Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti
Siyasət

Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti

Ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft ixracının artırılması hesabına iqtisadi artım yüksək səviyyədə təmin olunur, ölkə iqtisadiyyatı qlobal iqtisadiyyata inteqrasiya edir. Bu məqsədlə daha sağlam və rəqabətli biznes mühiti yaradılır, dövlət sahibkarlığın inkişafına böyük dəstək verir. Ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4 faiz, qeyri-neft/qaz ÜDM-in isə illik orta hesabla 5 faiz artması nəzərdə tutulur.

Sağlam və rəqabətli biznes mühiti üçün qanunun aliliyi təmin olunan effektiv məhkəmə islahatları həyata keçirilir. Bu islahatlar sahibkarlıq fəaliyyəti ilə məşğul olanların mülkiyyətinin və maraqlarının müdafiəsinə imkan verir. Sahibkarlıq fəaliyyəti üzərində izafi tənzimləmə optimallaşdırılır. Təbii inhisar subyektlərinin mənfi təsirlərinin qarşısı alınaraq bütün bazarlarda rəqabət gücləndirilir. Dövlət satınalmalarında şəffaflıq və səmərəlilik mühüm faktordur. İnvestisiyalar üçün əlverişli vergi şərtləri tətbiq edilir və digər fiskal stimullar verilir. Bu islahatların həyata keçirilməsi sayəsində biznes mühiti daha da sağlamlaşdırılır, milli iqtisadiyyata etimad artır və nəticədə böyük həcmdə daxili və xarici investisiyalar cəlb edilir.

Mütəxəssislərin qənaətinə görə, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin effektivliyi, ünvanlılığı və şəffaflığı gücləndirilərək iqtisadiyyatın inkişafı daha da sürətlənir. Uğur əldə etmiş ölkələrin təcrübələri əsasında biznes startaplarının və inkubatorlarının, ixracyönümlü istehsal və xidmətlər üzrə biznes layihələrinin dəstəklənməsi mexanizmləri təkmilləşdirilir. Sahibkarlıq fəaliyyətinə başlamaq və mövcud fəaliyyətini genişləndirmək istəyənlər, xüsusilə kiçik və orta bizneslər üçün yeni maliyyələşmə mexanizmlərinin yaradılması iqtisadi inkişaf üçün çox əhəmiyyətlidir. Bu əsasda sahibkarlara dəstək məqsədilə sərf olunan maliyyə vəsaitinin 20-30 faizinin mikro, 35-45 faizinin kiçik və 25-35 faizinin orta sahibkarlara yönəldilməsi hədəflənib.

Qeyri-neft/qaz sektoruna Birbaşa Xarici İnvestisiya (BXİ) cəlbi təşviq edilərək dövlət mülkiyyətində olan aktivlərin özəl sektora transformasiyası mühüm vəzifələrdən biridir. Strateji sahələr istisna olmaqla, dövlətə məxsus olan mülklərin özəlləşdirilməsi və dövlət-özəl tərəfdaşlıq mexanizmləri ilə iqtisadiyyatın maliyyələşdirilməsi bu sahədə görülən tədbirlər sırasında mühüm əhəmiyyətə malikdir. Dövlət investisiyalarının effektivliyi artırılaraq onun özəl investisiyaları stimullaşdırma potensialı daha da yüksəldiləcək. BXİ-ləri prioritet iqtisadi sahələrə yönəltmək üçün yeni mexanizmlər formalaşdırılır, investorlarla birbaşa dialoq mexanizmləri tətbiq olunur. Beynəlxalq inkişaf institutlarının, xüsusilə özəl sektorun inkişafının maliyyələşməsi üzrə ixtisaslaşan institutların maliyyələşmə potensialından optimal istifadə təmin edilir və qeyri-neft/qaz sektoru üzrə BXİ-lərin həcminin illik 10-15 faiz artırılması planlaşdırılır.

Rəqəmsal texnologiyaların tətbiqi imkanlarının genişləndirilməsi üçün normativ-hüquqi baza yaradılıb ki, bu sahədə dövlət tərəfindən tənzimlənir. Rəqəmsal texnologiyaların inkişafı məqsədilə xüsusi fondlar və inkişaf institutları fəaliyyət göstərir ki, yüksəksürətli mobil internet (5G texnologiyası daxil olmaqla), xüsusilə genişzolaqlı internet xidmətlərinin əhatəsi 95 faizə çatdırılıb.

Aqrar sektor, sənaye və xidmət sahələrində müasir texnologiyaların tətbiqi ilə məhsuldarlıq artır, həmçinin yeni iş yerləri yaradılır. Dövlətin stimullaşdırıcı dəstəyi ilə bu sahələrin qlobal dəyər zəncirinə dayanıqlı inteqrasiyası təmin olunacaq. Dövlət aqrar sektor, sənaye və xidmət sahələrinin inkişafını dəstəkləyən infrastrukturun yaradılmasında aktiv iştirak edərək müxtəlif sənaye parkları və məhəllələri, turizm və rekreasiya zonaları yaradılır, layihələr həyata keçirilir. Beləliklə, 2022-2026-cı illərdə kənd təsərrüfatı hər il orta hesabla 4 faiz artacaq. Nəqliyyat sektorunda orta illik artım tempi 5 faizi üstələyəcək. Ölkənin tranzit yükdaşımalardan əldə etdiyi gəlir 2019-cu ildəki 227 mln. manatdan 2 dəfəyədək artaraq 450 mln manata çatacaq. Qeyri-neft/qaz sənayesinin hər il orta hesabla 8,3 faiz artması nəzərdə tutulur. Sənaye zonalarının qeyri-neft/qaz sənaye istehsalında payının 15 faiz, qeyri-neft/qaz sənaye ixracında payının isə 25 faiz olması planlaşdırılır. İnformasiya və rabitə sektorunda hər il orta hesabla 10 faizdən çox, tikinti sektorunda isə təxminən 3 faiz artım olacağı proqnozlaşdırılır. 2026-cı ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda yaradılacaq əlavə dəyər 2019-cu illə müqayisədə 1,5 dəfə artacaq.

Ölkənin makroiqtisadi dayanıqlılığı - irihəcmli strateji ehtiyatlarının mövcudluğu milli iqtisadiyyatımızın xarici mühitdəki dəyişikliklərə dayanıqlı olmasını təmin edir. Fiskal sabitlik üçün tənzimləmə çərçivəsi təkmilləşdirilir və bu təməl şərtlərlə illik inflyasiya 4±2 faiz intervalında qorunacaq, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft/qaz ÜDM-ə nisbət göstəricisinin yuxarı həddi 2026-cı ilin sonunadək 17,5 faiz təşkil edəcək, bu şəraitdə Dövlət Neft Fondunun aktivləri dayanıqlı səviyyədə saxlanılacaq.

Maliyyə sektorunun bütün seqmentlərinin iqtisadiyyatda rolu artırılır. Bank sektorunun iqtisadiyyatın maliyyələşməsində iştirakı yüksəldilir, inklüzivlik genişləndirilir, maliyyə xidmətlərinin əlçatanlılığı, əhali və biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanları daha yüksək səviyyəyə çatdırılır. Dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində investor və kreditorların risklərinin sığortalanması sistemi təkmilləşdirilərək biznes kreditlərinə təminatların verilməsi mexanizminin əhatəliliyi genişləndirilir.

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış əhalinin dayanıqlı məskunlaşmasını təmin edir. Əhalinin dayanıqlı məskunlaşması üçün zəruri ilkin şərtlər yaradılır. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunur. Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa edilir, müasir infrastruktura malik "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları həyata keçirilir. Bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi yüksək səviyyədə qurulur, sosial xidmət infrastrukturu bərpa olunur ki, nəticədə ilkin strateji mərhələdə əhali təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda məskunlaşacaq.

İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasının təmin edilməsi yüksək səviyyədə aparılır. İqtisadiyyatın qurulması məqsədilə iqtisadi fəaliyyətin canlanması və əlverişli biznes mühitinin formalaşdırılması təmin ediləcək. Ərazilərə yüksək texnoloji tutumlu investisiyaların cəlbi nəticəsində ixracyönümlü dəyər zənciri qurulacaq və dayanıqlı iş yerləri yaradılacaq. Regionda dairəvi iqtisadiyyata əsaslanan "ağıllı" biznes modelləri yaradılacaq. Qarabağ bölgəsi turistlər üçün əlçatan, unikal, keyfiyyətli və rəqabətli xidmətlər təklif edən turizm destinasiyası olacaq. İlkin mərhələdə, bərpa və quruculuq prosesinə paralel olaraq özəl layihələr dəstəklənməklə ticarət-xidmət-logistika mərkəzləri şəklində iqtisadi zonaların, müasir istehsal infrastrukturu olan sənaye parkları və məhəllələrin yaradılması istiqamətində işlər görüləcək. İqtisadiyyatın sürətli bərpası və dayanıqlı inkişafı, o cümlədən rəqabətli istehsal və emal sahələrinin fəaliyyəti müasir infrastrukturla dəstəklənəcək, prioritet sahələrdə sahibkarlara stimullar veriləcək, vergi-gömrük azadolmaları və güzəştli maliyyələşmə alətləri geniş tətbiq olunacaq, kreditlərin və investisiyaların sığortalanması mexanizmi yaradılacaq. Ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli bərpaolunan enerji mənbələrindən istifadə genişləndirilməklə "yaşıl enerji zonası" konsepsiyası tətbiq edilir ki, nəticədə ümumi məhsul buraxılışında, ixracda və məşğulluqda işğaldan azad edilmiş ərazilərin payı davamlı artacaq.

Təbii resurslardan dayanıqlı və davamlı istifadə təmin olunacaq. Hidrometeoroloji müşahidə və ətraf mühitin monitorinqi sistemi müasirləşdiriləcək. Bioloji müxtəlifliyin qorunması, su bioresurslarının artırılması və akvakulturanın inkişafı təmin olunacaq, meşə ilə örtülü ərazilərin və yaşıllıqların mühafizəsi gücləndiriləcək. Nəticədə, ölkə üzrə ümumi ərazidə yaşıllıq artırılacaq. İstifadəyə yararsız torpaq sahələrinin payı 25-dən 15 faizədək azalacaqdır. Əhalinin içməli su ilə təminatı 70 faizdən 85 faizə, suvarma suyu ilə təminatı 90 faizə çatacaq. Tullantıların təkrar emalı prosesinin əhatə dairəsi 20 faiz (regionlarda 10%) təşkil edəcək. Xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin ümumi sahəsinin ölkənin ümumi torpaq fonduna nisbəti 10,5 faiz olacaq. Meşə fondunun 65 faizi inventarlaşdırılacaq. Torpaqların 30 faizində aqrokimyəvi analizlərin aparılması təmin olunacaq.

Energetika sektorunda tənzimləmə mühiti təkmilləşdirilərək liberal bazar prinsipləri tətbiq olunması üzrə mühüm işlər aparılır. Bunun sayəsində bərpaolunan enerji mənbələrindən istifadə artırılacaq, enerji səmərəliliyi təmin ediləcək. İqlim dəyişmələrinə qarşı mübarizə məqsədilə ekoloji təmiz nəqliyyat vasitələrindən və digər yaşıl texnologiyalardan istifadə genişləndiriləcək. Nəticədə, energetika sahəsində dövlətin maliyyə yükü azaldılacaq və subsidiyalar mərhələli şəkildə aradan qaldırılacaq. Elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payı 2026-cı ilədək 24 faizə çatdırılacaq.

"2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin 17 altməqsədi ilə sıx əlaqələndirilmişdir. "Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti"nə nail olmaqla Dayanıqlı İnkişaf Məqsədləri təmin ediləcək.

Həyata keçirilən layihələrin hər biri 2026-cı ildə yekunlaşacaq və ölkə iqtisadiyyatı 2 il sonra dünya dövlətləri arasında ön sırada olacaq.

Bayram SALMANOV,

"Respublika".