Azərbaycan badmintonçuları Serbiyada dörd medal qazanıblar
İdman

Azərbaycan badmintonçuları Serbiyada dörd medal qazanıblar

Azərbaycanın yeniyetmə badmintonçuları Serbiyanın Novı Sad şəhərində keçirilən “Serbian Youth International 2024” turnirində 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.

Azərbaycan Badminton Federasiyasından "Respublika"ya verilən məlumata görə, 9 yaşadək bamdintonçu qızların şəxsi yarışında qrup mərhələsini 2 qələbə ilə başa vuran Mələk Təhməzli uğurlu seriyanın davamını yarımfinalda da gətirib. Həlledici görüşdə 3 setin yekununda Kipr badmintonçusuna qalib gələn Mələk Təhməzli turnirin qızıl medalını qazanıb.

Ömər Teymurlu isə 13 yaşadək oğlan bamdintonçuların şəxsi mübarizəsində finala kimi irəliləyib. Bu kateqoriyada 4 qələbə qazanan Ömər finalda macar rəqibinə uduzaraq gümüş medala yiyələnib.

13 yaşadək oğlan badmintonçuların qoşa yarışında da gümüş medal Azərbaycan təmsilçilərinin hesabına yazılıb. Mübarizəyə səkkizdəbir finaldan başlayan Ömər Mehdi-Ömər Teymurlu tandemi ardıcıl 3 qələbə sayəsində finala yüksəlib. Bamdintonçularımız qızıl medalın bir addımlığında Macarıstan badmintonçularına uduzaraq bu kateqoriya üzrə yekun sıralamada ikinci sırada qərarlaşıb.

İsmayıl Qarayev və Həsən Məmmədov isə 11 yaşadək oğlan badmintonçuların qoşa yarışında bürünc medal qazanıb.