Ermənistanı sülh müqaviləsi bağlamaqdan çəkindirən qüvvələr
Siyasət

Ermənistanı sülh müqaviləsi bağlamaqdan çəkindirən qüvvələr

44 günlük Vətən müharibəsindən üç ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də tərəflər arasında sülh müqaviləsi bağlanmayıb. Qalib Azərbaycan dəfələrlə qarşı tərəfə sülh təklif etsə də Ermənistan bu istiqamətdə heç bir müsbət addım atmayıb. Rəsmi İrəvan bu vaxta kimi sülh prosesini uzatmaq üçün hər vasitəyə əl atıb.

Ermənistanın baş naziri bütün çıxışlarında sülhə razı olduğunu desə də, əməldə bunun əksini edir. Sülh sazişinin ləngimə səbəbi isə Ermənistanın konstruktiv mövqeyə sahib olmamasıdır. Çünki Paşinyan hakimiyyətinə həm xaricdən, həm də daxildən böyük təzyiqlər göstərilir. Bir sıra xarici dövlətlər – ABŞ, Fransa, İran və Hindistan Cənubi Qafqazla bağlı maraqlarını təmin etmək üçün Ermənistandan alət kimi istifadə edirlər. Ona görə də bəzən İrəvanla təzyiq yolu ilə danışır, bəzən də şirnikləndirirlər. Bir sözlə, Qərb bloku guya sülhə dəstək olduqlarını bildirsələr də, müstəqil siyasət yürüdə bilməyən Ermənistana Azərbaycanla əlaqələri normallaşdırmağa imkan vermirlər.

İkinci Qarabağ müharibəsi və birgünlük antiterror tədbirlərindən sonra regionda sülh üçün yeni imkanlar yarandı və bunu rəsmi İrəvan da, üçüncü tərəflər də etiraf edirlər. Azərbaycan müharibənin başa çatdığı ilk gündən sülh təşəbbüsü ilə çıxış edib və bu təşəbbüsünə sadiqdir. Ermənistan isə danışıqlar prosesini manipulyasiya edir. Fransa, Hindistan və digər dövlətlər tərəfindən silahlandırılan Ermənistan indi daxili qüvvələr, kilsə üzvləri və diaspor nümayəndələrinin “canfəşanlığı” nəticəsində böhran yaşamaqdadır. Sözsüz ki, burada da kənar qüvvələrin təsir mexanizmi öz rolunu oynayır. Sülhün aktuallaşması və delimitasiya komissiyalarının görüşlərinin keçirilməsi fonunda Fransanın Ermənistanı silahlandırması, ABŞ-ın bütün vasitələrlə Azərbaycana qarşı haqsız dezinformasiya hücumları sülh prosesinə əngəl törədir.

Ermənistan anlamalıdır ki, düşdüyü çətin iqtisadi vəziyyətdən və siyasi xaosdan yeganə qurtuluşu Azərbaycanla sülhdən keçir. Ona görə də siyasi iradə göstərməli, qonşu dövlətlərlə münasibətləri normallaşdırmalı, eyni zamanda bölgənin güc mərkəzləri ilə hesablaşmalıdır.

Son zamanlar hər iki dövlətin vasitəçi olmadan kompromisə gəlib, sülhə doğru atdığı addımlar nəticəsində aprel ayının 19-da danışıqlar yolu ilə Qazaxın işğal altında olan 4 kəndi geri qaytarıldı. Lakin buna baxmayaraq, Ermənistanın sülh sazişi imzalamasına qarşı istər xarici dövlətlər, istərsə də daxili qüvvələr tərəfindən əngəllər törədilir, regionun sülh və mehriban qonşuluq şəraitində yaşamasına maneələr yaradılır. Azərbaycanla Ermənistan arasında birbaşa danışıqların baş tutması və COP29-a ev sahibliyi etmək üçün Ermənistanın öz namizədliyini geri götürərək Azərbaycanı dəstəkləməsi ölkələrarası münasibətlərin tənzimlənməsi istiqamətində müsbət addımlar hesab olunur.

Ramidə YAQUBQIZI,

“Respublika”.