Maarifçi publisist, icti mai-siyasi və dövlət xa dimi
Tarixi şəxsiyyətlər

Maarifçi publisist, icti mai-siyasi və dövlət xa dimi

Nəsib bəy Yusifbəyli Azərbaycan Cümhuriyyətinin qurucularından və hökumət başçılarından biri olub. Eyni zamanda bu ad çağdaş Azərbaycan tarixində ictimai-siyasi xadim, publisist, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri, AXC Parlamentinin üzvü, Zaqafqaziya Demokratik Federativ Respublikasının maarif naziri və digər yüksək titulların sahibi kimi xatırlanır.

1881-ci ildə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə dünyaya gəlib. İlk təhsilini atası Yusif bəydən alsa da, Gəncə klassik gimnaziyasını bitirdikdən sonra Nəsib bəy 1902-ci ildə Odessa şəhərindəki İmperator Novorossiysk Universitetinin hüquq fakültəsinə daxil olub. Burada azərbaycanlı tələbələrlə birlikdə Azərbaycan Yerlilər Cəmiyyətinin yaradılmasında fəal iştirak edib. Lakin tələbələrin inqilabi hərəkatından qorxuya düşən çar hökuməti bir müddət universiteti bağlamaq məcburiyyətində qalıb. Baş verənlərdən sonra Nəsib bəy Yusifbəyli təhsilini davam etdirmək üçün Xarkov Universitetinin hüquq fakültəsinə qəbul olmaq istəsə də, vəziyyət elə gətirir ki, o, təhsilini yarımçıq qoyub Krımda yerləşən Baxçasaray şəhərinə gedir. Burada Nəsib bəy üçün yeni yol açılır. Belə ki, o, burada İsmayıl Qaspıralının "Tərcüman" qəzetində işləməyə başlayır. Nəsib bəyi İsmayıl Qaspıralı ilə tanış edən isə Nəriman Nərimanov olur. Bağçasaray həyatı Nəsib bəyin taleyində mühüm rol oynayır. O, burada İsmayıl Qaspıralının qızı Şəfiqə Qaspıralı ilə ailə həyatı qurur. 39 illik qısa ömründə Nəsib bəyin taleyi elə də rahat, rəvan olmamışdır. Xalq, dövlət uğrunda amallar ailə meyarlarını üstələmişdir. İki övlad sahibi olan Nəsib bəy Yusifbəyli həyat yoldaşı Şəfiqə xanımdan ayrılsa da, hər zaman övladları - Zöhrə və Niyazi ilə əlaqə saxlamışdır. Qızı Şəfiqə xanımla ailə bağları qırılsa da İsmayıl bəy Qaspıralı Nəsib bəyə həmişə böyük hörmətlə yanaşmışdır. Hətta 1914-cü ildə İsmayıl bəy ömrünün son günlərini yaşadığını hiss edərək Nəsib bəyi Baxçasaraya çağıraraq, son vəsiyyətini ona etmişdir. Həmin illərdə böyük şəxsiyyət Azərbaycan dramaturqlarının əsərlərini Baxçasarayda tamaşaya qoyur və özü də əsas rollarda çıxış edirdi.

Siyasi düşüncə və fəaliyyətinə görə çar hökuməti tərəfindən həmişə təqib olunan Nəsib bəy İstanbula köçmək qərarına gəlir. 1908-ci ildə buraya gələn Nəsib bəy publisistik fəaliyyətlə bərabər, "Türk dərnəyi" Cəmiyyətinin təşkili ilə də məşğul olur. Lakin 1909-cu ildə İstanbuldan Gəncəyə dönərək Gəncə Şəhər Dumasında fəaliyyət göstərməyə başlayır. Həmçinin "Molla Nəsrəddin" jurnalı və "Tərcüman" qəzetinə məqalələr göndərir, "Müsəlman Xeyriyyə Cəmiyyəti", "Müsəlmanların Maariflənməsi Cəmiyyəti", "Aktyorlar Cəmiyyəti"ndə yaxından iştirak edir. Nəsib bəy Gəncədə xeyirxahlığı, maarifpərvərliyi ilə sayılıb-seçilən ziyalılardan idi. İşlərinin çoxluğuna baxmayaraq, o, mütəmadi olaraq Bakıda "Açıq söz" qəzetinin redaksiyasına gəlirmiş. Elə Məhəmməd Əmin Rəsulzadə ilə də burada tanış olur. Onların dostluq münasibətləri sonralar əqidə, amal dostluğuna çevrilir. Siyasi mücadiləyə başlayan Nəsib bəy 1917-ci ilin mart ayında Gəncədə Türk Ədəmi-Mərkəziyyət Partiyasını yaradır. İyun ayında isə Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi "Müsavat" partiyası ilə Türk Ədəmi-Mərkəziyyət Partiyasını birləşdirir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir çox məsul vəzifələrdə çalışır. O, 1918-ci il dekabrın 31-də Azərbaycan qubernatorlarına məktub göndərərək, bütün quberniya və qəzalarda xalq maarif işinə ciddi fikir verilməsini xahiş edir. Onun bu sahədəki fəaliyyəti dövründə xalqın və dövlətin taleyində atılan mühüm addımlardan biri Azərbaycan dilinin dövlət dili elan edilməsi olmuşdur. Nəsib bəy Yusifbəyli Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında böyük əməyi olduğu kimi, millətin təhsilində də önəmli, əhəmiyyətli rol oynamışdır. Məhz onun təqdimatı ilə hökumət 1918-ci il avqust ayının 28-də Azərbaycan məktəblərinin milliləşdirilməsi haqqında qərar qəbul etmişdir. 1919-cu ilin əvvəllərindən isə Azərbaycanda dövlət hesabına 637 ibtidai, 23 orta ixtisas təhsili verən məktəb fəaliyyətə başlamışdır.

Daim Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə aparan, bu istiqamətdə mühüm addımlar atan Nəsib bəy Yusifbəyliyə 1919-cu ildə Dördüncü hökumət kabinetinin təşkili tapşırılır. Qısa ömür yaşamasına baxmayaraq, Nəsib bəy Azərbaycan tarixində millətin maarif və ictimai-siyasi həyatında əvəzsiz xidmətlər göstərən şəxsiyyət kimi yaşayacaq. Hələ Nəsib bəyin baş nazir kimi çalışdığı dövrdə - 1920-ci il yanvar ayının 11-də Azərbaycan istiqlaliyyətinin nəhəng dövlətlər tərəfindən de-fakto tanınması baş verir. Parlamentin 14 yanvar iclasında Nəsib bəy şad xəbəri xalqa çatdırır: "Azərbaycanın müstəqilliyi Böyük Avropa millətlərinin Ali Şurası tərəfindən yekdilliklə tanınmışdır. Azərbaycanın Qərb xalqları ailəsinin tamhüquqlu üzvlüyünə daxil olması onun tarixində ən işıqlı gündür".

O, Azərbaycan Cümhuriyyətinin İstiqlal Bəyannaməsini imzalayanlardan və müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olub. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra Fətəli xan Xoyskinin təşkil etdiyi Birinci hökumət kabinetində Nəsib bəy Yusifbəyli maliyyə və xalq maarifi naziri vəzifəsini, Xoyskinin İkinci və Üçüncü hökumət kabinetlərində də xalq maarifi və dini etiqad naziri vəzifələrini tutmuşdu. Nəsib bəy Yusifbəyli dövlət, xalq yolunda göstərdiyi bütün fəaliyyətinə görə Cümhuriyyətin əsas sütunlarında dayanan dörd əsas şəxsiyyətdən biri kimi qiymətləndirilmişdir. Həmin dövrdə Azərbaycanın daxili və xarici düşmənləri durmadan çalışırdılar ki, hələ möhkəmlənməmiş gənc müstəqil dövləti məhv etsinlər. RSFSR-in xarici işlər naziri Çiçerin Vladimir Leninin tapşırığı ilə Bakıya dalbadal ultimatumlar göndərir, hakimiyyətin bolşeviklərə təhvil verilməsini tələb edirdi. Bununla bərabər, irticaçı bolşevik hökuməti Azərbaycanda silahlı çevrilişə də hazırlaşırdı. Nəticədə, 1920-ci il aprelin 28-də Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən və kommunist rejimi qurulduqdan sonra Nəsib bəy ona qarşı təşkil edilən təqiblərdən yaxa qurtarmaq məqsədilə mühacirətə getmək üçün Bakını tərk edib.

Bütün varlığı ilə məmləkətin işıqlı sabahı, xoş gələcəyi üçün savaşan bu böyük şəxsiyyət sadə həyat yaşasa da, özünü millət yolunda fəda etmişdir. Onun ideya və əməlləri istər ictimai-siyasi, istər vətənpərvərlik, istərsə də təhsil sahəsində daim yaşayacaq. Ömrünü xalqının, dövlətinin yüksəlişinə həsr edən Nəsib bəyin ölümü də müəmmalı olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin 28 aprel 1920-ci ildə süqut etməsindən sonra Nəsib bəy Tiflisə yola düşür. 31 may tarixində yolda müəmmalı şəkildə vəfat edir. Bəzi mənbələrdə yazılan məlumatlara görə, Nəsib bəy Gürcüstana gedərkən yolüstü Yevlaxda Cümhuriyyət Parlamentinin üzvü, dostu Qarxunlu Əşrəf bəyin evində qalır. Dostundan ayrılıb, gedərkən yolda bolşevik xəfiyyələrinin pusqusuna düşür və Nəsib bəy öldürülür. Deyilənlərə görə, qatillər onun cəsədini Kür çayına atıblar. İndiyədək bu böyük millət fədaisinin nə cəsədi, nə də qəbri tapılıb.

Ramidə YAQUBQIZI,

"Respublika".