Türksat 6A-nın sınaq mərhələsi tamamlanıb
Türk dünyası

Türksat 6A-nın sınaq mərhələsi tamamlanıb

Türkiyə

Türkiyənin ilk yerli və milli rabitə peyki olan Türksat 6A-nın istehsal və sınaq mərhələləri tamamlanıb və qablaşdırma prosesi başa çatıb. Peyk atış əməliyyatları üçün iyunun 4-də ABŞ-ın Florida ştatındakı Cape Canaveral Hava Qüvvələri Stansiyasına göndərilib. Təxminən 17 saat davam edəcək səyahətdən sonra peyk sınaqların aparılacağı Cape Canaveral Hava Qüvvələri Stansiyasında ''SpaceX'' obyektlərindəki anqara enəcək. Türksat 6A-nın yanacaqdoldurma əməliyyatları ''SpaceX''ə məxsus anqarda həyata keçiriləcək. İyul ayının ikinci həftəsində ''SpaceX''in ''Falcon'' 9 raketi ilə kosmosdakı mövqeyinə göndərilməsi planlaşdırılır.

Türksat 6A Türkiyədə yerli olaraq hazırlanmış ilk rabitə peyki layihəsidir və Türkiyənin kosmos sahəsindəki imkanlarını daha da inkişaf etdirməyi hədəfləyir. Bununla bağlı açıqlama verən nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türkiyənin Türksat 6A ilə peyk ixracatçısına çevrildiyini qeyd edib.

Türksat 6A peykinin Ankarada Antonov An-124 tipli təyyarəsi ilə Floridaya yola salındığını qeyd edən Uraloğlu deyib: "Bu layihə ölkəmizin kosmosdakı gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Peykimizdə istifadə olunacaq alt sistemləri, yerüstü peyk stansiyasını və proqram təminatını milli resurslarla inkişaf etdirdik. Türksat 6A-nın xidmətə başlaması ilə Türkiyə rabitə peykləri istehsal edə bilən ölkələr liqasına yüksələcək. Beləliklə, biz rabitə peyklərini ixrac edə biləcəyik".

Türksat 6A peykinin inteqrasiyası və sınaqlarının Kosmik Sistemləri İnteqrasiya və Test (USET) Mərkəzində həyata keçirildiyini vurğulayan Uraloğlu deyib: "Peyk xidmətlərində Türksat 3A, Türksat 4A, Türksat 4B və Türksat 6A ilə xidmətlərimizi davam etdiririk. Türkiyənin ən mühüm layihələrindən biri olan yerli rabitə peyki - Türksat 6A layihəsinin sonuna çox yaxınıq. Biz peykimizi iyul ayında kosmosda görəcəyik. Və beləliklə Türksat 6A ''SpaceX'' obyektlərindən kosmosa göndəriləcək".

Nazir qeyd edib ki, ''Tübitak Uzay'', ''Aselsan'', ''TUSAŞ'' və ''C2TECH'' kimi yerli sənaye təşkilatlarının dəstəyi ilə tamamlanan Türksat 6A ölkəmizin ən böyük Ar-Ge Layihəsidir. İndi biz onu kosmosa göndərmək prosesindəyik. USET-də peykimizin qablaşdırma prosesləri artıq başa çatıb.

A.Uraloğlu Türksat 6A-nın ən yüksək lokalizasiya nisbəti ilə tamamlandığını vurğulayıb: "Ölkəmizin peyk operatoru Türksatın başlatdığı proqramla Türksat mühəndisləri Türksat 3A-nın tikintisinə cəlb olundu, həmçinin Türksat 4A və Türksat 4B təmin edildi. Bundan əlavə, 12 Türksat mühəndisi Türksat 5A və 5B-nin inşasında yenidən texnologiya transferi proqramı çərçivəsində peyk dizaynı, istehsalı və sınaqlarına cəlb edildi. Beləliklə, texnologiya transferi proqramı çərçivəsində, kosmos texnologiyaları üzrə təhsil almış Türksat mühəndislərinin töhfəsilə ən yüksək lokalizasiya dərəcəsi ilə Türksat 6A-nı istehsal etdik".

Mövcud peyklərin artıqlığını təmin edəcək Türksat 6A-nın Türkiyənin peyk tutumunu əhəmiyyətli dərəcədə artıracağını qeyd edən A.Uraloğlu, 35 min 786 kilometr məsafədə yerləşdirilməsi planlaşdırılan Türksat 6A-nın, 7,5 kilovat gücündə olduğunu açıqlayıb. Nazir deyib: "Türksat 6A peyki geostasionar rabitə peykidir. Ölkəmizin geniş əhatə dairəsi və rabitə xidmətləri, xüsusən də televiziya yayımı sahəsində peyk rabitəsi ehtiyaclarını ödəyə biləcək. Bundan əlavə, mövcud peyklərin xidmət göstərmədiyi Hindistan, Tailand, Malayziya və İndoneziya da əhatə olunacaq. Türksat 6A ilə Türkiyənin peyklərinin çatdığı əhali 3,5 milyarddan 5 milyarda yüksələcək. Türksat 6A-nın xidmətə girməsi ilə Türksatın bölgəyə peyk xidməti ixracı əhəmiyyətli dərəcədə artacaq''.

Qeyd edək ki, layihə çərçivəsində ''TÜBİTAK Kosmos'' Türksat 6A-nın peyk idarəetmə, orbital istiqamətləndirməyə nəzarət, güc, elektrik mühərrik alt sistemlərini, interfeys idarəetmə bloklarını və rabitə yükünü istehsal edib. ''C2TECH'' şirkəti, telemetriya/siqnal vericisindən telekomanda qəbuledicisinə, istiqamətsiz qəbuledici antennadan qəbuledici test adapterinə qədər bütün telemetriya telekommand və məsafə ölçmə alt sistemlərini yerli və milli səviyyədə istehsal edib. ''ASELSAN'' isə Türksat 6A-nın Türkiyə antenası, qəbuledicisi, INET və Faydalı Yük İnterfeysi vahidi istehsal edərək bu mərhələyə çatmasını təmin edib. Struktur və istilik sistemlərinin layihələndirilməsindən məsul olan "TUSAŞ'', peykin konstruksiya panellərini və akkumulyator panelini istehsal edərək peykə quraşdırıb. İlk dəfə Ar-Ge yolu ilə istehsal edilən bu məhsullar sayəsində Türkiyə hazırda dünyanın aparıcı rabitə peyki istehsalçılarından birinə çevrilib. Kosmos təcrübəsi təmin edəcək bu məhsullar sayəsində Türkiyə həm bu hissələri, həm də rabitə peykini başdan sona ixrac edə biləcək bir vəziyyətə gəlib.

Xatırladaq ki, Türksat 6A peyki ilə Türkiyə dünyada öz rabitə peykini istehsal edə bilən 10 ölkə arasında yer alır.

Esmira Yazkan ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.