Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı konfrans
Diaspora

Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı konfrans

İstanbul

Azərbaycanın İstanbuldakı Baş konsulluğu və Türkiyə Ədliyyə Nazirliyinin İstanbul 2 nömrəli Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə İstanbulda "Beynəlxalq hüquq və ədalət baxımından 32-ci ildönümündə Xocalı soyqırımı" mövzusunda konfrans keçirilib.

İlk öncə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, iki qardaş ölkənin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Türkiyənin "Haber Global" media şirkəti tərəfindən Xocalı soyqırımına həsr olunan "Tarixdən bir dəhşət səhifəsi: Xocalı" qısametrajlı bədii filmi nümayiş etdirilib.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva Xocalı soyqırımının azərbaycanlılar üçün tarixin ən ağrılı səhifələrindən biri olmaqla yanaşı, ermənilərin əsl üzünü göstərən insanlıq tarixinin ən dəhşətli nümunələrindən biri olduğunu diqqətə çatdırıb. N.Mustafayeva qeyd edib ki, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər nəticəsində Xocalı soyqırımı qurbanlarının, bütün  şəhidlərimizin qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror  tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan təmizləndi. Dövlət başçısı İlham Əliyev 2023-cü il oktyabr ayının 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını və onların qisasının alındığını dedi.

Xocalıda və digər yaşayış  məntəqələrində Ermənistan silahlı qüvvələrinin bölmələri və erməni terrorçu dəstələrinin törətdiyi cinayətlərdən söz açan İstanbul 2 nömrəli Vəkillər Kollegiyasının rəhbəri Yasin Şamlı bu qanlı cinayətlər nəticəsində çox sayda dinc azərbaycanlının milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirildiyini və amansız işgəncələrə məruz qaldığını deyib. O, erməni faşizminin təzahürü və bariz nümunəsi olan Xocalı soyqırımının təkcə Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayət olduğunu bildirib. Y.Şamlı Xocalı soyqırımının heç vaxt xatirələrdən silinməyəcəyini vurğulayıb.

Konfrans mövzu ilə bağlı panel iclasla davam etdirilib.

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı vəkil Aygün Əliyevanın moderatorluğu ilə keçirilən paneldə siyasi ekspert, Türkiyənin Aydın Universitetinin professoru Raqıp Kutay Karaca, Ankara Universitetinin professoru Cavid Abdullazadə  və diğər natiqlər, mövzu ilə bağlı ətraflı danışıblar.

Beynəlxalq hüququn və ədalətin Xocalı soyqırımına yanaşmasının müzakirə olunduğu iclasda illər ötsə də tarixin bu qanlı faciəsini törədənlərin cəzalandırılması istiqamətində dünya ictimaiyyəti tərəfindən hələ də tədbirin görülmədiyi təəssüflə bildirilib. Qeyd olunub ki, milyonlarla dinc əhalini qətl edən Qərb mədəniyyəti, bu gün Xocalı soyqırımına "ədalət" axtarır, bu da ədalətsizliyin təməlini təşkil edir.

Sonra Vəkillər Kollegiyası binasında açılan, Xocalı soyqırımını özündə əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib.

Esmira Yazkan ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.