiyalara qoşulmaqla diaspor sahəsində dövlət siyasətinə ictimai dəstəyin təşkilində yaxından iştirak edir.

Bu gün dünya nizamının dəyişdiyi, ölkələr, xalqlar arasında əlaqələrin yenidən formalaşdığı zaman kəsiyində diaspor təşkilatlarının yaranması və fəaliyyəti ölkəmiz üçün vacib amildir. Belə ki, dünya xalqlarının bir-birinə inteqrasiyası, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu fonunda diaspor quruculuğu tarixi zərurət kimi meydana çıxır. Müasir dünyanın çağırışlarına hər zaman çevik cavab verən Azərbaycan bu sahədə də məqsədyönlü siyasət yürüdür. Düzgün, düşünülmüş siyasətin nəticəsidir ki, beynəlxalq aləmdə dövlətimizin maraqlarının müdafiəsi, ölkəmizin həqiqətlərinin dünyaya çatdırılması istiqamətində böyük qüvvə kimi çıxış edən diaspor təşkilatlarımız gündən-günə fəallaşır. Xaricdə yaşayan azərbaycanlıların tarixi vətənləri ilə sıx təmasda olmaları, yaşadıqları ölkələrdə Azərbaycanı qürurla, iftixarla təmsil etmələri isə müstəqil dövlətimizi daha da gücləndirir.

Mehparə ƏLİYEVA,

"Respublika".