Dövlət qayğısı inkişafa zəmin yaradır
İqtisadiyyat

Dövlət qayğısı inkişafa zəmin yaradır

Ölkədə əhalinin ərzaq təminatı dövlətin aqrar siyasətinin başlıca istiqamətlərindən biri olduğu üçün kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq mühüm əhəmiyyət kəsb edir. Çünki taxılçılıq əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Odur ki, taxılçılığın inkişafı daim dövlətimizin diqqət mərkəzində saxlanılır.

Rəsmi statistikaya əsasən, ölkədə taxıl istehsalı son 20 ildə 1,5 dəfə, o cümlədən  arpa 3,3 dəfə, qarğıdalı 1,9 dəfə, buğda istehsalı  12,2 faiz artıb.

Taxılçılığın, o cümlədən buğda istehsalının inkişafı ilə əlaqədar müxtəlif normativ-hüquqi aktlar imzalanıb, Dövlət proqramları həyata keçirilir. Eyni zamanda Prezident İlham Əliyevin 2021-ci il 7 oktyabr tarixli Fərmanı əsasında Dövlət Ehtiyatları Agentliyi publik hüquqi şəxsi yaradılıb. Bu quruma ölkəni strateji əhəmiyyətli mallarla, o cümlədən ərzaqlıq buğda ilə təchizatının dayanıqlılığını gerçəkləşdirmək və daxili bazarda qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində mühüm vəzifələr tapşırılıb.

Respublikada ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, habelə istehsalının təşkili məqsədilə dövlət başçısının müvafiq Fərmanına əsasən, ərzaqlıq buğdaya 2023-cü ildən etibarən 5 il müddətində məhsul subsidiyasının verilməsinə başlanılıb.

Dövlət proqramlarının həyata keçirilməsində fəallığı ilə seçilən fermerlərin də bu sahədə  üzərinə mühüm vəzifələr düşür. Şamaxı rayonunda fəaliyyət göstərən fermer Kamran Abdulrazaqov bildirdi ki, xeyli müddətdir ki, əkinçilik və maldarlıqla məşğul oluruq. 100 hektar sahədə əsasən "Qobustan" və "Ləyaqətli" toxum sortları və elit toxumlar əkirik. Məhsuldarlıq isə iqlimə uyğun olaraq dəyişir, maksimum 40-45 sentner, adi halda 20-25 sentner olur.

Fermer qarşılaşdığı çətinliklər barədə danışaraq qeyd etdi ki, əkinçilikdə bu gün ən böyük problemimiz iqlimlə bağlı olur. Dövlət tərəfindən fermerlərə tam qayğı göstərilir, hərtərəfli dəstək olunur və subsidiya verilir. Çünki fermerlərə dəstək olmasa, dəmyə şəraitdə əkinçiliklə məşğul olmaq sadəcə mümkünsüzdür. Əvvəllər gübrələr çox baha idi, indi isə qaydasına düşür. Texnika sarıdan da problemimiz yoxdu. Lizinqlə götürdüyümüz 3 texnikadan lazımi səviyyədə istifadə edə bilirik. Çünki texnikaların qiymətinin 40 faizini dövlət öz üzərinə götürür, 20 faizini ödəyib, qalan 40 faizini isə  fermer 5 ilə ödəyir və sonra teknika ona qalır.

Təsərrüfatın real durumu barədə məlumat verən fermer dedi ki, torpağa lazımi gübrələr və alaq otlarına qarşı dərmanlar verilib. Toxumun yetişməsini isə səbirsizliklə gözləyirik. Havalar yaxşı keçir. Yağış da yağdı. Aqrotexniki qaydalara da müntəzəm əməl etməyə çalışırıq. Ümid edirik ki, dövlətin dəstəyi və gərgin zəhmətimiz sayəsində bu il daha bol məhsul toplaya bilərik.

Dövlət tərəfindən fermerlərə tam dəstək verilir. Əkinlərin sığortalanması onları sevindirir, çünki sığorta fondunun xərci dövlət tərəfindən ödənir. Taxılın qiymətinin aşağı düşdüyü vaxt istifadə etdiyimiz dərmanlar da müəyyən güzəştlərlə satıldı. Bu səbəbdən də təsərrüfatı genişləndirməklə məhsuldarlığı ilbəil artırmağa çalışırıq.

M.NƏRİMANOĞLU,

"Respublika".