Azərbaycanda neftin sənaye üsulu ilə istehsalı
Tarix

Azərbaycanda neftin sənaye üsulu ilə istehsalı

178 il əvvəl, 1846-cı ildə Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə ilk neft quyusu qazıldı.

XX əsrə qədər Azərbaycan dünya neftinin 50 faizini təmin edirdi. Bakı neftinin şöhrəti ölkə sərhədlərindən kənara da yayılmışdı. Uzun illər sonra, 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə imzalanan “Əsrin müqaviləsi” respublikanın müstəqilliyinin möhkəmləndirilməsi ilə yanaşı, həm də Azərbaycanın öz neftinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi.

Dünyada sənaye üsulu ilə ilk neft quyusunun Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatında qazıldığı iddia edilsə də, Azərbaycan belə bir quyunun öz ərazisində qazıldığını bildirir. Bəzi mütəxəssislər iddia edir ki, Azərbaycanda bu tipli quyu Amerika Birləşmiş Ştatlarından düz 13 il əvvəl qazılıb. Bunu tarixi mənbələr, eləcə də Rusiyanın Mərkəzi Dövlət Tarix Arxivindən tapılmış sənədlər bir daha təsdiq edir. Zaqafqaziya Vilayəti Baş İdarəsinin Şura üzvü, dövlət müşaviri Vasili Semyonov bu vilayətin baş komandanı general Aleksandr Neydqarta yazdığı 1844-cü il 22 dekabr tarixli məktubda Abşeron yarımadasındakı neft mədənlərini ətraflı təsvir edir, hasilatın artırılması üçün konkret texniki və təşkilati təkliflər verir. Məktuba müsbət rəy verildikdən sonra 1845-ci ilin aprelində maliyyə naziri Fyodor Vronçenkonun göstərişi ilə Kaspi Xəzinə Palatası tərəfindən qazma işlərinə min gümüş sikkə ayrılır və Bibiheybət rayonunda kəşfiyyat quyusunun qazılması haqqında tapşırıq verilir. 1846-cı ilin yanvarında Bakı neft və duz mədənlərinin direktoru, dağ mühəndisləri korpusunun podpolkovniki Nikolay Voskoboynikovun rəhbərliyi ilə Bibiheybət yatağında iki quyunun qazılmasına başlanılır. Quyulardan biri 21 metr dərinlikdən neft verir və bununla da dünyada sənaye üsulu ilə neft hasilatının əsası qoyulur. 1847-ci il 8-14 iyul tarixlərində Qafqaz canişini knyaz Mixail Vorontsovun imzaladığı hesabatlarda da dünyada ilk neft quyusunun Xəzər dənizinin sahilində qazılması faktı təsdiq olunur. Həmin ildən etibarən Azərbaycan neft sənayesinin inkişafı başlanır.

Neftçıxarma işində əldə olunmuş inqilabi yeniliklər XIX əsrin 50-ci illərində Abşeronda hasilatın yüksəlməsinə, emal sənayesinin yaranmasına böyük təkan verib. Mexaniki üsulla quyu qazılması texnika və texnologiyasının inkişafı sayəsində Bakıda bir sıra yeni neft yataqları istismara verilib, quyular qazılıb, hasilat artırılıb, neft sənayesi infrastrukturu inkişaf etdirilib. 1899-1901-ci illərdə 11,5 milyon ton neft hasil edən Bakı neft sənayesi dünyada birinci yeri tuturdu. 1859-cu ildə sənaye üsulu ilə neft quyularının qazılmasına başlanılmış Amerika Birləşmiş Ştatlarında isə bu göstərici 9,1 milyon ton təşkil edirdi. Azərbaycanı ilk sıraya çıxaran bu quyu 2017-ci ildə tam bərpa olunub. Bərpadan sonrakı vəziyyətlə isə dövlət başçısı cənab İlham Əliyev tanış olub.

XIX əsrdə ilk tanker də Azərbaycanda inşa olunub. İlk neft kəməri, neft emalı, neftayırma zavodu, həmçinin dənizdə ilk neftçıxarma proseslərinə də Azərbaycanda başlanılıb. 1859-cu ildə Bakıda ilk neftayırma zavodu (qurğusu) tikilib. 1863-cü ildə Cavad Məlikov Bakıda kerosin zavodu inşa etdirib və dünyada ilk dəfə neftayırma prosesində soyuduculardan istifadə olunub. 1867-ci ildə 15 neftayırma qurğusu fəaliyyət göstərib.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, zaman keçdikcə, bu sahədə böyük təcrübə topladı və neft sahəsində dünyanın aparıcı ölkələrindən birinə çevrildi. Hazırda Azərbaycan neft sənayesindəki peşəkarlığına və biliklərinə görə dünyada nümunə olaraq göstərilən ölkədir.

Musa BAĞIRLI,

"Respublika".