Qlobal iqlim dəyişmələrinə qarşı Azərbaycan modeli
İqtisadiyyat

Qlobal iqlim dəyişmələrinə qarşı Azərbaycan modeli

Azərbaycan istər regional, istərsə də qlobal proseslərdəki əvəzsiz rolu ilə bəşəri problemlərin həllində önəmli pay sahibidir. Birmənalı şəkildə dünyanın rifahı üçün çalışan ölkəmiz öz təşəbbüsləri ilə, reallaşdırdığı meqa layihələrlə, nüfuzlu tədbirlərə ev sahibliyi ilə liderlik mövqeyini daha da möhkəmləndirir. Məhz bu çərçivədə dünya ölkələri ilə qarşılıqlı hörmət və maraq prinsipləri üzərində davamlı münasibətlərin qurulması və inkişaf etdirilməsi əsas istiqamətlərdən biridir.

Məlumdur ki, qlobal iqlim dəyişmələri müasir dövrümüzün ən təhlükəli hadisəsinə çevrilib. Xüsusilə Şimal Buzlu okeanında buzlaqların sürətlə əriməsi, flora və faunaya ciddi ziyan dəyməsi, zəhərli qazların atmosferə buraxılması, dünyanın bir sıra nöqtələrində meşə yanğınlarının baş verməsi qlobal iqlim dəyişmələrinin əsas göstəriciləridir. Bu təhlükəni aradan qaldırmaq üçün ilk növbədə təbiət insanlardan qorunmalıdır. Bu həyəcan təbilinə alimlər, siyasətçilər və digər sənət sahibləri lazımi reaksiya verməli, ümumilikdə canlıları xilas etməyin mümkünlüyü naminə birləşməyin vacib olması bildirilməlidir. Lakin bu proses təkcə fərdi qaydada deyil, kollektiv şəkildə də reallığa çevrilməlidir. Dünyamiqyaslı platformalarda, yüksək tribunalarda planetimizin gələcəyi üçün birgə iştirak əsas şərtdir.

Əlbəttə ki, sadalanan amillərə nəzər yetirsək yekdil mövqeyin ortaya qoyulması, iqlim dəyişmələri ilə bağlı mübarizənin intensivləşməsi üçün Azərbaycandan başqa ideal məkanın olmadığını görərik. Müstəqilliyimizin əldə olunması ilə birlikdə qlobal sferada daim öz təşəbbüsləri ilə ön plana çıxan ölkəmiz müasir dövrümüzün əsas aktorlarından birinə çevrilib. Təşkilatçısı və iştirakçısı olduğu meqa layihələrlə nüfuz dairəsini genişləndirən respublikamıza yüksək etimad göstərilir. Beynəlxalq Astronavtika Konqresi, Birinci Avropa Oyunları, Avroviziya Mahnı Müsabiqəsi, Formula 1 yarışları kimi böyük auditoriyaları əhatə edən tədbirlərə ev sahibliyimiz bu inamı daha da artırıb. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın BMT-dən sonra ikinci böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrliyi kifayət qədər uğurlu və əksər üzv dövlətlər tərəfindən nümunəvi sədrlik olaraq təqdir edilir. Bu etibarlı inamın təzahürüdür ki, bu ilin noyabr ayında Azərbaycan daha bir mötəbər tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a evsahibliyi edəcək. Bu konfransın Azərbaycanda keçirilməsi ölkəmizin alternativ enerji sahəsi üzrə texnoloji həllər məsələsində nailiyyətlərini bütün dünyaya nümayiş etdirməyə imkan verəcək. Bununla yanaşı, dünyanın inkişaf etmiş ölkələri, xüsusən də ABŞ, Böyük Britaniya, Almaniya kimi dövlətlər bu konfransa xüsusi maraq göstərirlər. Bu baxımdan, beynəlxalq əhəmiyyət daşıyan COP29-un ölkəmizdə keçirilməsi qürurverici bir hadisədir. Tarixə düşəcək bu konfrans Azərbaycan dövləti və onun Prezidentinin dünyada qlobal məsələlərin həllində aparıcı rol oynadığını əyani surətdə göstərir. Tədbirdə dünyanın aparıcı dövlətlərinin rəhbərlərinin, alimlərinin, müxtəlif sənət sahiblərinin, bütövlükdə çoxsaylı nümayəndələrin iştirakı gözlənilir və onun yüksək səviyyədə keçirilməsi şübhə doğurmur.

Azərbaycan daim iqlim dəyişmələri məsələsinin həllində intensiv rol oynayır. Beynəlxalq birliyin yekdil rəyinə uyğun fəaliyyət istiqamətlərini müəyyənləşdirən ölkəmizdə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Şübhəsiz ki, rəqabətqabiliyyətli iqtisadiyyatın dayanıqlı inkişafı, ölkənin təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsi kimi əsas prioritetlərin reallaşması bu addımla daha real görünür. Xatırladaq ki, bir müddət öncə ölkə başçımızın "Euronews" telekanalına müsahibəsində qeyd etdiyi kimi, qazıntı yanacağı ilə zəngin ölkələr "yaşıl enerji"yə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımızın çatışmadığına görə etmirik, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik. Biz hər il bunu Bakıda görürük...

XI Qlobal Bakı Forumunda dünyanı narahat edən siyasi, sosial və digər aspektlərdəki məsələlər ətrafında əsaslı müzakirələrdə iqlim dəyişmələrinin yaratdığı təhlükələr barəsində də fikir mübadiləsi aparıldı. Belə ki, XI Qlobal Bakı Forumunun ikinci günündə keçirilən panel iclas "Həyatda qalmağımızı maliyyələşdirmək: İqlim ədaləti" mövzusuna həsr olundu. İclasda çıxış edən Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunun müavini Uqoçi Daniels hazırda dünyanın bir çox ölkəsinin iqlim dəyişmələrinin nəticələrindən əziyyət çəkdiyini bildirdi. Yeri gəlmişkən qeyd edək ki, martın 12-də vətəndaş cəmiyyəti fəalı, COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva BMT-nin Cenevrə qərargahında BMT-nin İnsan Hüquqları (OHCHR) və Ətraf Mühit Proqramı (UNEP) tərəfindən keçirilən "İnsan hüquqları və ətraf mühit" adlı tədbirdə çıxış edərək vətəndaş cəmiyyətinin iqlimlə bağlı fəaliyyətini bir daha diqqətə çatdırıb. Xüsusilə qadınların iqlim dəyişmələrinə qarşı mübarizədə liderliyinin gücləndirilməsi, iqlim fəaliyyətində qərarların qəbul edilməsində önəmli iştirakı qeyd edilib.

Azərbaycan "yaşıl enerji"yə keçidlə yanaşı, yaşıllaşdırma kampaniyalarının artırılmasına xüsusi önəm verir. Belə ki, Azərbaycan ərazisinin 10-12 faizini təbii meşələr təşkil edir. Cənubi Qafqazda ən az meşə örtüyü olan ölkələrdən biridir. Bu çərçivədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi meşəsalma kampaniyası təqdirəlayiqdir. Bakı-Şamaxı, Bakı-Hacıqabul magistral yollarının kənarında salınan yaşıllıq zolaqları həm qlobal istiliyin tənzimlənməsi, həm də faunanın qorunması və bərpası baxımından çox faydalıdır. Bununla yanaşı, Qazaxda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası keçirilib, Dəmirçilər kəndi ərazisində küknar şamı, çinar və göyrüş olmaqla 1600 ədəd ağac əkilib.

Nurlan ABDALOV,

"Respublika".