Azərbaycan-Qazaxıstan iqtisadi əlaqələrinin inkişafı üçün geniş potensial var
Siyasət

Azərbaycan-Qazaxıstan iqtisadi əlaqələrinin inkişafı üçün geniş potensial var

Ortaq mədəniyyət, qədim tarixi ənənələr Qazaxıstan ilə Azərbaycan arasında siyasi, iqtisadi və sosial sahələrdə əlaqələrin qurulmasına möhkəm zəmin yaratmışdır. Bu gün Azərbaycan və Qazaxıstan bütün istiqamətlərdə yüksəksəviyyəli əməkdaşlıq həyata keçirir. Səmimi dostluq, sarsılmaz qardaşlıq münasibətləri iki ölkə arasında əlaqələrin inkişafına müsbət təsir göstərir.

Azərbaycan Prezidenti İlham Əliyevin aprel ayının 10-da Qazaxıstana rəsmi səfəri Rusiya-Ukrayna müharibəsi səbəbindən enerji, nəqliyyat və təhlükəsizlik sahələrində regional əməkdaşlığın artırılmasının vacibliyi fonunda baş tutub. 2022-ci ilin avqustunda Kasım-Jomart Tokayevin Bakıya səfərindən doqquz ay sonra Azərbaycan Prezidentinin Qazaxıstana səfəri ikitərəfli münasibətlərdə mühüm və prinsipcə yeni dinamika yaratması baxımından xüsusi əhəmiyyət kəsb edib. Belə ki, səfər zamanı liderlər arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi haqqında bəyannamə, həmçinin ikitərəfli əlaqələrin strateji xarakterini əks etdirən 2022-2026-cı illər üçün əməkdaşlığın hərtərəfli inkişafı proqramı imzalanıb. Həmçinin, Ali Dövlətlərarası Şuranın yaradılması barədə razılığa gəlinib. Görüşdə iki ölkə arasında siyasi, ticari-iqtisadi, nəqliyyat və tranzit, eləcə də mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Aprelin 10-da liderlər arasında ikitərəfli görüşdən sonra mətbuata açıqlama verən Kasım-Jomart Tokayev ötən il Bakıya səfəri zamanı əldə olunan bir çox razılaşmaların praktiki olaraq həyata keçirildiyini və Bakıya səfərinin ölkələrarası münasibətlərin inkişafına ciddi təkan verdiyini vurğulayıb. Qazaxıstan Prezidenti iki ölkə arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında bəyannamə və ikitərəfli əməkdaşlığın inkişafı üzrə Bakıda imzalanmış hərtərəfli proqrama istinad edərək möhkəm hüquqi bazanın formalaşdığını bildirib.

Azərbaycanı dost və qardaş ölkə adlandıran Kasım-Jomart Tokayev deyib: "Bizim birgə səylərimiz sayəsində Qazaxıstanla Azərbaycan arasında əlaqələr son illər daha da açıq və hərtərəfli xarakter alıb. Siyasi, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlıq intensivləşib. Biz Cənubi Qafqaz regionunda aparıcı rol oynayan Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafı istiqamətində ciddi işlərə sadiqik və yalnız bu istiqamətdə irəliləmək istəyirik".

Liderlər hər iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıqda əhəmiyyətli irəliləyişlərin olduğundan məmnunluq ifadə ediblər. Belə ki,  ötən il ikitərəfli ticarətin həcmi 40 faiz artaraq 461,9 milyona çatmışdır. Buğda ixracının 3,6 dəfə artması hesabına Azərbaycana ixrac 30 faiz yüksələrək 375,3 milyon dollar olmuşdur ki, bu da Qazaxıstanın Azərbaycana ümumi ixracının 26 faizini təşkil edir. Qeyd edək ki, Qazaxıstan Azərbaycana Rusiyadan sonra ikinci ən böyük buğda tədarükçüsüdür. Kənd təsərrüfatı məhsullarının ikitərəfli ticarətinin həcmi üç dəfə artaraq 146 milyon dollar olmuşdur. Su gəmilərinin, tikişsiz boruların, şəkərin və mineral suyun tədarükünə başlanması nəticəsində idxal 90 faiz artaraq 86,6 milyon dollara çatmışdır. Qazaxıstan, həmçinin ölkəmizə metal prokatları, dəmir yolu lokomotivləri, elektrik akkumulyatorları, mineral gübrələr, düyü, tərəvəz, şokolad və s. ərzaq məhsulları da ixrac edir.

Ötən il Azərbaycan Qazaxıstan iqtisadiyyatına 69,7 milyon dollar sərmayə qoymuşdur ki, bu da 2005-ci ildən bəri ən yüksək göstəricidir. Sərmayələr əsasən Qazaxıstanın neft-qaz sektoruna qoyulub. Prezident Kasım-Jomart Tokayev Qazaxıstan və Azərbaycanın iqtisadi potensialı sayəsində ölkələr arasında ticarət dövriyyəsinin 1 milyard dollara çata biləcəyinə əminliyini ifadə edib. Bütün bunlar 2023-cü ildə yüksəliş tendensiyasının davam etdiyinin göstəricisidir.

Qazaxıstanın Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarinin sözlərinə görə, Qazaxıstan ixraca 304 milyon dollardan çox dəyəri olan 110 qeyri-resurs malını daxil etmək üçün çalışır: "Azərbaycan bazarı Qazaxıstanın emal məhsullarının ixracı üçün böyük maraq doğurur. Qazaxıstan TİTR boyunca darboğazların aradan qaldırılması üçün infrastruktur layihələrinin həyata keçirilməsində, regionlararası ticarətin artan axınlarını səmərəli idarə etmək üçün birgə müəssisənin yaradılmasında və Xəzər regionundan Avropaya ən qısa marşrutun təmin edilməsində maraqlıdır". Qazaxıstan ilə Azərbaycanın birgə həyata keçirdikləri iri layihələrdən biri də Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin keçirilməsidir. Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, layihə 51 milyon dollar dəyərində qiymətləndirilir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev görüş zamanı mədəniyyət sahəsində əməkdaşlığa da toxunaraq, bu il hər iki ölkədə mədəniyyət günlərinin keçirilməsinin qərara alındığını xatırladıb: "Bu gün biz Astanada Heydər Əliyevin adını daşıyan küçəni açacağıq. Qazaxıstan da Füzuli şəhərində Kurmanqazi adına Uşaq Yaradıcılıq İnkişaf Mərkəzini tikir. ...Biz humanitar əlaqələri hərtərəfli inkişaf etdirmək və ortaq mənəvi və mədəni dəyərlər xəzinəsini zənginləşdirmək niyyətindəyik".

Qazax xalqının hər zaman Azərbaycana çox mehriban münasibət nümayiş etdirdiyini vurğulayan Prezident İlham Əliyev də öz növbəsində iki ölkə arasında qardaşlıq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığını, ticarət, iqtisadiyyat, investisiya, nəqliyyat və logistika infrastrukturu sahələrində layihələrin həyata keçirilməsinin prioritet olduğunu bildirib. Səfər çərçivəsində altı sənəd, o cümlədən Qazaxıstan İnformasiya və Sosial İnkişaf Nazirliyi ilə Azərbaycanın Gənclər və İdman Nazirliyi arasında anlaşma və əməkdaşlıq memorandumu, hər iki ölkənin Milli Elmlər akademiyaları arasında elmi əməkdaşlığa dair anlaşma memorandumu, həmçinin Qazaxıstanın Xarici Ticarət Palatası ilə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında anlaşma memorandumu imzalanıb. İmzalanmış sənədlərə elmi-tədqiqatların, medianın, idmanın və mədəniyyətin inkişafında tərəfdaşlığı təşviq etmək üçün əməkdaşlıq memorandumları da daxildir.

Qloballaşan dünyada dövlətlər arasında qarşıdurmanın görünməmiş həddə çatdığı indiki dövrdə, yeni dünya nizamında Qazaxıstan ilə Azərbaycan arasında səmimi dostluq, qardaşlıq münasibətləri ümumtürk həmrəyliyində mühüm nailiyyətdir.

Mehparə ƏLİYEVA,

"Respublika".