Türk dünyası

"Bir millət, iki dövlət" mövzusunda sərgi

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə İstanbulda azərbaycanlı sənətçilərin əsərlərindən ibarət "Bir millət, iki dövlət" mövzusunda sərgi açılıb. Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) müəllim-professor heyətinin əl işləri nümayiş etdirilib.

İstanbulun "Artfactory" sənət qalereyasında təşkil olunan sərgi Azərbaycanın mədəniyyət, eləcə də elm və təhsil nazirlikləri, ölkəmizin İstanbuldakı Baş konsulluğu, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) və digər qurumların dəstəyi ilə baş tutub.

Tədbirin açılış mərasimində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səhlab Məmmədov burada sərgidə heykəl, dekorativ sənət, rəsm kimi fərqli mövzularda 57 əsərin nümayiş etdirildiyini bildirib.

Həmçinin Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafı və təbliği istiqamətində gördüyü böyük işlərdən də danışıb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Böyük sənət hamisi" filminin təqdimatı keçirilib. Film Azərbaycan Diasporuna Dəstək Fondunun köməkliyi ilə çəkilib.

Ekran əsərinin layihə rəhbəri, heykəltaraş Namiq Hüseynov Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövrünü əhatə edən filmdə nadir foto və video arxivlərindən istifadə olunduğunu bildirib. "Böyük sənət hamisi" filmi Azərbaycan və ingilis dillərində hazırlanıb, hazırda alman dilinə tərcümə olunur. Film Bakıdakı təqdimatdan sonra yaxın günlərdə ABŞ-da da nümayiş etdirilib".

Qeyd edək ki, sərgi gələn il fevral ayının 17-dək davam edəcək.

Esmira Yazkan ASLANOVA,

"Respublika" qəzetinin Türkiyə üzrə müxbiri.