İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Azərbaycan güləş millisi komanda hesabında üçüncü olub

Serbiyada keçirilən 20 yaşlılar arasında Avropa çempionatı başa çatıb. Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası çempionatın üçüncüsü olub. Yığmamız ümumilikdə 4 medal qazanıb. Komandanın tərkibində yer alan İsmayıl Rzayev (82 kiloqram) gümüş, Tural Əhmədov (60 kiloqram), Məhəmməd Şükürzadə (63 kiloqram) və Ruslan Nurullayev (72 kiloqram) isə bürünc medal əldə ediblər. Yekunda 93 xal toplayan yığmamız komanda hesabında 3-cü yeri tutub.

İdmançılarımız reytinq turnirində 2 medal qazanıblar

Serbiyanın Novi Sad şəhərində təşkil edilən Dünya Reytinq Turnirində idmançılarımızın çıxışı uğurlu olub. Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov 10 metr məsafəyə gülləatma yarışında ikinci olub. O, 561 xalla turnirin gümüş medalını qazanıb. Digər paraatıcımız Aybəniz Babayeva 10 metr məsafədən atəş açmada bürünc medal qazanıb.

"Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında

Rusiyanın Yakutsk şəhərində keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında idmançılarımızın mübarizəsi davam edir. Ölkəmizi təmsil edən boksçumuz Nihad Qasımov finala yüksəlib. Digər boksçular - Haqverdi Həsənov (57 kiloqram), Nurlan Abışov (60 kiloqram) və Valeh Eyvazlı (66 kiloqram) isə finala gedən yolda rəqiblərinə uduzduqları üçün turniri bürünc medalla başa vurublar. Koreş güləşi üzrə idmançımız Fərid Nağıyev (60 kq) bürünc medal qazanıb. Kəmər (alış) güləşi üzrə idmançılarımızdan Əli Ələsgərli (65 kq) gümüş, Fidan Bəşirli (55 kq) isə bürünc medal qazanıblar.

"Baku Open 2024" beynəlxalq şahmat festivalı davam edir

Bakı İdman Sarayında təşkil olunan şahmat üzrə "Baku Open 2024" Beynəlxalq Şahmat Festivalında 5-ci tur başa çatıb. 5 turun nəticələridə görə, A qrupunda yarış cədvəlinə 4,5 xalı olan İran şahmatçısı Sina Movahed başçılıq edir. Şahmatçılarımızdan Rauf Məmmədov, Murad İbrahimli, Aydın Süleymanlı, Vüqar Əsədli, Read Səmədov, Nicat Abasov liderdən yarım xal geri qalır və 4-9-cu yerləri bölüşdürürlər. B qrupunda maksimum xal toplayan Elgün Xanalizadə birinci pillədə qərarlaşıb. Kamran Babayev, Nihad Əhmədli, Uğur Mirzəyev, Əkbər Mirzəyev, Əhməd Hüseynov, Xanlar Allahverdiyev 4,5 xalla 2-8-ci yerləri tuturlar. Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Bolqarıstan, Gürcüstan, Hindistan, İran, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan şahmatçıları iştirak edirlər.

Nərgiz İSMAYILOVA,

"Respublika.