Bakıda COP29 ərəfəsində “Xəzər Mavi Üfüqlər” adlı ilk seminar keçirilir
İqtisadiyyat

Bakıda COP29 ərəfəsində “Xəzər Mavi Üfüqlər” adlı ilk seminar keçirilir

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı), ADA Universiteti və IDEA İctimai Birliyi 1-ci “Xəzər Mavi Üfüqlər” seminarının birgə keçirilməsini elan edib.

"Respublika" xəbər verir ki, Azərbaycanın İsveçrədəki səfirliyi tərəfindən dəstəklənən bu təşəbbüs Xəzər dənizi regionunda ekoloji problemlərin həlli üçün qlobal miqyasda maraqlı tərəfləri bir araya gətirmək məqsədi daşıyır.

İyunun 10-dan 11-dək ADA Universitetində başlayan ilk seminar bu ilin noyabrında baş tutacaq COP29-un əhəmiyyətini və beynəlxalq iqlim məqsədlərinə uyğunluğunu vurğulayır. Seminar tam olaraq tədqiq edilməmiş Xəzər dənizinin dayanıqlılığının və davamlılığının artırılmasına əsas diqqət yetirməklə, davamlı inkişaf və ətraf mühitə nəzarət prinsiplərini vurğulayaraq elm adamları, siyasətçilər və sənaye liderləri arasında sahələrarası əməkdaşlıq üçün mühüm platforma rolunu oynayır.

Seminarda açılış nitqini “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov edib. 

Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevin çıxışı Azərbaycanda ətraf mühitin dayanıqlılığı, iqlimə davamlılıq və qlobal əlaqə mövzularında olub. 

Daha sonra isə Azərbaycan Milli Məclisinin deputatı, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov çıxış ediblər.

12 ölkənin 15 aparıcı universiteti və akademik qurumlarından 30-dan çox görkəmli alim və tədqiqatçı də daxil olmaqla 100-ə yaxın iştirakçı tədbirin müxtəlif tematik panellərində iştirak edirlər. 

Bundan başqa, seminarda yüksək səviyyəli dövlət rəsmiləri, diplomatik qurumların rəhbərləri, özəl sektor rəhbərləri, beynəlxalq və mülki təşkilatların nümayəndələri də iştirak ediblər.

Bakıda keçirilən seminarın davamı olaraq, bu ilin sentyabrında İsveçrədə keçiriləcək 2-ci seminar planlanır. Bu seminarlar silsiləsi Azərbaycanın Xəzər dənizinin və onunla əlaqəli regionun öyrənilməsində beynəlxalq əməkdaşlığın təşviqinə sadiqliyini vurğulayır və daha yaxşı sabaha işıq saçacaq.