Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"China Daily": Zəngilanda minaların ətraf mühitə təsirinin ђazaldılması üzrə beynəlxalq konfrans

Çinin "China Daily" qəzeti Zəngilanda "Minaların ətraf mühitə təsirinin azaldılması: təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusunda keçirilən konfrans haqqında məlumat dərc edib. Xəbərdə qeyd olunub ki, Zəngilan şəhərində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə "Minaların ətraf mühitə təsirinin azaldılması: təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusunda 3-cü beynəlxalq konfrans başlayıb. Bildirilib ki, Konfransın məqsədi Azərbaycanın üzləşdiyi mina probleminə dünya ictimaiyyətinin diqqətini cəlb etmək, minaların təmizlənməsi sahəsində beynəlxalq tərəfdaşlığı gücləndirmək, eləcə də minaların və digər partlayıcı qalıqlarının ətraf mühitə təsirini azaltmaq üçün maliyyə resurslarının səfərbər edilməsi yollarını müzakirə etməkdir. Yazıda qeyd olunub ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev tədbirdə iştirak edib. O, Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub. Prezidentin köməkçisi minaların ətraf mühitə mənfi təsirlərini müzakirə etmək üçün bir araya gələn konfrans iştirakçılarına təşəkkür edib və konfransın işində uğurlar arzulayıb.

"Islamabad Post": Azərbaycan XİN rəhbəri Baş Qərargah rəisi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində bu ölkənin Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, baş qərargah rəisi, general Seyid Asim Munirlə görüşüb.

"Islamabad Post" yazır ki, görüş zamanı tərəflər regional sülh və sabitlik də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı müzakirələr aparıblar.

General Pakistanın Azərbaycan ilə qardaşlıq əlaqələrini, ölkənin müdafiə və təhlükəsizlik sahələrində hərtərəfli yardım və əməkdaşlığa sadiqliyini vurğulayıb.

Bundan əlavə, Seyid Asim Munir Azərbaycan Silahlı Qüvvələrini peşəkarlıq baxımından yüksək qiymətləndirib. Xarici işlər naziri Ceyhun Bayramov Pakistanın Azərbaycana göstərdiyi davamlı dəstəyə görə minnətdarlığını bildirib və ölkənin regional sabitliyin təmin olunmasındakı mühüm rolunu qeyd edib.

"Vestnik Kavkaza": 800 min insan Qarabağa qaytarılacaq

"Ümumilikdə 800 minə yaxın keçmiş məcburi köçkünün öz yurdlarına qayıtması üçün işlər sürətlə davam edir".

"Vestnik Kavkaza" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfransında deyib: "Bugünkü konfransın şüarında deyildiyi kimi, biz minanın ətraf mühitə təsirini azaltmağa, təhlükəsiz və "yaşıl gələcək" yaratmağa çalışırıq. Minatəmizləmə xüsusilə münaqişədən sonra çox vacib fəaliyyətdir. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma işləri həyata keçirilir. Dünən siz gördünüz ki, sakinlər sıfırdan öz həyatlarına başlayıblar. Ümumilikdə 800 minə yaxın keçmiş məcburi köçkünün öz yurdlarına qayıtması üçün işlər sürətlə davam edir. 20 min keçmiş məcburi köçkün bu ilin sonuna kimi yurdlarına köçürüləcək, ümumilikdə 9 şəhər yenidən qurulacaq. 2021-ci ildən bəri bərpa və yenidənqurma işlərinə təxminən 7 milyard ABŞ dolları yatırılıb".

"Armenpress": Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesi regional sabitlik üçün vacibdir

Rusiya Federasiyası Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesini izləyir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova həftəlik mətbuat konfransı zamanı bildirib. Xəbəri "Armenpress" paylaşıb.

"Biz yalnız diplomatik üsullarla sülh yolu ilə nizamlanmağa yönəlmiş bütün prosesləri dəstəkləyirik və hesab edirik ki, sazişlər ardıcıl, balanslı və qarşılıqlı faydalı olmalıdır. Regionda dayanıqlı sülhün bərqərar olması üçün əsas yaranmalıdır. Biz Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında əldə edilmiş üçtərəfli razılaşma əsasında sərhədin delimitasiyası prosesində məşvərətçi rol oynamağa hazır olduğumuzu təsdiq edirik", - deyə Mariya Zaxarova çıxışında bildirib.

"QAZETA.RU": Rusiya Federasiyası və Qazaxıstanın müdafiə nazirləri hərbi əməkdaşlığı müzakirə ediblər

Məşhur "Qazeta.ru" xəbər saytı Rusiya və Qazaxıstanın müdafiə nazirlərinin Almatıda ikitərəfli hərbi əməkdaşlıq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə etmələri barədə məlumat yayımlayıb. Məlumatda Qazaxıstanın 2024-cü ildə xarici ölkələrlə birlikdə bir sıra hərbi təlimlər keçirəcəyi qeyd olunub. Xəbərdə "Birlestik-2024" komanda-qərargah təlimlərində Azərbaycanın iştirak edəcəyi də öz əksini tapıb. Görüş zamanı təlimlər barədə geniş məlumat verilib.

"Respublika".