İqtisadiyyat

"Əsrin müqaviləsi" inkişafa öz töhfəsini verir

Müstəqil respublikamızın memarı və xalqımızın xilaskarı olan ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın yekdil xahişi ilə yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanın siyasi və iqtisadi həyatında fundamental dəyişikliklərin və inkişaf strategiyasının əsası qoyuldu. 1994-cü il sentyabrın 20-də Dövlət Neft Şirkəti ilə 8 ölkənin 13 şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Saziş imzalandı.

Tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlandırılan saziş təxminən, 400 səhifə həcmində və 4 dildə öz əksini tapmaqla "Yeni neft strategiyası"nın uğurla həyata keçirilməsinin təməlini qoydu. Bu müqavilə sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dan çox sazişin imzalanması üçün yol açdı. Çünki "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir.

"Əsrin müqaviləsi" ilə müstəqilliyini möhkəmləndirməklə inkişaf etdirən Azərbaycan öz təbii sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirərək iqtisadi qüdrətini xeyli genişləndirdi. Müqavilənin imzalanmasına həsr olunmuş təntənəli mərasimdə çıxış edərkən ulu öndər Heydər Əliyev demişdir: "Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradırıq... Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq".

"Əsrin müqaviləsi" təkcə respublikamızın iqtisadiyyatı və enerji sektoru deyil, bütövlükdə dünyanın enerji siyasəti üçün çox böyük əhəmiyyət kəsb edir. Bu sazişin imzalanması ulu öndər Heydər Əliyevin böyük dühası, müdrik siyasəti, prinsipial mövqeyi və qətiyyətli rəhbərliyi sayəsində reallaşdı. Bu danılmaz faktdır ki, o vaxt iqtisadiyyatımıza investisiyaların yatırılması ilə bağlı xeyli tərəddüdlər var idi. Çünki respublikada siyasi sabitlik tam edilməmişdi və ölkəmiz müharibə vəziyyətində idi. Bütün bunlara baxmayaraq, dünyanın enerji siyasəti üçün əhəmiyyətli olan sazişin imzalanmasına nail olundu. Məhz bu səbəbdən də "Əsrin müqaviləsi" ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Qeyd edək ki, son bir il ərzində SOCAR tərəfindən 73 min metrdən çox qazma işləri həyata keçirilib. Ümumilikdə isə 2022-ci il ərzində Azərbaycanda 32,6 milyon ton xam neft hasil olunub.

SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri ötən il təqribən 2,6% artaraq 18,5 milyon tona yüksəlib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı isə 19,3% artaraq 22,4 milyard kubmetrə yaxın olub.

"Əsrin müqaviləsi" imzalandığı gündən bu vaxta qədər Azərbaycanın və region ölkələrin tərəqqisinə xidmət edir və dünyanın inkişafına öz töhfəsini verir. Onu da qeyd edək ki, bu sazişin ən böyük əhəmiyyəti ölkə iqtisadiyyatına iri investisiyaların cəlb olunmasını stimullaşdırmasıdır və bu maliyyə resursları hesabına ölkə iqtisadiyyatının inkişafı təmin edilir.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".