Qlobal əməkdaşlıq geosiyasi sabitliyi möhkəmləndirməklə ekoloji məsuliyyəti artırır
İqtisadiyyat

Qlobal əməkdaşlıq geosiyasi sabitliyi möhkəmləndirməklə ekoloji məsuliyyəti artırır

Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) Avropa və onun qonşu regionları üçün enerji təhlükəsizliyinin artırılması və enerji mənbələrinin şaxələndirilməsinə yönəlmiş mühüm infrastruktur layihələrdəndir.

Cənub Qaz Dəhlizinin bir hissəsi olan bu layihələr enerji landşaftının yenidən formalaşdırılmasında, vahid təchizatçıdan asılılığın azaldılmasında, iqtisadi və geosiyasi sabitliyin təşviqində mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, Azərbaycan qazının Avropaya tədarükünə Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlanılıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrdir, 2027-ci ilin sonunadək isə bunun 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.

Tarixən Avropa Rusiya qazından əhəmiyyətli dərəcədə asılı olub və hansısa səbəbdən tədarükün kəsilməsi ehtimalı onu məsələyə qarşı həssas edib. TAP və TANAP layihələri Xəzər regionundan, xüsusən də Azərbaycanın "Şahdəniz" qaz yatağından təbii qaz tədarükü alternativ marşrut kimi bu riski azaltmaq üçün nəzərdə tutulub.

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Avropaya 4.2 milyard kubmetr qaz ixrac olunub. Bu müddət ərzində Türkiyəyə 3.2 milyard kubmetr, Gürcüstana isə 1.1 milyard kubmetr qaz ixrac edilib. Energetika naziri Pərviz Şahbazovun "X" sosial şəbəkəsindəki hesabında verdiyi məlumata görə, bu dövrdə ölkə üzrə 500 milyon kubmetr artımla hasil edilmiş 16,7 milyard kubmetr qazın 8,5 milyard kubmetri ixrac olunub. Xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 2,7 faiz çoxalıb. TAP-ın ümumi uzunluğu 878 kilometrdir ki, bunun da 550 kilometri Yunanıstanın şimal hissəsindən, 215 kilometri Albaniya ərazisindən, 105 kilometri Adriatik dənizinin dibi ilə, 8 kilometri isə İtaliya ərazisindən keçir.

Bolqarıstana "mavi yanacağın" nəqli TAP-a birləşdirilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) ilə reallaşdırılır. "Bulgargaz EAD" dövlət şirkəti "Şahdəniz-2" yatağından 1 milyard kubmetr qazın tədarükünü nəzərdə tutan "Şahdəniz" Konsorsiumu ilə müqavilə imzalayıb. Qeyd edək ki, ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir və onun illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olması planlaşdırılır. Cənubi Qafqaz Boru Kəməri Trans-Xəzər Boru Kəmərinə qoşulmaqla bu layihələr qazın Avropaya davamlı və etibarlı axınını təmin edir və bununla da ənənəvi təchizatçıların inhisarını azaldır. Bu diversifikasiya təkcə alternativ mənbələrin tapılması deyil, həm də Avropa istehlakçıları üçün daha uyğun qiymət və təchizat etibarlılığı təklif edə bilən rəqabətli enerji bazarının yaradılması ilə əlaqədardır.

TAP və TANAP-ın tikintisi və istismarı iştirakçı ölkələrə əhəmiyyətli iqtisadi faydalar gətirib. Bundan əlavə, bu layihələr yerli infrastruktura, o cümlədən yollara, limanlara və kommunikasiya şəbəkələrinə sərmayələrin qoyulmasına təkan verib, bununla da iqtisadiyyatı gücləndirib. Aprelin 24-də ADA Universitetində keçirilmiş "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyev deyib ki, Avropa, Avropa İttifaqı Azərbaycandan əlavə qaz istəyir. Bu məqsədlə təqribən iki il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaslıq üzrə bəyannamə imzalanmışdır: "Bu sənədə əsasən bizim Avropaya qaz təchizatımız 2021-ci ildə 8 milyard kubmetrdən 2027-ci ildə 20 milyard kubmetrə qədər artmalıdır. Bu, bir öhdəlik deyil, bu, bir hədəfdir. Biz bu hədəfə doğru gedirik. Bu il Avropaya qaz təchizatımız təqribən 12 milyard kubmetr olacaq. Bu, 2021-ci illə müqayisədə 4 milyard kubmetr çoxdur".

Geosiyasi nöqteyi-nəzərdən TAP və TANAP iştirakçı ölkələr arasında əməkdaşlığı genişləndirir, regional sabitliyi gücləndirir. Belə geniş infrastrukturun inkişafı diplomatik və iqtisadi əlaqələri təşviq edir və bu, daha geniş regional inteqrasiyaya gətirib çıxarır. TAP Konsorsiumunun xarici əlaqələr şöbəsinin müdiri Vüqar Veysəlov Belqrad Enerji Forumunda çıxışında deyib ki, bərpa olunan enerji mənbələrinə keçid uzunmüddətli hədəf olsa da, təbii qaz kömür və neftlə müqayisədə daha azkarbonlu mühüm keçid yanacağı olaraq qalır.

TAP-ın genişləndirilməsi Avropa İttifaqının (Aİ) karbonsuzlaşdırma məqsədlərinə nail olmağa kömək edə bilər. V.Veysəlov bu kəmərin Avropaya enerji təchizatının təmin edilməsində mühüm rol oynadığını qeyd edərək deyib: "TAP kritik enerji infrastrukturuna çevrilərək, ciddi enerji təchizatı problemləri dövründə qazın Aİ-yə yeni mənbədən və alternativ marşrutla çatdırılmasını təmin edib". O bildirib ki, Avropa aşağı karbonlu gələcəyə keçid edərkən, rəqabətədavamlı qalmaq üçün alternativ, təhlükəsiz, etibarlı və sərfəli enerji təchizatının saxlanması vacibdir.

2025-ci ilin sonunadək TAP-ın genişləndirilməsinin birinci mərhələsi çərçivəsində əlavə 1,2 milyard kubmetr Azərbaycan qazı ixrac ediləcək. Bunun da 1 milyard kubmetrini 2026-cı ildən İtaliya, 200 milyon kubmetrini isə Albaniya alacaq. Türkmənistan təbii qazının da Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə nəqlinə dair razılıq əldə olunub. Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla İstanbulda təbii qaz sahəsində Türkiyə-Azərbaycan Əməkdaşlıq Sazişi imzalanması mərasimindən sonra mətbuat konfransında bildirib ki, iki ölkə bu günə qədər bir çox layihəni birgə inkişaf etdirib. Bakı-Tbilisi-Ceyhan Xam Neft Kəməri Xəzər və Qafqaz regionlarından neftin, xüsusən də Azərbaycan neftinin Türkiyəyə, Türkiyə vasitəsilə isə dünya bazarlarına çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Bunun dünya neft tədarükü bazarı üçün balanslaşdırılmış vacib bir layihə olduğunu vurğulayan türkiyəli nazir Azərbaycan və Türkiyənin Bakı-Tbilisi-Ərzurum Təbii Qaz Boru Kəməri və Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihələrini inkişaf etdirdiyini deyib. Xüsusilə də yeni imzalanan sazişin 2030-cu ilə qədər Azərbaycan və Xəzərdəki təbii qazın Türkiyəyə çatdırılmasını əhatə etdiyini bildirib. Azərbaycanın iqtisadiyyat naziri M.Cabbarov da öz növbəsində Türkiyə-Azərbaycan əməkdaşlığının Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini diqqətə çatdırıb, İğdır-Naxçıvan Boru Kəmərinin əhəmiyyətinə toxunub, bölgəyə göndəriləcək təbii qazla həm Naxçıvanın enerji təhlükəsizliyinin, həm də Türkiyə-Azərbaycan qardaşlığının güclənəcəyini söyləyib.

Müasir boru kəməri texnologiyası və ciddi təhlükəsizlik qaydaları bu layihələrin yüksək ekoloji standartlara uyğun olmasını təmin edir, dağılma riskini və ətraf mühitə digər təsirləri minimuma endirir. İnfrastrukturun inkişafına bu məsuliyyətli yanaşma enerji ehtiyaclarını ətraf mühitin mühafizəsi ilə balanslaşdırmaq öhdəliyini vurğulayır.

TAP və TANAP layihələri Avropanın enerji təhlükəsizliyini, iqtisadi rifahı və geosiyasi sabitliyi artırmaq strategiyasının əvəzsiz komponentləridir. Enerji təchizatı marşrutlarını və mənbələrini şaxələndirməklə, onlar ənənəvi təchizatçılara etibarlı alternativ təmin edir, tranzit və təchizatçı ölkələrdə iqtisadi artıma töhfə verir və regional əməkdaşlığı gücləndirir. Dünya daha yaşıl enerji həllərinə doğru irəliləyərkən, bu boru kəmərləri aralıqda sabit və təmiz enerji təchizatını təmin edən mühüm körpü rolunu oynayır. TAP və TANAP-ın əhəmiyyətini qiymətləndirməmək olmaz, çünki onlar Avropa və onun hüdudlarından kənarda daha təhlükəsiz, firavan və möhkəm enerji gələcəyinin formalaşmasında mühüm rol oynayır.

Nurcan SÜLEYMANOVA,

"Respublika".