Bratislavada Xocalı soyqırımının qurbanları yad edilib
Diaspora

Bratislavada Xocalı soyqırımının qurbanları yad edilib

Azərbaycanın Slovakiyadakı səfirliyi tərəfindən Bratislava şəhərində bu ölkədə yaşayan soydaşlarımızın iştirakı ilə Xocalı soyqırımının 32-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisi olan Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi tədbirdə bir dəqiqəlik sükutla yad edilib.

Xocalıda və digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin bölmələri və erməni terrorçu dəstələrinin törətdiyi cinayətlərdən söz açan səfir Vüsal Abdullayev bu qanlı əməllər nəticəsində çox sayda dinc azərbaycanlının milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirildiyini və amansız işgəncələrə məruz qaldığını qeyd edib. O, erməni faşizminin təzahürü və bariz nümunəsi olan Xocalı soyqırımının təkcə Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayət olduğunu bildirib.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması məqsədilə davamlı olaraq həyata keçirilən "Xocalıya ədalət!" kampaniyasının əhəmiyyətindən danışan diplomat Xocalıda baş vermiş bu qanlı cinayətin heç vaxt yaddaşlardan silinməyəcəyini vurğulayıb.

Erməni işğalçılarının Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədiyini və rəşadətli Ordumuzun Xocalı qurbanlarının qisasını döyüş meydanında aldığını qeyd edən səfir 2023-cü ilin sentyabrın 19-da keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində azad olunmuş Xocalı şəhərində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin oktyabrın 15-də Azərbaycanın Dövlət Bayrağını ucaltdığını bildirib.

Daha sonra Azərbaycan Müdafiə Nazirliyinin Sənədli və Tədris Filmləri Kinostudiyasının çəkdiyi, Xocalı soyqırımına həsr olunmuş sənədli televiziya filmi nümayiş etdirilib.

Tədbir gənc Azərbaycan musiqiçisi Fərid Feyzullayevin (violin) ifasında konsert-rekviyem proqramı ilə davam edib. Konsert-rekviyemdə görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirov, Arif Məlikov, Tofiq Quliyevin, habelə Antonio Vivaldinin əsərləri təqdim edilib.