Hay
Siyasət

Hay "sevgisi" Borrelin gözünü tutub

Qərbin maraqları bu gün Cənubi Qafqazda erməni şovinizminin geniş vüsət almasına rəvac verir. Regional destabilliyin qorunması məhz bu dairələr tərəfindən icra edilir.  Satın alınan siyasətçilər, öz məramını itirmiş təşkilatlar, çoxüzlü yanaşmalar sərgiləyən "ədalət qoruyucuları" haylara dəstək verməkdən əl çəkmirlər.

"Qoca qitə"nin nüfuzlu təşkilatları Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində, yaxud sülh danışıqlarının intensivləşməsində maraqlı olduqlarını iddia etsələr də, bu, həqiqəti əks etdirmir. Bu, bir növ illüziyadır, hansı ki, məqsəd müxtəlif rıçaqlar vasitəsilə təşəbbüsü ələ almaqdır. Qeyd edilən məsələ ilə bağlı bəşəriyyətdə bir çox örnək mövcuddur. Yaxın Şərqdə və Asiyada "demokratiya" adı altında öz maraqları naminə qan tökənlər bu gün eyni ssenarini Cənubi Qafqazda reallaşdırmağa cəhd edirlər.

Beynəlxalq hüququn icraçıları verilən qərarlarda humanizm prinsiplərini deyil, şəxsi mənafelərini ön planda tutduqları üçün yeni dünya nizamında xaos hakimdir. Cənubi Qafqazda bütün düyünlər açılsa da, Qərb üçün bu, belə deyil. Yəni Avropa və ABŞ-a 30 ilə yaxın davam edən erməni işğalı daha çox sərf edirdi. Bu yolla onlar Azərbaycanın regional lider olmasını əngəlləyir, bölgədə separatizmi dəstəkləyirdilər. Lakin 44 günlük Vətən müharibəsi və lokal antiterror tədbirləri ilə Azərbaycan regiona yeni nəfəs gətirdi. Uzun illər hökm sürən işğalçılıq siyasətinə son qoyuldu. Bu həm də Qərb blokunun məğlubiyyəti demək idi. Bu səbəbdəndir ki, sözügedən qüvvələr anti-Azərbaycan meyilləri artırır, ermənidən daha çox erməni olmaq uğrunda yarışırlar.

Qərəzli yanaşmaların ifrat həddə çatdığı bir dövrdə Avropa hələ də həqiqətləri dilə gətirməkdən imtina edir. Yanvarın 22-də Avropa İttifaqı xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasından sonra mətbuata açıqlamasında Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Aİ Komissiyasının vitse-prezidenti Cozef Borrelin Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar bir daha göstərdi ki, erməni təəssübkeşliyi beynəlxalq və regional səviyyədə davam edir. Borrelin ittihamları bir növ siyasi möhtəkirlikdir. Azərbaycanı ərazi iddiaları ilə hədələmək, insan hüquqlarının pozuntusu kimi əsassız faktlarla qarayaxmaq, sülh prosesindən yayınmaq kimi içiboş arqumentlərlə tənqid etmək sadəcə erməni lobbisinin eynəyi ilə məsələyə baxanların "doğrularıdır". Hətta Borrel onu da bildirib ki, bu, qurumun Azərbaycanla münasibətlər üçün pis nəticələnəcək. Məsələyə cavab olaraq Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, bu cür hədələyici ritorika təşkilatla münasibətləri daha da gərginləşdirən ikili standartın bariz nümunəsidir.

Aİ-nin növbəti həmləsi onu deməyə əsas verir ki, saxta ictimai rəy formalaşdırmaqla təzyiqlərin artması paralel sürətdə həyata keçiriləcək. Avropa bir növ "qabaqdan gəlmişlik" edir. Məlumdur ki, "qoca qitə"də ermənipərəst meyillər daha çoxdur və istər-istəməz Azərbaycanın beynəlxalq ictimai fikir yaratma cəhdlərinin qarşısı hər vəchlə alınır. Bu çərçivədə yaranan boşluğu Borrel saxta iddialar və çıxışlarla doldurur. Regional həqiqətlər isə bu gün tam başqa aspektdə cərəyan edir. Azərbaycan hələ işğal dövründə sülh təşəbbüsləri ilə çıxış edirdi və məsələnin dinc yolla həll edilməsi üçün bütün səylər göstərilmişdi. Lakin bunun qarşılığında BMT-nin qəbul etdiyi qətnamələr kağız üzərində qaldı, 30 ilə yaxın müddətdə Qarabağ məsələsi donduruldu. İşğal dövrü bitdikdən sonra belə Azərbaycan qalib ölkə kimi sülh əlini uzatdı, lakin hələ də rəsmi İrəvan bu istiqamətdə müsbət addım atmayıb.

Borrelin qeyd etdiyi sülh prosesi məsələsində Azərbaycan əleyhinə tutarlı bir fakt olsaydı, bunu yerindəcə dünya ictimaiyyəti ilə paylaşardılar. Hədəfdən yayınmaq üçün atılan addımlar quru səs-küydən başqa bir şey deyil. Bununla yanaşı, sərhədlərin delimitasiya və demarkasiyasının reallaşmadığı bir dövrdə hansı ərazi iddiasından söhbət gedə bilər? Bunu kim müəyyənləşdirir? 1 milyondan çox soydaşımızı didərgin salan, ərazilərimizin 20 faizini işğal edən haylara qarşı səsi çıxmayan Cozef Borrel indi nə üçün bu qədər "guruldayır"? Öz xoşu ilə ərazilərimizi tərk edən erməni əhalisinin ilk öncə sayını şişirtdilər, daha sonra onların zorla çıxarıldığı iddia edildi, ardınca da, deyilir ki, "rəsmi Bakı hayları geri dönməyə qoymur".

Borrel hay "sevgisi" öz gözündən söküb atmayınca bu cür sərsəmləməyə davam edəcək. Əsas məqam qüdrətli Azərbaycan dövlətinin tutduğu mövqedir. Regional lider kimi həqiqətləri biz diktə edirik. Hayastan isə sadəcə Cənubi Qafqaz məkanında Rusiyaya qarşı istifadə edilən bir fiqurdur. Digər tərəfdən, Aİ rəsmisi destruktivliyi bütün məcralarda sərgiləməkdə daha maraqlıdır. Belə ki, Aİ ilə rəsmi Bakı arasında münasibətlərin gələcəkdə pozulması ehtimalını vurğulayan Borrel bir növ bizi təhdid edir. Görünür, qarlı-şaxtalı qış aylarında Azərbaycanın təmin etdiyi enerji ilə isinən "qoca qitə" kimin daha çox itirəcəyini unudur. Əfsuslar olsun ki, bu strateji tərəfdaşlıq müsbət siyasi əlaqələr kontekstində dəyərləndirilmir. Lobbiçilərin siyasi-ictimai dəstəyi, milyarderlərin maliyyə vəsaiti Avropadakı rəsmilər üçün daha cəlbedicidir.

Sözügedən məsələlər Ermənistanı sülhdən daha da uzaqlaşdıra bilər. Haylar Borrel kimilərin nitqindən ruhlanaraq revanşist meyillər sərgiləməkdən çəkinməyəcək. Bu, təkcə deyilən sözlərlə, verilən bəyanatlarla bağlı deyil. Qərbin Ermənistanı silahlandırması da məhz bu məqsədə xidmət edir. Fransanın bu qəbildən xüsusi "fəallığı" Cənubi Qafqazı növbəti qarışıqlığa sürükləyə bilər.

Əminliklə qeyd edə bilərik ki, bu gün Avropa İttifaqı əsassız iddiaların səsləndirilməsi üçün tribuna kimi istifadə edilir. Bu yolla qurumun onsuz da aşağı olan nüfuzu daha da dibə çəkilir. Aİ-nin islahatlara ehtiyac duyduğunu artıq bütün dünya ölkələri bilir. Bu həqiqət təşkilatın özü tərəfindən də dəfələrlə açıqlanıb. Buna baxmayaraq, erməni təəssübkeşliyi öz tempini qoruyur.

Nurlan ABDALOV,

"Respublika".