Vətəndaşlara diqqət və qayğı əsas vəzifədir
CƏMİYYƏT

Vətəndaşlara diqqət və qayğı əsas vəzifədir

Bu gün dövlət qulluqçularının peşə bayramı günüdür. Bu bayram, dövlət idarəçiliyində çalışan və cəmiyyətimizin inkişafı üçün əmək sərf edən dövlət qulluqçularının zəhmətini, onların cəmiyyətə verdikləri töhfələri təqdir etmək məqsədi daşıyır. Ölkəmizin idarəçilik sisteminin təməl daşı onların əlindədir. 23 iyun tarixi sözügedən şəxslərin cəmiyyətimizə verdikləri töhfələri tanımaq və onların fəaliyyətlərini yüksək qiymətləndirmək üçün gözəl fürsətdir.

Ulu Öndər Heydər Əliyevin 1998-ci il 29 dekabr tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyasının fəaliyyəti nəticəsində "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi və 2001-ci il 1 sentyabr tarixində bu qanun qüvvəyə mindi. Bununla da Azərbaycanda dövlət qulluğu islahatlarının təməli qoyuldu. Belə ki, dövlət qulluqçularının yüksək peşəkarlığı vətəndaşların və cəmiyyətin xidmətində olan dövlət orqanlarının səmərəli fəaliyyətində özünü göstərir.

Azərbaycan dövlət qulluğu islahatlarının ən əhəmiyyətli nəticələrindən biri, 2000-ci il iyulun 21-də "Dövlət qulluğu haqqında" qanunun qəbul edilməsidir. Bu qanun Azərbaycan dövlət qulluğunun formalaşdırılmasının əsasını qoyub, kadr siyasətinin prinsiplərini, dövlət qulluqçularının cəmiyyətdəki rolunu və onların hüquq və vəzifələrini müəyyənləşdirdi. Həmçinin "dövlət qulluğu" və "dövlət qulluqçusu" anlayışları da məhz bu qanunla rəsmiləşdi.

BMT Baş Assambleyasının 20 dekabr 2002-ci il tarixli qətnaməsinə əsasən, 2003-cü ildən Dövlət Qulluğu Günü qeyd edilir. Sözügedən qətnamədə BMT-nin üzvlərinə tövsiyə olunub ki, ölkələrin inkişafında dövlət qulluğunun əhəmiyyətini daha yaxşı vurğulamaq və təşviq etmək üçün xüsusi bir gün müəyyən edilsin. Prezident İlham Əliyev 2006-cı il 25 may tarixli Sərəncamı ilə 23 iyunu "Dövlət Qulluqçularının Peşə Bayramı Günü" kimi təsis etdi.

Ulu öndərin əsasını qoyduğu dövlətçilik konsepsiyasını uğurla davam etdirən cənab İlham Əliyev bu sahənin də hərtərəfli inkişafına xüsusi diqqət yetirir. Dövlət başçısının 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya"ya uyğun olaraq 2019-cu ildə müəyyən edilmiş bir sıra tədbirlər, o cümlədən bu Strategiyanın icrası üzrə Fəaliyyət Planı xüsusi qeyd edilməlidir.

Hər bir dövlət qulluqçusunun peşəkarlığı, vətənpərvərliyi və məsuliyyətli yanaşmaları sayəsində, dövlətimiz daha güclü və davamlı olur.

Dövlət qulluğu sahəsində aparılan islahatlar həm dövlət qulluqçularının məsuliyyətini gücləndirir, həm də onların hüquq və vəzifələrinin dəqiq müəyyənləşdirilməsi və sahədəki boşluqların aradan qaldırılmasına yeni stimul verir. Eyni zamanda bu gün artıq ölkəmizdə müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyət orqanlarının funksiyaları dəqiq şəkildə müəyyən edilir və vətəndaşların hüquq və azadlıqlarını qorumaq üçün lazımi tədbirlər görülür.

Prezident İlham Əliyevin dediyi kimi: "...Müstəqil Azərbaycan Respublikasında dövlət qulluğunda çalışmaq hər bir insan üçün son dərəcə şərəfli işdir. Bu o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir".

Dövlət qulluqçularının peşə bayramı günündə, onlara göstərdikləri fədakarlıq və əməyə görə dərin təşəkkürümüzü bildirir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. Bu gün onların səyləri sayəsində, təhsilimiz, səhiyyəmiz, təhlükəsizliyimiz və digər həyati sahələrimiz davamlı olaraq inkişaf edir.

Tacir SADIQOV,

"Respublika".