Güclü külək Naxçıvanda elektrik infrastrukturuna ciddi ziyan vurub
Region

Güclü külək Naxçıvanda elektrik infrastrukturuna ciddi ziyan vurub

Naxçıvanda güclü külək və leysan yağışları ilə müşahidə olunan qeyri-sabit hava şəraiti elektrik təsərrüfatında bir sıra ciddi fəsadlar törədib.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətindən “Respublika”ya bildirilib ki, güclü külək nəticəsində Naxçıvan şəhərində və Qaraçuq, Bulqan, Qaraxanbəyli, Tumbul, Hacıniyyət kəndlərində, Şərur rayonunun Kərimbəyli, Axaməd, Maxta, Düdəngə, Zeyvə, Mahmudkənd, Siyaqut, Tənənəm, Oğlanqala, Məmmədsabir, Muğancıq Mehrab, Muğancıq Müslüm, Qarxun, Yengicə, Yuxarı Daşarx, Alışar, Çomaxtur, Xələc, Tumaslı, İbadulla və Qışlaqabbas kəndlərində, Babək rayonunun Şıxmahmud, Güznüt, Qoşadizə, Şəkərabad, Vayxır kəndlərində, Nehrəm qəsəbəsində, Sədərək rayonunun Sədərək, Dəmirçi və Qarağac kəndləri və Heydərabad qəsəbəsində, həmçinin Kəngərli rayonunun Şaxtaxtı, Qarabağlar, Çalxanqala kəndlərində dam örtüklərinin və iri gövdəli ağacların yüksək, orta və aşağı gərginlikli elektrik verilişi xətlərinin üzərinə aşması qəzalara səbəb olub. Bir sıra kənd və qəsəbələrdə elektrik verilişi xətlərində qısamüddətli fasilələr yaranıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti tərəfindən ərazilərə əlavə mal-material və texnika ayrılıb, mühəndis-texniki heyət gücləndirilmiş iş rejimində işləyərək elektrik infrastrukturunun bərpası istiqamətində zəruri tədbirlər görüb. Abonentlər qısa zaman ərzində fasiləsiz elektrik enerjisi ilə təmin edilib.