Tariflər yeni imkanlar yaradacaq
Sosial həyat

Tariflər yeni imkanlar yaradacaq

Nazirlər Kabinetinin və Tarif (qiymət) Şurasının qərarı ilə təsdiq edilmiş təlimata uyğun olaraq dəyişikliklər aparılıb. Qərar 1 iyul 2024-cü il tarixindən qüvvəyə minib. Aidiyyəti beynəlxalq qurumlar və ictimaiyyət tərəfindən ekoloji mühitin qorunması, emissiyaların azaldılması və daha təmiz nəqliyyat növlərinin təşviqi ilə bağlı çağırışlar artır. Azərbaycanda yanacağın keyfiyyətinin yüksək standartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədilə neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işləri həyata keçirilir, bu sahəyə investisiya xərcləri artır. Ölkəmizdə Avro-5 standartına tam uyğun olaraq istehsal olunan dizel yanacağının və Aİ-92 benzininin maya dəyərinin yüksəlməsi bu məhsulların satış qiymətlərinin artırılmasını zəruri edir.

Bununla bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 29 iyun 2024-cü il tarixində keçirilən növbəti iclasında Aİ-92 markalı benzinin və dizel yanacağının qiymətinin tənzimlənməsi qərara alınıb. Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib. Dizel yanacağından istifadənin yüksək ekoloji zərərini nəzərə alaraq daha çox benzin istehlakına keçilməsi məqsədilə benzinlə dizel arasındakı qiymət fərqi azaldılıb. Qiymət dəyişikliyi enerji təhlükəsizliyinin dayanıqlılığını təmin etməklə yanaşı, yanacağa qənaət edən hibrid, elektrik və sıxılmış təbii qaz (CNG) mühərrikli avtomobillərə keçidi sürətləndirəcək. Statistikaya əsasən, son illərdə Azərbaycana avtomobil idxalında elektrik mühərrikli avtomobillərin sayı artır. Yanacağın keyfiyyətinin yüksəldilməsi öz növbəsində nəqliyyat vasitələrinin təmirinə çəkilən xərclərin azaldaraq istismar müddətini uzadacaq.

Yeni tarif keçidinə baxmayaraq, psixoloji amil səbəbindən tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün ciddi nəzarət tədbirləri həyata keçiriləcək. Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri əksər ölkələrlə müqayisədə yüksək deyil. Bəzi ölkələrdə artıq Aİ-92 markalı benzin istehsal olunmur və satılmır. Dizelin daha yüksək ekoloji zərərinə görə istehlakının azaldılması məqsədilə qiyməti bahalaşdırılır. Dünya səviyyəsində böyük istehsalçılar "premium" markalı, elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına keçidi sürətləndirirlər. Avropa İttifaqında benzin və ya dizel mühərrikli yeni avtomobillərin istehsalı və qeydiyyatının dayandırılması istiqamətində tədbirlər həyata keçirilir. Dayanıqlı inkişafı hədəf götürmüş Azərbaycanda nəqliyyatın strukturu bu istiqamətə uyğunlaşdırılır. İclasda bərk məişət tullantılarının idarə edilməsi üzrə tariflərə də baxılıb. Bərk məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması, ölkədə kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir.

Ekoloji tarazlığın qorunmasıda ferrosilisium istehsalı sahəsinə verilən elektrik enerjisi üzrə xidmətlərin tarifinə dair düzəlişlər öz əksini tapır. Belə ki, sənaye zonalarının yaradılması və onların iş keyfiyyətinin yaxşılaşdırılması məqsədilə ferroərintilərin istehsalının həyata keçirilməsi olduqca böyük önəm kəsb edir. Xüsusilə bir sıra əlvan metalların istehsalı zamanı istifadə olunan ferrosilisiumun istehsalı da ön planda olacaq. Bununla yanaşı, ixracyönümlü olduğu üçün beynəlxalq rəqabətə davamlılığı nəzərə alınaraq, ferrosilisium istehsalı sahəsinə də yeni tarifin tətbiq edilməsi məqbul hesab edilib.

Ümumiyyətlə, səhiyyədən sənayeyə demək olar ki, hər sahəni əhatə edən yeni tariflərin mövcud vəziyyəti daha da stimullaşdırması gözlənilir. Məhz 115 dərman vasitəsinin qiymətinin yuxarı həddinin təsdiq edilib və etibarlı təchizatın təmin olunması məqsədilə 62 dərman vasitəsinin qiymətinin yuxarı həddində dəyişikliklər aparılması da bu qəbildəndir. Qeyd edək ki, bu addım 15 sentyabr 2023-cü il tarixindən ölkədə bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı hədd səviyyəsində göstərilməsini təsdiq edir. Məhz yeni tarif qərarına uyğun olaraq dərmanları aşağı qiymətə almaq mümkün olacaq.

Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirməsi xidmətləri üzrə də tariflərə müəyyən dəyişikliklər edilib. Amma bu tariflər əsasında ödənişlər xidmətlə bağlı xərcləri qarşılamadığı üçün bu sahəyə dövlət büdcəsindən subsidiya ayrılır. Aşağı tariflər bu sahəyə özəl sektorun marağını azaldır. Subsidiyanın ayrılması ilə tariflərin aşağı səviyyədə saxlanılması əhali və qeyri-əhali abonentlərinin uçotunun təşkili və yığımla əlaqədar problemlərə səbəb olur. Büdcədən əhəmiyyətli dərəcədə asılılıq dövlət tənzimlənməsinin təkmilləşdirilməsi siyasətinə uyğun gəlmir. Qeyd edilən səbəblər bu sahədə yeni tənzimləməni zəruri edir. Tarif dəyişikliyi nəticəsində əhali üzrə 1 nəfərin aylıq xərci cəmi 70 qəpik artacaq. Digər ölkələrdə bu sahədə tariflərlə müqayisə aparaq. Məsələn, əhali qrupu üzrə Rusiyada 9 manat/kubmetr, Qazaxıstanda 2 manat/nəfər/ay, Gürcüstanda 1,6 manat/nəfər/ay, Belarusda 7-8,3 manat/kubmetr, qeyri-əhali qrupu üzrə Rusiyada 16-20 manat/kubmetr, Qazaxıstanda 7 manat/kubmetr, Gürcüstanda 9,5 manat/kubmetr, Belarusda 8,4-16,6 manat/kubmetr arasında dəyişir.

Sonda isə qeyd edək ki, bütün bunlar dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə səbəb olacaq. Əsasən də özəl sektorun bu sahələrə marağı artacaq.

Nurlan ABDALOV,

"Respublika".