Milli maraqlara xidmət edən səmərəli əməkdaşlıq
İqtisadiyyat

Milli maraqlara xidmət edən səmərəli əməkdaşlıq

1994-cü ildə Azərbaycan hökuməti ilə xarici neft şirkətləri arasında imzalanan "Əsrin müqaviləsi"nin həyata keçirilməsi məqsədilə imzalanan müqavilədə bir neçə neft boru kəmərinin tikilib istifadəyə verilməsi nəzərdə tutulurdu. Bu kəmərlərdən biri də məhz neftin Azərbaycandan hasil edilərək Gürcüstandan keçməklə dünya bazarlarına nəqlini həyata keçirən Bakı-Supsa neft kəməridir.

Kəmər haqqında müqavilə 1996-cı ilin 6 martında Tbilisidə imzalanıb. Uzunluğu 830 km, illik ötürmə qabiliyyəti 5,1 milyon ton, gündəlik ötürmə gücü 115 min barel neft olan bu kəmərin dəyəri 565 milyon ABŞ dollarıdır. Bununla yanaşı, boru kəmərinin tam gücü ilə işləməsini təmin etmək məqsədilə Supsada hər birinin tutumu 250 min barel olan 4 terminal da tikilib istifadəyə verilib. 1997-ci il 12 noyabr tarixində ilk neft Azərbaycanın “Çıraq-1” neft yatağından Supsaya göndərildi. Ulu Öndər Heydər Əliyev ilkin neftin çıxarılması hadisəsini qeyd etmək məqsədilə açıq dənizdə tikilən platformaya baş çəkdi, burada çalışan azərbaycanlılarla yanaşı, xarici neftçilərlə də görüşdü.

Səngəçal neft terminalından başlayan neft kəmərinin son məntəqəsi 1998-ci ildə Supsada tikilmiş terminaldır. Bakı - Supsa neft kəməri Şərq - Qərb enerji dəhlizinin fəaliyyətə başlamasında ilk real addım kimi tarixə düşdü. Həmçinin enerji layihələri üzrə Azərbaycan və Gürcüstan hökumətlərinin əməkdaşlığının əsasını qoydu. Regionda investisiya qoyuluşunun artmasında, sosial rifahın yüksəlməsində, siyasi sabitliyin təmin olunmasında neft boru kəmərinin özünəməxsus yeri var. Boru kəmərinin neft şirkətləri üçün iqtisadi səmərəliliyi müəyyən olunmuş nəqletmə tarifləri ilə şərtlənirdi. Belə ki, Bakı-Supsa neft kəməri Şimal marşrutu ilə müqayisədə daşınma tariflərinin xeyli aşağı olmasına görə rəqabət qabiliyyətini ciddi şəkildə artırırdı. Bu səbəbdən kəmərin istismarı həm xarici neft şirkətləri, həm də ölkəmiz üçün iqtisadi baxımdan sərfəli idi.

Həmin illərdə Azərbaycanın neft strategiyasının həyata keçirilməsinə mane ola bilməyən bəzi düşmən dairələr müxtəlif xəbərlər, fikirlər uydurub yaymağa başladılar ki, guya Azərbaycan Dünya Birliyinə yalan məlumat verib, Xəzər dənizində güman edildiyi qədər neft yoxdur və guya bəzi neft şirkətləri Xəzər dənizinə, xüsusən Azərbaycan sektoruna marağı itirirlər. Lakin bu informasiyalar tamamilə yalan idi. Ulu Öndər Heydər Əliyev açılış zamanı nitqində faktlara əsaslanaraq xəbərlərin əsassız olduğunu bir daha təsdiq etdi: "Lakin aydın olsun deyə bildirmək istəyirəm ki, imzalanmış 16 müqavilə üzrə Azərbaycana təxminən 50 milyard dollar məbləğində sərmayə qoymaq nəzərdə tutulur. Bu müqavilələrin əhatə etdiyi ərazilərdə neftin həcmi 4 milyard tondan 10 milyard tonadək qiymətləndirilir. Lakin bütün bunlar hələ ilkin rəqəmlərdir. Yeri gəlmişkən, bizdə Xəzərdə və quruda öz istismarını gözləyən neft yataqları hələ çoxdur. Yaxın vaxtlarda Amerikanın neft şirkətləri ilə üç iri müqavilə imzalanması nəzərdə tutulur. Bax, bu, bəzi ölkələrin müxtəlif kütləvi informasiya vasitələrində yayılan uydurma xəbərlərə cavabdır. Beləliklə, 1994-cü ildə başlanmış işlər artıq öz praktiki nəticələrini verir. Bakı-Supsa neft kəməri, burada tikilmiş gözəl terminal, müvəffəqiyyətlə işləmək və nefti fasiləsiz olaraq vurmaq, onu dünya bazarlarına daşımaq üçün yaradılmış gözəl şərait buna inandırıcı sübutdur".

Bakı-Supsa boru kəmərinin texniki-iqtisadi baxımdan sərfəli olması Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) bu marşrutun imkanlarından maksimum istifadə etməsini şərtləndirirdi. Lakin 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi Bakı-Supsa boru kəməri ilə nəql olunan neftin azalmasına səbəb oldu. Sadə hesabla 2012-ci ildə Bakı-Supsa marşrutu ilə 4 milyon ton neft ixracı planlaşdırılırdısa, həmin boru xətti ilə nəql olunan neftin həcmi 2 milyon 742 min ton təşkil etdi.

Nəticə etibarilə həmin illər üçün Bakı-Supsa kəməri Azərbaycan və Gürcüstan arasındakı əməkdaşlığın zirvəsi hesab edilir. Hazırda sürətlə inkişaf edən neft sektoru ölkəmiz üçün əsas gəlir mənbələrindən biridir. Bu məqsədlə bir çox ölkələrlə qarşılıqlı əməkdaşlıq qurulur. Azərbaycan regionda bu mənada əsas aktordur.

Töhfə SƏMƏDOVA,

"Respublika".