Kazanda İslam Əməkdaşlıq Təşkilatı Gənc Sahibkarların 10-cu Beynəlxalq Forumu işə başlayıb
CƏMİYYƏT

Kazanda İslam Əməkdaşlıq Təşkilatı Gənc Sahibkarların 10-cu Beynəlxalq Forumu işə başlayıb

Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənc Sahibkarların 10-cu Beynəlxalq Forumu işə başlayıb.

Bu barədə "Respublika"ya İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya Regional Mərkəzindən (İƏGF Avrasiya Regional Mərkəzi) məlumat verilib.

Bildirilib ki, tədbir İƏGF Avrasiya Regional Mərkəzinin, Rusiyanın Tatarıstan Respublikası Gənclərlə İş Nazirliyinin, “Selet” Gənclər Fondu və Gənclərin Diplomatiya Akademiyasının birgə təşkilatçılığı, eləcə də “Sabah.Hub”, “Kazan IT Park”ın və digər qurumların təşkilatçılığı ilə keçirilir.

Forumun açılış mərasimində Tatarıstanın gənclərlə iş naziri Rinat Sadıqov, İƏGF Avrasiya Regional Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əsgərov, İƏGF-nin prezidenti Taha Ayhan və Tatarıstan Respublikası başçısının köməkçisi Timur Süleymanov, eləcə də bir sıra beynəlxalq təşkilatların nümayəndələri və ölkə rəsmiləri çıxış edərək belə tədbirlərin getdikcə daha çox real nəticələrə əsaslandığını xüsusi vurğulayıblar.

Tədbirdə çıxış edən İƏGF Avrasiya Regional Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əsgərov forumun əhəmiyyətindən bəhs edib. Gənc iş adamlarının müəllifi olduqları startap layihələrinin stimullaşdırılması, onların davamlı olması baxımından forumun işinə yüksək dəyər verdiyini vurğulayıb.

Açılış mərasimində İƏGF Avrasiya Regional Mərkəzi ilə Tatarıstanın Gənclərlə İş Nazirliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənədi İƏGF Avrasiya Regional Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əsgərov və Tatarıstan Respublikası gənclərlə iş naziri Rinat Sadıqov imzalayıblar.

Memorandumda Kazan İƏT Gənc Sahibkarlar Forumunun keçirilməsi, eləcə də gələcək layihələrlə bağlı tərəflərin öhdəlikləri öz əksini tapıb. Bununla yanaşı, İƏT-in Avrasiya regionu üzrə fəaliyyətlərində İƏGF Avrasiya Regional Mərkəzi tərəfindən Tatarıstan Respublikası Gənclərlə İş Nazirliyinə bir sıra fəaliyyətlərdə dəstəyin verilməsi və gənclərlə iş sahəsi üzrə aidiyyəti layihələrin ortaq həyata keçirilməsi qərara alınıb.

Qeyd edək ki, forum çərçivəsində ekspert qrupundan formalaşdırılmış komissiyaya 45 İƏT ölkəsindən 150 startap layihəsi təqdim olunub. Xüsusi kreativliyi, innovativ xarakteri, həmçinin potensial təsiri ilə fərqlənən 30 startap seçilib. Seçilmiş startapların davamlılığının təmin edilməsi üçün onlara şəbəkələşmə və mentorluq baxımından dəstək göstəriləcək.

“Rusiya-İslam dünyası Kazan Forumu” XV Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən “İƏT Gənc Sahibkarların 10-cu Beynəlxalq Forumu” mayın 18-dək davam edəcək.