Yeni amfibiya gəmisinin dizayn işlərinə başlanıb
Türk dünyası

Yeni amfibiya gəmisinin dizayn işlərinə başlanıb

Türkiyənin ilk milli dəniz döyüş platforması olan MİLGEM layihəsi 1997-ci ildə qurulan DPO MİLGEM layihəsi çərçivəsində dizayn və inteqrasiya fəaliyyətlərini həyata keçirir.

2015-ci ilin sentyabr ayından "İstanbul" Gəmiqayırma Komandanlığının yeni binasında fəaliyyət göstərən DPO hərbi gəmilərin dizayn standartlarını yaradan, gəmilərin gövdələrini, elektrik və döyüş sistemlərinin dizaynlarını həyata keçirən Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) Komandanlığının ekspert qurumudur.

MİLGEM layihəsi çərçivəsində "İstanbul" Gəmiqayırma Zavodu Komandanlığında inşa edilən "Ada" sinfinə məxsus TCG "Heybeliada", TCG "Büyükada", TCG "Burgazada" və TCG "Kınalıada" korvetlərinin dizayn və inteqrasiya fəaliyyətləri DPO tərəfindən həyata keçirilərkən, sözügedən gəmilər 2011-2019-cu illərdə Türkiyə HDQ Komandanlığının inventarına daxil olub.

"Ada" sinfinə məxsus korvetlərin Türkiyə HDQ Komandanlığına təhvil verilməsindən sonra daha üstün hərəkət və manevr funksiyalarına sahib olan freqat dizaynı hədəfiylə DPO-da MİLGEM layihəsi qəbul edilib və "İstif" Sinfinə Məxsus Freqat Layihəsinin dizayn fəaliyyətlərinə başlanılıb. "İstif" Sinfinə Məxsus Freqat Layihəsinin ilk gəmisi TCG "İstanbul" freqatı "İstanbul" Gəmiqayırma Zavodu Komandanlığında inşa edilib.

2024-cü il yanvarın 19-da xidmətə başlayan və 80 faiz yerlilik dərəcəsi ilə inşa edilən TCG "İstanbul"un dizaynı 100 faiz yerlidir. "Ada" sinfinə məxsus korvetlərdən daha fərqli, daha yüksək subasımı qabiliyyətinə malik olan, 113 metr uzunluqda və 14,4 metr endə olan TCG "İstanbul" 14 düyün (26 km/saat) sürətlə təxminən 12 min kilometr mənzilə sahibdir.

GENESIS ADVENT döyüş idarəetmə sistemi və ASELSAN tərəfindən istehsal olunan CENK AESA 3D Axtarış Radarı ilə təchiz edilən gəmi, 1 ədəd 76 mm-lik baş topu, 1 ədəd 35 mm-lik ASELSAN "Gökdeniz" yaxın hava hücumundan müdafiə sistemi (CIWS), 2 ədəd 25 mm-lik ASELSAN STOP uzaqdan idarə olunan silah sistemi, 16 ədəd ROKETSAN istehsalı olan 220+ kilometr mənzilə malik "Atmaca" gəmi əleyhinə raketi və 16 borulu MİDLAS şaquli buraxılış sistemi (VLS) ilə silahlandırılıb.

DPO tərəfindən həyata keçirilən digər bir layihə isə 2019-cu il yanvarın 14-də Türkiyə HDQ Komandanlığı tərəfindən verilən təlimata uyğun olaraq dizaynı başlayan TF 2000 Hava Hücumundan Müdafiə Döyüş Esminesi Layihəsidir. Ölkənin Hava Hücumundan Müdafiəsinin (HHM) dənizdən başlayaraq mərhələli şəkildə qarşılanması, üstün hücum və HHM qabiliyyətinə sahib üzən platforma ehtiyacının ödənilməsi məqsədilə milli imkanlarla inkişaf etdirilən layihənin dizayn işləri davam edir.

DPO-da aparılan işlərə uyğun olaraq TF-2000 dizaynı ilə yerlilik və millilik nisbətinin 85 faizə çatdırılması hədəflənir. Milli olaraq dizayn edilmiş çoxfunksiyalı və uzunmənzilli radarlardan ibarət ÇAFRAD çoxməqsədli radar sistemi və 96 borulu Milli Şaquli Buraxılış Sisteminə sahib olacaq TF 2000 Hava Hücumundan Müdafiə Döyüş Esminesi gövdəyə quraşdırılmış sonar sistemi və aşağı tezlikli aktiv sonar sistemi ilə sualtı qayıqlara qarşı döyüş qabiliyyətinə də sahib olacaq.

Türkiyə HDQ Komandanlığının çəkindirmə, güc ötürmə qabiliyyətini artırmaq və ölkənin müdafiəsini daha təsirli hala gətirmək məqsədilə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə başladılan Milli Aviadaşıyıcı Gəmi Layihəsinin konsepsiya dizayn fəaliyyətləri DPO tərəfindən həyata keçirilir.

Prezident Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin noyabrında Türkiyə HDQ üçün yeni nəsil aviadaşıyıcı gəmi inşa ediləcəyini açıqlayıb: "TCG" Anadolu"nun böyük qardaşı olacaq yeni nəsil aviadaşıyıcı gəmini inşa etmək üçün qollarımızı çırmaladıq". Ötən aylarda isə R.T.Ərdoğanın sədrliyi ilə keçirilən Müdafiə Sənayesi İcraiyyə Komitəsinin iclasında artıq aviadaşıyıcı gəminin dizayn mərhələsinə başlanılması ilə bağlı qərarın verildiyi açıqlanıb.

Beləliklə, Türkiyə HDQ Komandanlığının inventarında yer alan İspaniya HDQ-yə bağlı "Juan Carlos I" gəmisi model kimi qəbul olunaraq dizayn edilən, TCG "Anadolu"dan daha böyük olması hədəflənən Milli Aviadaşıyıcı Gəmisinin, 285 metr uzunluğa, 72 metr enə və 60 min ton subasımı qabiliyyətinə sahib olması nəzərdə tutulub. Konsepsiya dizayn mərhələsində olan gəmiyə yerli və milli pilotlu və pilotsuz uçuş aparatlarının yerləşdiriləcək. Bu məqsədlə aviasiya sənayesinin aparıcı şirkətləri olan "Baykar" və TUSAŞ ilə araşdırmalar aparılır.

Texniki-iqtisadi əsaslandırması aparılan yeni milli aviadaşıyıcı gəmi üçün Türkiyə HDQ-nin müxtəlif bölmələrinin ekspert heyətinin iştirakı ilə DPO tərkibində 110 nəfərdən ibarət Aviadaşıyıcı Gəmi İşçi Qrupu yaradılıb. İşçi Qrup öz təcrübə sahələrinə uyğun olaraq alt qruplara bölünərək, konseptual dizayna başlayıb.

Mövcud texnoloji nailiyyətlər nəzərə alınaraq, gəmidən qalxa və gəmiyə enə bilən hava vasitələrinin və uçuş-enmə zolağının müəyyən edilməsi istiqamətində tədqiqatlar aparılır.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin Türkiyə üzrə müxbiri.