Türk dövlətlərinin Özbəkistan görüşü
Türk dünyası

Türk dövlətlərinin Özbəkistan görüşü

Türk Dövlətləri Təşkilatı (TDT) və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan müqavilə ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş beynəlxalq təşkilatdır. Təşkilat Qarabağ münaqişəsi də daxil olmaqla bir çox əhəmiyyətli məsələlərə öz mövqeyini açıq formada bildirib. Təşkilatın fəaliyyətində əsas istiqamətlər regionda və dünyada sülhün bərqərar edilməsi yönündə birgə səylərin gücləndirilməsi, tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılmasıdır.

TDT-nin öz vəzifələrini yerinə yetirə, qarşıya qoyulan məqsədlərə nail ola bilməsi üçün xüsusi struktur formalaşdırılıb. Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Yüksək Vəzifəli Şəxslər Komitəsi, Ağsaqqallar Şurası və katibliyi buraya daxildir. Bununla yanaşı, TDT-nin Dövlət Başçıları Şurasının iclasına (Zirvə Görüşü) evsahibliyi edən üzv ölkə növbəti zirvəyə qədər TDT-yə sədrlik edir.

11 noyabr 2022-ci il tarixində Özbəkistanın Səmərqənd şəhərində "Türk sivilizasiyasının yeni dövrü: ortaq inkişaf və tərəqqiyə doğru" mövzusunda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının 9-cu Zirvə görüşü keçirilib. Zirvə görüşündə ölkə başçımızla birgə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Qazaxıstan, Qırğızıstan, Türkiyə prezidentləri, Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistanın sabiq Prezidenti, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və TDT-nin Baş katibi Bağdad Amreyev iştirak edib. Zirvə görüşü zamanı təşkilata sədrlik Türkiyədən Özbəkistana təhvil verilib. Görüşdə əlaqələrin daha da inkişaf etdirilməsi və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, türk dövlətləri arasında ticarət əlaqələrinin asanlaşdırılmasının vacibliyi müzakirə edilib.

Prezident İlham Əliyevin Zirvə görüşü üçün Özbəkistana getməsi, həmin il üçün dost ölkəyə 3-cü səfəri sayılırdı. Ölkə başçımız Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Prezident Şavkat Mirziyoyevə minnətdarlığını bildirib. Həmçinin TDT-yə üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Prezident İlham Əliyev bir çox mühüm məqamlardan söhbət açıb. Qeyd edib ki, türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalı və bu istiqamətdə lazımi addımlar atılmalıdır. Xüsusi vurğulamaq lazımdır ki, həmin görüş Vətən müharibəsində qalib gəlməyimizin ikinci ilinə təsadüf edirdi. Ölkə başçımız işğaldan azad edilən bölgələrdə görülən işlər, Ermənistan tərəfinin hiyləgər mina siyasəti və sair məsələlər haqqında məlumat verib. Daha sonra türk dövlətlərinin başçılarını Qarabağa və Şərqi Zəngəzura dəvət edərək bildirib: "Fürsətdən istifadə edərək, mən işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəbə və Qazaxıstan tərəfindən inşa olunacaq yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığımı bildirirəm. Bunlar Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın təzahürüdür".

Qeyd edək ki, Zirvə görüşündə TDT-nin 2022-2026-cı illər üçün Strategiyasına dair qərarlar, TDT-nin ticarətin asanlaşdırılması strategiyası, sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında saziş, eləcə də beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında saziş, nəqliyyat əlaqələri proqramı, Səmərqənd Bəyannaməsi kimi bir sıra mühüm sənədlər imzalandı. Bundan başqa, TDT-də Şimali Kipr Türk Respublikasına (KKTC) müşahidəçi statusu verildi. Zirvə görüşündə digər mühüm məqam isə Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı qərarın qəbul edilməsi oldu. Sammitdə TDT-nin Baş katibi və Baş katibin müavinləri, Beynəlxalq Türk Akademiyasının prezidenti və vitse-prezidentinin təyin edilməsi haqqında qərar təsdiqləndi. Kubanıçbek Omuraliyev dövlət başçıları tərəfindən növbəti müddətə TDT-nin yeni Baş katibi təyin edildi.

Görüşdən sonra keçirilən mükafatlandırma mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov "Türk dünyasının ali ordeni" ilə təltif edildi.

Röya RÜSTƏMLİ,

"Respublika".