Aqrar Sığorta Fondu ağac və kolları da risklərdən sığortalayır
İqtisadiyyat

Aqrar Sığorta Fondu ağac və kolları da risklərdən sığortalayır

Son günlər respublikanın müxtəlif bölgələrində hava şəraitinin kəskin dəyişməsi ilə bəzi bölgələrdə ağaclar zədələnib, qırılıb və bağlara ciddi ziyan dəyib.

"Respublika" Aqrar Sığorta Fondundan verilən məlumata əsasən xəbər verir ki, hava şəraiti və digər hadisələr meyvə bağlarına zərər verməklə məhsul itkisi ilə yanaşı, bu yatırımların da itirilməsinə səbəb ola bilər. Bununla da fermerlər nəinki cari ilin, növbəti illərin də məhsulunu itirmiş olurlar. Aqrar sığorta vasitəsilə meyvə bağlarında məhsulla yanaşı, ayrıca olaraq ağac və kolları da çoxsaylı risklərdən sığortalamaq mümkündür. Bu sığortaya əsasən dolu, qasırğa, fırtına, sel-subasma, normadan artıq yağan qar, 3-cü şəxslərin hərəkəti nəticəsində ağac və kolların məhv olması zamanı fermerə dəyən zərər qarşılanır. Fermerə ağacdan əldə edilən 3 illik məhsulun məbləği qədər sığorta təminatı verilir.

Ağac və kolların sığortası üzrə sığorta tarifi 0,83 faiz təşkil edir, üstəlik sığorta haqqının 50 faizinin dövlət tərəfindən ödənildiyini də nəzərə alanda, fermerlər bağdakı ağacları cüzi məbləğ ödəməklə sığorta edə bilərlər.  Sığorta tarifinin 0,83 faiz olduğunu nəzərə alanda, ağac üzrə sığorta haqqı 1,5 manat təşkil edir. Fermer bu məbləğin yarısını, yəni 0,75 manat ödəməklə ağacı sığorta edə bilər. Hadisə nəticəsində ağac məhv olduqda isə 10 faizlik azadolma məbləği nəzərə alınmaqla fermerə dəyən zərərin 90 faizi həcmində ödəniş edilir.

Ağac və kolları bütün il boyu sığortalamaq olar, sığorta tarifləri isə bütün ölkə ərazisində eynidir.