Qonşuluq və dostluq əlaqələri yüksək səviyyədədir
Siyasət

Qonşuluq və dostluq əlaqələri yüksək səviyyədədir

Azərbaycanla Rusiya əlaqələrinin kifayət qədər qədim tarixi var. Hazırda iki ölkə arasında yaxşı qonşuluq və dostluq əlaqələri mövcuddur. Rəsmi Bakı və Moskva beynəlxalq platformalarda bir-birilərini hər zaman dəstəkləyiblər. Prezidentlər İlham Əliyev və Vladimir Putin arasındakı şəxsi münasibətlər Azərbaycan-Rusiya əlaqələrinin inkişafına daha böyük təkan verib. Hesab edirəm ki, bu gün Azərbaycan Prezidentinin Rusiya üçün strateji əhəmiyyətə malik olan Baykal-Amur Magistral dəmiryolunun 50 illik yubileyinə dəvət edilməsi və Rusiya Prezidentinin ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev haqqında müsbət və yüksək fikirlər bildirməsi ölkəmizə və onun rəhbərliyinə verdiyi dəyərin növbəti təzahürüdür. Xatırladım ki, ötən il ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Rusiyada çoxsaylı tədbirlər keçirildi. Bu da onu göstərir ki, Rusiyada xalqımızın böyük oğlu Heydər Əliyevin xatirəsi həmişə uca tutulur.

Digər bir vacib məsələ də dövlət başçısının Rusiyaya səfərinin sülhməramlı kontingentin ölkəmizi tərk etməsi fonunda həyata keçməsidir. Bu səfərdən aydın olur ki, hər iki ölkənin lideri  bu məsələdə qarşılıqlı dialoq əsasında anlaşıb, razılaşıblar. Azərbaycan hər zaman qonşu dövlətlərlə münasibətlərinin məhz belə bir məcrada qurulmasının tərəfdarı olub. Sülhməramlı kontingentin də bu gün ölkəmizi tərk etməsi müdrik siyasətin nəticəsidir.

Son illər həqiqətən də regionda qaynar proseslər gedir. Ermənistanın Qərblə münasibəti və Rusiyaya arxa çevirməsi bütün dünya ictimaiyyətinin diqqətini məhz Cənubi Qafqaza yönəldib. Qərbə arxalanan Nikol Paşinyanın hər hansı bir üstünlük əldə etməməsinə rəğmən, Moskva ilə əlaqələrini korlaması erməni baş nazirinin cılız siyasi savada malik olduğunu göstərir. Azərbaycan isə əksinə olaraq bəzi Qərb dövlətlərinin ikili standartlarına məruz qaldığı halda, ümumən Qərblə əməkdaşlığı normal məcrada davam etdirir. Rəsmi Bakı İrəvandan fərqli olaraq çoxvektorlu siyasi xətt yürüdür və bunun müsbət nəticələri də hər zaman göz önündədir.

Bundan başqa, şimal qonşumuzla ölkəmiz arasındakı ticarət dövriyyəsi artıq dörd milyard ABŞ dollarına çatıb ki, bu da kifayət qədər ciddi rəqəmdir. Rusiyada Azərbaycan investisiyalı xeyli şirkət var və Rusiya səhmdarlarıda Azərbaycanda fəaliyyət göstərirlər. Turizm sahəsində əlaqələrimiz yüksək səviyyədədir. İqtisadi münasibətlərimiz artıq xeyli dərəcədə inkişaf edib. Daha əvvəl Rusiya Baş naziri Mixail Mişustinin Bakıya səfərində Rusiya-Azərbaycan iqtisadi münasibətlərinin nə qədər təkmilləşdiyi izah edilmişdir. Bu da iki dövlət arasındakı münasibətlərin bundan sonra da artan templə inkişaf etdiyini göstərir və belə yaxın əlaqələr fonunda Baykal-Amur Magistral yolunun çəkilişində iştirak edən veteranlarla V.Putinin görüşündə dövlət başçımız İlham Əliyevin iştirakı, Azərbaycan-Rusiya münasibətlərinin nə qədər yüksək səviyyədə olduğunu növbəti dəfə nümayiş etdirir.

Tural İSMAYILOV,

politoloq.