Dövlətin və onun vətəndaşlarının qulluğunda durmaq şərəfli bir işdir
Digər xəbərlər

Dövlətin və onun vətəndaşlarının qulluğunda durmaq şərəfli bir işdir

Azərbaycanın əldə etdiyi uğurların əsas təminatı insan kapitalıdır, yüksək peşə vərdişlərinə və əqli potensiala malik gənclər ordusudur. Çünki gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir qüvvədir. Prezident İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük meydan verilməsinin tərəfdarı olmuş və ölkəmizdə bu mühit yaradılmışdır. Bu gün Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir. Gənclərimiz də bu imkanlardan yararlanır, cəmiyyətin inkişaf prosesinin avanqardına çevrilirlər.

Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil hazırlamaqdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə mühüm islahatlar həyata keçirilir.

Respublikamızda ilk dəfə olaraq ümummilli lider Heydər Əliyev tərəfindən 21 iyul 2000-ci il tarixdə "Dövlət qulluğu haqqında" Qanunla dövlət qulluğunun səmərəliliyinin artırılması, dövlət aparatının təkmilləşdirilməsi, dövlət qulluqçularının hüquqi statusunun müəyyən edilməsi, onların sosial müdafiəsinin və eyni zamanda məsuliyyət hissinin artırılması təsis edilmişdir. Bu qanunun qəbul edilməsi ilə ölkədə dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuşdur.

Dövlət qulluğu haqqında qəbul edilmiş bu qanun dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və onların hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da dövlət qulluğu irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak və qulluq vəziyyətindən, yaşayış yerindən, əqidəsindən asılı olmayaraq, müvafiq vəzifələrin tələblərinə uyğun peşə hazırlığına malik olan ölkə vətəndaşları hesabına formalaşır. Dövlət qulluğunun başlıca funksiyası, onun mahiyyəti - dövlətə qulluq etmək, dövlət və cəmiyyət, dövlət və onun vətəndaşları arasında dayanıqlı əlaqəni yaratmaq, öz fəaliyyətində əməli surətdə demokratik prinsipləri realizə etmək, vətəndaş cəmiyyətinin genişləndirilməsinə şərait yaratmaqdır.

Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev müasir dövlət qulluğu sisteminin uğurla inkişafını da diqqət mərkəzində saxlayır. Bu sahədə mühüm addımlardan biri kadr islahatlarıdır.

İdarəçilik sisteminin müasir dövrün tələblərinə uyğunlaşdırılması, səmərəli kadr hazırlığı və rəqabətli mühitin yaradılması Prezident İlham Əliyevin qarşıya qoyduğu prioritet vəzifələrdən biridir.

Dövlət qulluğu sahəsində kadr təyinatı 2017-ci ilin dekabr ayından etibarən dövlət qulluğu test imtahanı nəticəsində uğur əldə edənlərə 5 illik sertifikat verilməsi, elanlarda müsahibə proqramlarının, müsahibədə iştirak edən namizədlərin nəticələrinin elektron portalda yerləşdirilməsi şəffaflıq prinsiplərinin daha da artırıldığının bariz nümunəsidir. Hər bir gənc fərdi qaydada özünü idarəçi kimi yetişdirməli, daim təşəbbüskarlıq göstərməli, özünütənqidi də bacarmalıdır. Dövlətimiz şərait yaratdı ki, hər bir gənc lap erkən yaşlarından özünəinamlı olsun, özünə güvənsin, şəxsiyyət kimi yetişsin, problemlərin həlli yollarını özü düşünüb tapsın, kimsədən asılı olmasın.

Dövlət qulluqçusu olmaq şərəfli bir işdir. Dövlətin və onun vətəndaşlarının qulluğunda durmaq, öz vəzifə və səlahiyyətlərini qanunvericiliyə uyğunlaşdırmaq, gördüyü işi ilə vətəndaşın dövlətə və dövlət qulluğuna inam və güvəncini artırmaq, davranışı və əməlləri ilə yetişən nəslə örnək olmaq mənəvi cəhətdən hər bir insanı zənginləşdirir.

Məmməd ABBASOV,

Şəki Şəhəri Maliyyə Şöbəsinin rəisi,

YAP üzvü.