İqtisadiyyat və idarəetmə sahəsində tədqiqatçıların VI beynəlxalq elmi konfransı
İqtisadiyyat

İqtisadiyyat və idarəetmə sahəsində tədqiqatçıların VI beynəlxalq elmi konfransı

Mayın 23-də Heydər Əliyev Mərkəzi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Regional İnkişaf İctimai Birliyi (RİİB), Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin birgə təşkilatçılığı ilə İqtisadiyyat və idarəetmə sahəsində tədqiqatçıların VI beynəlxalq elmi konfransı (ISCEMR-24) öz işinə başlayıb. "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş və "Dayanıqlı İnkişafın Yeni Dövrü: Yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi" mövzusunda keçirilən builki konfrans mayın 26-dək davam edəcək.

UNEC-in rektoru, professor Ədalət Muradov konfransda 39 ölkədən 374 tədqiqatçının iştirak etdiyini və 42 sessiyada 245 tədqiqat işinin məruzə olunacağını bildirib. Rektor UNEC-in İnkişaf Strategiyasının məqsəd və hədəflərindən söz açıb: "Bizim strateji məqsədimiz 2030-cu ilə qədər UNEC-i tədqiqat universitetinə çevirməkdir. Ən çox hədəflər də məhz elmi tədqiqatlarla bağlıdır. "Scopus" bazasında indekslənən elmi əsərlərin 97, istinad sayının 99, xarici müəllifli elmi əsərlərin 99 faizi, "Web of Science" bazasında isə indekslənən elmi əsərlərin 90, istinad sayının 93, xarici müəllifli elmi əsərlərin 87 faizi məhz 2014-2024-cü illərin payına düşür". Ə.Muradov "Scimago"da dünya universitetlərinin reytinqinə əsasən, UNEC-in 2023-cü ildə Azərbaycan üzrə 1-ci yerdə qərarlaşdığını və  Q1 kvartilli jurnallarda dərc olunan məqalələrin sayına görə ölkədə lider olduğunu diqqətə çatdırıb.

Elm və təhsil naziri Emin Əmrullayev UNEC tərəfindən ənənəvi olaraq hər il keçirilən ISCEMR konfransının ölkədə təhsilin və elmin inkişafına təkan verdiyini bildirib. Bu ali təhsil müəssisəsində elmi fəaliyyətin artan dinamikasını yüksək qiymətləndirən nazir Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan gənclərin sayına görə UNEC-in xüsusi olaraq fərqləndiyini deyib. E.Əmrullayev elmi tədqiqatların maliyyələşdirilməsi məsələsinə də toxunub: "Son bir neçə ildə bir sıra universitetlərimizin elmi-tədqiqat işlərində kəmiyyət və keyfiyyət dəyişiklikləri müşahidə olunur. Biz ali təhsil müəssisələrindən daha çox elmi-tədqiqat aparmalarını istəyiriksə, tədqiqatların maliyyələşmə formasına yenidən baxılmalıdır". Nazir doktorantura proqramlarında köklü dəyişikliklərin aparılmalı olduğunu vurğulayaraq bu istiqamətdə kredit əsaslı proqramların yaradılmasının zəruriliyini qeyd edib.

Türkiyənin Rəqabət Qurumunun rəhbəri Birol Küle iqtisadiyyatların dayanıqlılığının təmin edilməsi məqsədilə ölkələr arasında əməkdaşlığın əhəmiyyətindən danışıb. RİİB-in təhsil və ekoloji layihələr üzrə koordinatoru Simuzər Fərəczadə iqlim dəyişmələrinin mənfi təsirlərinin azaldılması, sağlam ətraf mühitin formalaşması, "yaşıl iqtisadiyyat"a transformasiya və bu istiqamətdə görülən işlərdən bəhs edib.

Konfrans "Azərbaycan universitetlərində dayanıqlı inkişaf: bərpaolunan enerji və iqlim", "Gələcəyi istiqamətləndirmək: Dayanıqlı gələcək üçün iqlim dəyişikliklərinin maliyyələşdirilməsində yeniliklər" adlı panel sessiyalarla davam edib.

Konfrans çərçivəsində "Bərpaolunan enerji mənbələrindən istifadə və iqlim dəyişmələri fonunda Azərbaycan universitetlərində yaşıl və dayanıqlı qlobal iqtisadi irəliləyişlər", "Dayanıqlı inkişaf yolunda ortaq rəqabət: Əsas istiqamətlər və çətinliklər", "Yaşıl iqtisadiyyata və texnologiyalara keçiddə özəl təşəbbüslərin rolu" və "Türk Dünyasında yaşıl və dairəvi iqtisadiyyat: keçid üçün yol xəritəsi" kimi mövzularda maraqlı müzakirələr aparılır.

Konfransa yaşıl iqtisadiyyat, dayanıqlı inkişaf, bərpaolunan enerji mənbələri, iqlim maliyyələşməsi və s. kimi aktual mövzuları əhatə edən 245 tədqiqat işi məruzə olunmaq üçün qəbul edilib. Tədqiqat işləri əsasında hazırlanacaq kitab dünyanın bir çox nüfuzlu akademik bazalarında indekslənəcək.

Konfrans çərçivəsində panel müzakirələrdə yerli və xarici dövlət və özəl sektor qurumlarının rəhbər şəxsləri ilə yanaşı, beynəlxalq təşkilatların, xarici universitetlərin mütəxəssisləri, ümumilikdə 28 spiker iştirak edir ki, onlardan 17-si xarici ölkə təmsilçiləridir.

Mehparə ƏLİYEVA,

"Respublika".