İki qitənin – Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan iqlim dəyişmələri ilə mübarizə və onun fəsadlarının aradan qaldırılması üçün qlobal səylərdə mühüm rola malikdir. Bütün ölkələr kimi, Azərbaycan da iqlim dəyişikliyinin yaratdığı ciddi problemlərlə üzləşir. Bununla belə, ölkəmiz qlobal iqlim həllərinə, unikal imkanlara və potensial töhfələrə də malikdir. Məhz bu il COP29-a ev sahibliyi edəcək və bu baxımdan, 2024-cü ili öz təqviminə "Yaşıl dünya naminə həmrəylik ili" olaraq həkk edən Azərbaycan dünyanın üzləşdiyi bu təhlükənin qarşısının alınmasında öncül sıralarda yer alır.
Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a hazırlıq məqsədilə iyunun 19-da Bakıda işə başlayan "COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək" mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı ölkənin iqlim dəyişmələrinin həllinə töhfələr vermək istəyini bir daha sübut edir. Bakıda başlayıb Zəngilanda yekunlaşan toplantı 3 gün ərzində bir çox mötəbər panel iclaslarına və çıxışlara şahidlik etdi. Toplantı iyunun 19-da cənab İlham Əliyevin iştirakçılara ünvanladığı müraciətin Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən oxunması ilə öz işinə başlayıb. Ötən gün yekunlaşan toplantıda bir çox nüfuzlu şəxs, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin, COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, BMT Baş Assambleyasının 73-cü Sessiyasının prezidenti, Ekvadorun sabiq xarici işlər və müdafiə naziri Maria Fernanda Espinoza, CGIAR şirkətinin icraçı direktoru, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının sabiq baş elmi işçisi İsmahane Elouafi, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos, İclasın moderatoru - Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı, Sloveniyanın sabiq baş naziri Borut Pahor, Maltanın sabiq Baş naziri Cozef Muskat, həmçinin COP29-un Təşkilat Komitəsinin bəzi üzvləri və tədbirə videoformatda qoşulan digər qonaqlar Azərbaycanın iqlim dəyişmələri üzrə beynəlxalq konfransa uğurlu ev sahibliyi edəcəyinə inandıqlarını bildiriblər.
Azərbaycan qlobal iqlim böhranının həllinə sadiqliyini nümayiş etdirərək COP29-a hazırlıq prosesində mühüm nailiyyətlər əldə edir. Ölkəmizin fəal yanaşması onun ekoloji davamlılığa və beynəlxalq əməkdaşlığa sadiqliyini bir sıra tədbirlər, panel iclasları və təşəbbüslər vasitəsilə aydın ifadə edir.
COP29-a qədər Azərbaycanda iqlim dəyişmələri ilə bağlı məlumatlılığın artırılması və dialoqun təşviqinə yönəlmiş çoxsaylı tədbirlər keçirilib. Bu tədbirlər istixana qazı emissiyalarının azaldılması və bərpaolunan enerji mənbələrinin təşviqi, innovativ həllər və strategiyaları müzakirə etmək üçün hökumət rəsmilərini, sənaye ekspertlərini və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirib. Əsas diqqət bilik və ən yaxşı təcrübələrin mübadiləsinə, bütün maraqlı tərəflərin iqlim dəyişmələrinə qarşı qlobal səylərə töhfə verməyə yönəlib.
COP29-a qədər keçirilən panel iclaslar Azərbaycanın hazırlıq prosesində həlledici rol oynadığını göstərir. Bu görüşlər iqlimin maliyyələşdirilməsi, uyğunlaşma və təsirlərin azaldılması strategiyaları və müxtəlif sektorlar üzrə davamlı təcrübələrin inteqrasiyası kimi əsas məsələlər üzrə dərin müzakirələr üçün etibarlı platforma təmin edir. Məhz iqlim konfransına hazırlıq mərhələsində xarici dəstəyin güclü olması Azərbaycanın öz milli siyasətini qlobal standartlara və öhdəliklərə uyğunlaşdıra bilməsi və beynəlxalq ictimaiyyətin fəal üzvü kimi öz rolunu gücləndirməsi ilə əlaqəlidir.
Azərbaycanın iqlim dəyişmələrinin həllində fəal iştirakı onun dünya miqyasında nüfuzunu yüksəltmək istəyini bir daha əks etdirir. İqlim dəyişmələri ilə mübarizəyə sadiqliyini nümayiş etdirməklə ölkəmiz COP29-da əhəmiyyətli nəticələr əldə etməyi, o cümlədən iqlimlə bağlı fəaliyyət planlarına beynəlxalq dəstəyin təmin edilməsini və effektiv qlobal siyasətin formalaşdırılmasına töhfə verməyi hədəfləyir.
COP29-a hərtərəfli hazırlıq Azərbaycanın iqlim böhranını həll etmək əzminin bariz göstəricisidir. İndiyədək həyata keçirilən tədbirlər, panel iclasları və təşəbbüslər ölkəmizin gərgin səylərinin və strateji planlaşdırmasının sübutudur. Bununla Azərbaycan beynəlxalq nüfuzunu daha da yüksəltməyə və dövrümüzün ən aktual problemlərindən birinin həllinə əsaslı töhfələr verməyə hazır olduğunu əyani şəkildə göstərir.
Tacir SADIQOV,
"Respublika".