DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

DÜNYA YENİ KARİB BÖHRANI ASTANASINDA

Dünya 1962-ci ildə SSRİ və ABŞ arasında baş vermiş Kuba raket böhranına bənzər yeni hərbi böhranın astanasındadır. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Törner bəyan edib.

Komitə sədrinin sözlərinə görə, oxşar gərginlik Rusiyanın kosmosda nüvə silahı yerləşdirməsinə səbəb ola bilər.

Bununla yanaşı, Mark Törner bildirib ki, Rusiya Yer kürəsinin aşağı orbitində nüvə silahı partladarsa, bu, sosial-iqtisadi sistemləri fəlakətli və dağıdıcı hücumla təhdid edəcək.

“Bu dəfə Kuba raket böhranına bənzər proses kosmosda təkrarlana bilər. ABŞ hökuməti geridönməz Sıfır Gününə doğru yuxuya gedib”, - deyə konqresmen vurğulayıb.

Mark Törner Bayden administrasiyasını rusların kosmosdakı nüvə fəaliyyətləri ilə bağlı çoxsaylı suallara cavab verməyə çağırıb və Ağ Evi problemi həll etməkdə acizlikdə günahlandırıb.

RUSİYANIN ABŞ-DAKI VİZA MƏRKƏZLƏRİ BAĞLANIR

Amerika administrasiyası Rusiya viza mərkəzinin ABŞ-dakı hər iki filialını bağlayaraq rusiyalı diplomatları ölkədə vergi ödəməmək imkanından məhrum edir. “TASS” agentliyinin xəbərinə görə, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov məlumat verib.

“Hər gün bizə qarşı hücumlar edilir və bu gün, cəmi bir saat əvvəl, amerikalılar bizə viza mərkəzinin bağlanması barədə bildiriş göndərdilər. İndi də Rusiya diplomatlarının və konsullarının çiyninə əlavə yük düşür. Və dərhal demək istəyirəm ki, biz işləməyə davam edəcəyik. Biz soydaşlarımızı tərk etməyəcəyik. Biz onlara lazımi hüquqi və konsulluq dəstəyi göstərmək üçün əlimizdən gələni edəcəyik. Vergidən azad olma kartlarımızı da əlimizdən aldılar. Bu kartlar istənilən ölkədə diplomatlara imtiyazlar verir, onlara yaşamağa və yerli xəzinəyə vergi ödəməməyə şərait yaradır”, - deyə Antonov vurğulayıb.

Eyni zamanda, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib ki, ABŞ Rusiya viza mərkəzlərini bağlayarsa və diplomatları vergi imtiyazlarından məhrum edərsə, Rusiya da adekvat addımlar atacaq.

A.VOLFOVİÇ: QƏRB BELARUSU UKRAYNA MÜNAQİŞƏSİNƏ CƏLB ETMƏYƏ ÇALIŞIR

Qərb bütün gücü ilə Belarusu Ukrayna münaqişəsinə cəlb etməyə çalışır. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirib.

“ABŞ və onun NATO blokundakı tərəfdaşları dünyada, Şərqi Avropanın kollektiv təhlükəsizlik regionunda hərbi-siyasi vəziyyəti görünməmiş şəkildə gərginləşdirirlər. Qərb bütün gücü ilə Belarusu münaqişəyə sürükləməyə çalışır”, - deyə Volfoviç vurğulayıb.

Dövlət katibinin fikrincə, Qərbdəki qonşularla qurulmuş iqtisadi və humanitar əlaqələr hüdudsuzdur. O əlavə edib ki, ölkə rəhbərliyi və Silahlı Qüvvələr vəziyyəti nəzərə alaraq, “ən pis ssenaridən - müharibənin başlanmasından” qaçmaq üçün tədbirlər kompleksi hazırlayır.

“Bu gün dostluq münasibətlərini pozaraq ölkəmizin qərb sərhədlərində yerləşən ölkələr də bizə və strateji tərəfdaşımız olan Rusiyaya qarşı aqressiv davranır, hərbi mövcudluğunu artırır, öz xalqlarının iqtisadi maraqlarına ziyan vurmaqla hərbi büdcələrini artırır, Belarus sərhədləri boyunca gündəlik uçuşlar həyata keçirilir”, - deyə dövlət katibi qeyd edib.

KXDR CƏNUBİ KOREYA İLƏ SƏRHƏDDƏ DİVAR TİKİR

KXDR Cənubi Koreya ilə sərhəddə demilitarizasiya zonası boyu səddin inşasına başlayıb. Bu barədə “Trend” agentliyinin məlumatında qeyd olunur. Xəbər verilir ki, bunu iki ölkə arasındakı sərhədin yeddi kilometrlik hissəsinin peyk fotoşəkillərinin təhlili göstərib. Belə ki, sərhəd boyu ümumi uzunluğu təxminən 1 kilometrə çatan ən az üç səddin tikildiyi görünüb. Onlar sərhədin şərq hüdudlarının yaxınlığında inşa olunub və digər hissələrdə də baryerlərin tikildiyi istisna edilmir.

Qeyd edək ki, demilitarizasiya zonası 38-ci paraleldən keçərək KXDR və Cənubi Koreyanı ayıran 240 kilometr uzunluğunda və 4 kilometr enində bufer xəttidir. O, 1953-cü ildə ölkələr arasında aktiv hərbi əməliyyatlara son qoyan atəşkəs sazişinin imzalanması nəticəsində yaranıb.

Xatırladaq ki, Şimali Koreya ilə Cənubi Koreya arasında demarkasiya xəttində vəziyyət may ayının sonunda yenidən gərginləşib. Rəsmi Pxenyan bir neçə dəfə Seula tullantılar bağlanmış yüzlərlə hava şarı göndərib. Buna cavab olaraq Cənubi Koreya KXDR-ə səsgücləndiricilər vasitəsilə təbliğat aparıb.

MACARISTAN NATO-NUN UKRAYNA MİSSİYASINDA İŞTİRAK ETMƏYƏCƏK

NATO Ukraynada öz missiyasını yaratmaq niyyətindədir, lakin Macarıstan bu missiyada iştirak etməyəcək. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Macarıstanın baş naziri Viktor Orban növbəti dəfə bəyan edib.

“NATO Ukraynada öz missiyasını yaradacaq, lakin Macarıstan bu missiyada iştirak etməyəcək və bunun üçün öz hərbi personalını, silahlarını və ya maliyyə resurslarını verməyəcək”, - deyə hökumət başçısı bildirib.

Viktor Orban xatırladıb ki, bu barədə Alyansın baş katibi Yens Stoltenberq və onun varisi, hazırda Niderlandın baş naziri vəzifəsini icra edən Mark Rutte ilə razılaşıb.

Baş nazirin sözlərinə görə, Macarıstan Avropada “sülh adası” olaraq qalmaq istəyir.

Xatırladaq ki, Viktor Orban son həftələr ərzində artıq bir neçə dəfə bəyan edib ki, Macarıstan Ukraynada mümkün müttəfiq missiyasında iştirak etmək niyyətində deyil.

İSRAİL VƏ LİVAN ARASINDA TOQQUŞMA HƏR AN BAŞLAYA BİLƏR

Küveyt Livandakı vətəndaşlarından “Hizbullah” hərəkatı və İsrail arasında yaşanan gərginlik səbəbindən bu ölkəni tez bir zamanda tərk etmələrini istəyib. “Teleqraf.com”un verdiyi xəbərə görə, Küveyt Xarici İşlər Nazirliyindən verilən açıqlamada hazırda Livanda olan vətəndaşlardan ən qısa vaxtda ölkəni tərk etmələri və tərk edə bilməyənlərdən isə dərhal Küveytin Livan səfirliyi ilə əlaqə saxlamaları tələb edilib.

Eyni zamanda, bəyanatda həmçinin vətəndaşlara bölgədəki şərtlər və təhlükəsizliklə bağlı gəlişmələr fonunda Livana səfər etməmək tövsiyə olunub.

Qeyd edək ki, Küveytdən əvvəl Kanada və bəzi digər Qərb dövlətlərinin də vətəndaşlarını Livandan çıxarmağa başlaması haqda məlumat yayılıb.

2023-cü il oktyabrın 7-də Qəzza zolağında əməliyyatların başlamasından bəri Livanla sərhəddə tez-tez İsrail ordusu ilə “Hizbullah” silahlıları arasında toqquşmalar baş verir.

Məlumat üçün qeyd edək ki, son həftələr İsrail və Livan arasında “Mavi xətt” adlanan sərhəd zonasında gərginlik artıb. Həmçinin İsrail ordusu iyunun 18-də Livana mümkün hücum üçün əməliyyat planını təsdiqlədiyini açıqlayıb.

ÇİN TƏYYARƏLƏRİNİN BÖYÜK BİR QRUPU TAYVAN SAHİLLƏRİNƏ YAXINLAŞIB

Çin Xalq Respublikasının (ÇXR) Silahlı Qüvvələrinin 41 təyyarəsi və 7 gəmisinin Tayvan sahillərinə yaxınlaşması qeydə alınıb. “TASS” agentliyinin verdiyi xəbərə görə, bu barədə Tayvanın qondarma müdafiə qurumu məlumat yayıb.

Bununla yanaşı, açıqlamaya əsasən, sözügedən qruplaşmadan 32 təyyarə Tayvan hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub. Bildirilir ki, hədəfləri izləmək üçün zenit raket sistemləri, habelə adanın aviasiya və donanması istifadə edilib.

Bu ərəfədə “Röyters” agentliyi ABŞ və Çinin son 5 ildə ilk dəfə nüvə silahı məsələsi üzrə yarırəsmi danışıqları bərpa etdiyini bildirib.

Eyni zamanda, mənbələrin açıqlamasına görə, rəsmi Pekin Tayvan ətrafındakı vəziyyətə görə nüvə silahından istifadə ilə hədələməyəcəyini bəyan edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.